“Biz Azərbaycan gəncliyinə, övladına hər zaman və hər yerdə şəhidlərimizi və onların döyüş yolunu nümunə göstəririk. Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri dəyərləri yaşadır və təbliğ edirik. Çox istərdik ki, bu müqəddəs dəyərləri təbliğ etməkdə bizim arxamızda olasınız. Cəmiyyəti düzgün və sağlam informasiya ilə təmin etməkdə yardım edəsiniz”.
Publika.az xəbər verir ki, bu sözləri şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Alızadə media nümayəndələri və rəhbərlərinə ünvanladığı müraciətdə qeyd edib.
S.Alızadə bildirib ki, ən əziz, yaxın, doğma insanlarını Vətənimizin bütövlüyü, azadlığı uğrunda fəda etmiş ailələr kimi mediada və KİV-də yayılan bəzi xoşagəlməz informasiyalar barədə irad bildirməyə mənəvi haqları vardır: “Lakin bəzi KİV-lər sosial şəbəkələrdə bizim müqəddəs bildiyimiz dəyərlərimizi müzakirə obeyktinə çevirərək şəhid adına yaraşmayan ailə-məişət problemlərini gündəmə gətirir və geniş müzakirə mövzusuna çevirir. Xatırladım ki, şəhid ailələrinin daxili ailə problemi ictimai müzakirə mövzusu ola bilməz! Bu zaman biz cəmiyyət olaraq dəyərlərimizə və sayğı duyduğumuz insanlara inamı itirəcəyik.
Gəlin Qəhrəmanlarımızı təbliğ edək, onların uğrunda can verdikləri Vətənimizi tanıdaq, Azərbaycanımızı 30 ildir didib-parçalayan Qarabağ problemini gündəmdən düşməyə qoymayaq.
İnanıram ki, müraciətimizə diqqət və sayğı ilə yanaşacaqsınız”.