SDU-nun professorunun məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

634

Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyevin məqaləsi Scopus Q1 platformasında

COP29 kontekstində yaşıl iqtisadiyyatın formalaşdırılması və yaşıl enerji infrastrukturunun genişləndirilməsi qlobal əhəmiyyət kəsb edir. Beynəlxalq müstəvidə, dünyanın müxtəlif ölkələrində bu istiqamətdə elmi tədqiqatların genişləndirilməsi bir zərurət kimi yaranmışdır. Azərbaycan regionun lider və güclü dövləti kimi beynəlxalq səviyyədə yaşıl enerji təşəbbüsləri ilə çıxış etməkdədir. Digər tərəfdən, ölkəmizdə bu istiqamətdə layihələr reallaşdırılmaqdadır. Artıq Qaradağ rayonunda günəş enerjisindən istifadə edilməsi üzrə istehsal infrastrukturu yaradılmışdır. İşğaldan azad olunmuş ərazilər yaşıl enerji zonası elan edilmişdir. Cəbrayıl rayonunda BP şirkətinin investisiyası hesabına günəş enerjisi istehsal edəcək müəssisə tikilir. Xızıda isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən külək enerjisinin alınması layihəsi reallaşdırılır. Bütün bunlar dünya təcrübəsindən irəli gəlir və bu istiqamətlərdə elmi-tədqiqatların dərinləşdirilməsi vacibdir.

Bu qeyd edilənlər baxımından, Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Şəfa Əliyevin bir qrup tədqiqatçı alimlərlə birlikdə Scopus-Q1 (Scopus Quartiles Q1) Beynəlxalq indeksləşən elmi platformasında nüfuzlu “International Journal of Energy Economics and Policy” (United Arab Emirates) jurnalının 2024-cü il 14(5) saylı nömrəsində elmi məqaləsi dərc olunmuşdur.

“Bərpa oluna bilən enerjidən istifadənin iqtisadi artıma təsirləri: İslandiya və Azərbaycanda müqayisəli qiymətləndirmə” (“The relationship renewable energy consumption and economic growth: insights from Iseland and Azerbaijan”) adlı elmi məqalədə yaşıl enerji sahəsində İslandiya təcrübəsi müqayisəli şəkildə təhlil edilmişdir. İslandiya adambaşına düşən yaşıl enerji istehsalına görə dünya miqyasında liderdir, Azərbaycan isə enerji siyasətini davamlı alternativlərə çevirməyə çalışır. Bərpa olunan enerji istehlakının iqtisadiyyata təsirlərinin araşdırılması mühüm əhəmiyyət daşıyır. Məqalədə verilən tədqiqatın məqsədi iqtisadi artımın əsas göstəricisi olan adambaşına düşən ÜDM ilə yaşıl iqtisadiyyatın əsas aspekti – bərpa olunan enerji istehlakı arasında səbəb-nəticə əlaqəsini empirik şəkildə araşdırmaqdır. Bu tədqiqatda dəyişənlər arasında səbəb əlaqəsini araşdırmaq üçün vektor avtoreqressiv (VAR) modelinin Toda-Yamamoto səbəbiyyət testindən istifadə edilmişdir.

Tədqiqatın nəticəsi olaraq bu qənaətə gəlinmişdir ki, İslandiya və Azərbaycanda bərpa olunan enerji istehlakı ilə iqtisadi artım arasında əhəmiyyətli asılılıq vardır və bunların yaxın perspektivdə, eyni zamanda gələcəkdə yaşıl enerji infrastrukturunun inkişafı üzrə hədəflər baxımından qiymətləndirilməsi vacibdir. Məqalə ilə bu linkdən tanış ola və yükləyə bilərsiniz https://econjournals.com/index.php/ijeep/article/view/16490/8139.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər