SDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş

564
Oktyabrın 9-da  Sumqayıt Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayev nümayəndə heyəti ilə növbəti dəfə əyani formada ödənişli təhsil alan birinci kurs tələbələri ilə görüş keçirdi.
Görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və universitet ilə daha sıx əməkdaşlıq etmək idi.
Tədbiri giriş sözü ilə universitetin rektoru Rüfət Əzizov açaraq qonaqları və iştirakçıları salamladı, görüşün əhəmiyyətindən danışdı, dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs etdi.
Bildirdi ki, hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır.
Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir.
Bu istiqamətdə Prezident cənab  İlham Əliyevin  yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir.
Hazırda tətbiq olunan yeni layihələr, proqramlar da tələbələrin təhsil zamanı daha uğurlu nəticə əldə etmələrinə və təhsil prosesində onlara dəstək göstərilməsinə xidmət edir.
Bu istiqamətdə Təhsil Tələbə Krediti Fondunun rolu böyükdür. Beləki, fond əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərinin təhsilə əlçatanlığını təmin edir, təhsil almaqda bərabər imkanlar yaradır.
Rektor çıxışının sonunda təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrlə görüşlər təşkil etməyin vacibliyini qeyd etdi və tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün bir sıra təkliflər səsləndirdi.
Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri Araz Paşayev  çıxış edərək rəhbərlik  etdiyi fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirdi. Bildirdi ki, fondun yaradılması tələbələrin ali təhsilə əlçatanlığını artırır, yeni imkanlar yaradır, dövlətin gəncliyə və təhsilə qayğısından xəbər verir.
Sonda təhsil kreditlərinin verilməsi ilə bağlı irəli sürülən təkliflər üzrə müzakirələr aparıldı, tələbələrin çoxsaylı sualları fondun sədri Araz Paşayev  tərəfindən cavablandırıldı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər