SDU-da “Gələcək mühəndislər” təlim proqramına start verilib

497

İyunun 6-da Sumqayıt Dövlət Universitetində sənaye – universitet əməkdaşlığı çərçivəsində “Sabahın gücü” inkişaf proqramının təcrübəçiləri üçün nəzərdə tutulmuş “Gələcək mühəndislər” təlim proqramının açılış mərasimi keçirildi.
Tədbirdə SDU-nun rektoru dosent Rüfət Əzizov çıxış edərək universitet ilə sənaye müəssisələrinin birgə Fəaliyyət Planına uyğun olaraq gerçəkləşən “Gələcək mühəndislər” təlim proqramının əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, SDU sənaye müəssisələri ilə birgə tələbələr üçün təcrübə proqramları, müxtəlif təlimlər, konfrans və tələbə düşərgələri təşkil edir ki, bu da universitetin sənaye müəssisələri ilə qarşılıqlı əlaqəsi üçün şərait yaradır və tələbələrin yüksək texnoloji, innovativ bilik və vərdişlərə marağını artırır.
Rektor SDU-nun STP Şirkətlər Qrupu ilə sıx əməkdaşlığından söz açaraq, Şirkətin həyata keçirdiyi “Sabahın gücü” – gənc mühəndislərin yetişdirilməsi və “Zərif mühəndislər” – xanımların inkişafı layihələrinin cəmiyyətə verdiyi töhfələrdən, hər iki layihədə SDU tələbələrinin yer almasından danışdı, iki müəssisə arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyini diqqətə çatdırdı.
Sonra Rüfət Əzizov təlim proqramının məqsədi və əhatə etdiyi mövzular haqqında təqdimatla çıxış etdi.
Tədbirdə STP Şirkətlər Qrupunun Baş insan resursları inzibatçısı Şölə Əliyeva çıxış edərək gənclərin inkişafı istiqamətində Qrupun vizyonu və həyata keçirdiyi layihələrlə bağlı tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, son illərdə yüzlərlə gənc STP Şirkətlər Qrupu tərəfindən təşkil edilən ödənişli təcrübə proqramlarından yararlanıb və öz karyeralarında ilk addımlarını atıblar. Layihənin uğurlu nəticəsinin davamı olaraq 2024-cü ilin ikinci yarısında proqrama mühəndislik və sənayedə unikal texniki sahələr üzrə ixtisaslaşmış əlavə 200 nəfər istedadlı gəncin cəlb olunması nəzərdə tutulub. Bununla əsas missiyamız yalnız STP şirkətləri üçün keyfiyyətli kadrlar hazırlamaq deyil, ümumilikdə ölkənin əmək bazarına müasir tələblərə cavab verən insan resursları yetişdirməklə töhfə verməkdir.
Şölə Əliyeva İnkişaf Proqramında iştirak edən təcrübəçilərin texniki biliklərinin artırılmasına dair SDU ilə həyata keçirilən təlim proqramının verəcəyi töhfəni vurğulayaraq qeyd etdi ki, STP Şirkətlər Qrupunun əksər sənaye müəssisələri Sumqayıt və ona yaxın ərazilərdə yerləşdiyi üçün bu universitetin tələbələrinin gələcək məşğulluğu prizmasından da müvafiq layihənin əhəmiyyəti böyükdür.
Həmçinin diqqətə çatdırdı ki, bu proqram universitetin axırıncı kurs tələbələri üçün nəzərdə tutulur. Yeni proqram çərçivəsində mühəndislik üzrə təhsil alan tələbələr geniş bacarıq və təcrübə əldə edəcəklər. Gələcək kadrların hazırlanması istiqamətində təşkil olunan proqram və layihələr gənclərimiz üçün faydalı olacaq, onları daha da böyük uğurlara aparacaq.
Tədbirdə universitet-sənaye müəssisələri ilə ortaq elmi, təcrübi və tədqiqat predmetlərinin aktuallığından danışıldı, şirkət üçün ixtisaslı kadrların hazırlanması məqsədilə xüsusi proqramların həyata keçirilməsinin nəzərdə tutulduğu qeyd edildi.
Görüşdə Sumqayıt Dövlət Universitetinin məzunu, STP Şirkətlər Qrupunun əməkdaşı Seymur Talıbov çıxış edərək Şirkətin həyata keçirdiyi “Sabahın Gücü” İnkişaf Proqramı çərçivəsində reallaşan layihələrin önəmindən və bu kimi layihələrin tələbələrin gələcək karyeralarına göstərdiyi böyük təsirdən danışdı və təcrübəçilərə uğurlar arzuladı.
Çıxışlardan sonra STP Şirkətlər Qrupunun tanıtım vi̇deoçarxı nümayiş olundu.
Görüşdən sonra iştirakçılar açıq səma altında elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonunda oldular.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər