“Standard”ın böyüyü

933

Keçən həftə idman yazarımız, “168 saat”ın sabiq baş redaktoru Alim Malikoğlunu torpağa tapşırdıq. İdman jurnalistikası dəyərli nümayəndəsini itirdi. Dəfn mərasimində qəbiristanlığın Sumqayıt torpaqlarını “işğal” etməsinin şahidi oldum. Bənzətmənin nə qədər yerinə düşdüyünü bilməsəm də, bir söz deyim: Sumqayıtın idman, daha doğrusu, futbol qəbiristanlığı da genişlənməkdədir. Növbəti başdaşına “Standard”ın adı yazılmaqdadır. Fatihəsini də klubun yeni məşqçisi Böyükağa müəllim verəcək, inşallah olmasın. İvanauskası zurna-vedrə ilə yola salıb, yeni məşqçini posta gətirəndə, klubun məmə yeyənindən pəpə yeyəninədək, yəni klub prezidentindən topdaşıyanına qədər hamı gələcək perspektivlərdən, uğurlardan elə basıb-bağlamağa başladılar ki, qohum-əqrabanı, dost-tanışı, qonum-qonşunu səfərbər edib apardım Mehdi Hüseynzadə adına şəhər stadionuna, “Çiko”, “Beloçka” xərcini də götürdüm boynuma. Uşaqlar da plakat yazmışdılar: “Ya ya, şa şa, “Standard” çox yaşa”. Xəcil elədi məni külfət yanında.

Məncə, futbolun özündən də maraqlı matç sonrası aparılan müzakirələrdir. Stadiondan suyu süzülə-süzülə evə qayıdanda təşkil etdiyim azarkeş ordusunun məni tənələməsi, rişxənd eləməsi heç də təsirli olmadı. Töhmətdən baş götürüb evin tinindəki bukmeker-çayxanaya getdim ki, bugünki oyun barədə bir-iki söz gop edim. Məhəllənin futbol professoruna deyəndə ki, “Standard”…… hesabı ilə uduzdu, kişidən şaqqanaq qopdu. Gülə-gülə dedi ki, bizdə futbol olmayacaq. Niyəsini də ətraflı şəkildə izah elədi. Amma onun izahını mətbuata verə bilmərəm, ayıbdı. Kim öyrənmək istəsə, kişinin koordinatlarını məndən soruşub gedib özündən eşitsinlər.

Ay futbol federasiyamızın rəsmiləri, bu xalq “Barselona”ya, “Milan”a, “Qalatasaray”a azarkeşlik etməkdən artıq bezib. Nə qədər olar? Bəxtiyar Cavadovun, Mahir Şükürovun legioner həyatı yaşamasında fərəhlənib, tərifi tərif dalınca yağdırıb mutlu olduq. Pah atonnan, AFFA yaranandan, futbol üzrə milli yığmamız formalaşandan sonra bu 2 hadisəni Azərbaycan futbolunun əlamətdar olayı kimi vəsf elədik. Mən də sevindim. Ona görə ki, Sumqayıt yetirməsi Mahir loru dildə desək, irəli getdi. Bəs sonra? Ardı gələcəkmi? Bir-iki mini futbol meydançasının inşası, açılışı uşaq futboluna necə təsir edəcək? Dama-dama göl olar deyəssiniz. Xatırladım ki, Sumqayıt futbolunda uzunmüddətli quraqlıq dövrü davam edir.

Budur problem. Avropa çempionatının püşkatma mərasimində Berti Foqts Azərbaycanla bir qrupda olan milli yığmaların baş məşqçiləri ilə şəkil çəkdirərkən çox qayğılı görünürdü. Bu xəbəri bütün ölkə mətbuatı aləmə car elədi. Amma Azərbaycanın idman “nəhəngləri”ndən biri Sumqayıtda şəhər sakininin yerli futbol komandası həsrətindən dodağı çatlayıb, gözləri solub, ürəyi qubar eləyib, saçı ağarıb.

Hörmətli Foqts müəllim, AFFA prezidenti, “Standard”ın böyüyü Böyükağa müəllim, işdən çıxanda evə piyada gedin. Gedəndə məhəllələrdən keçin. Axtardığınızı orada tapacaqsınız. 3 manatlıq topla, 5 manatlıq butsı ilə balalarımız asfalt üstündə xariqələr yaradır. Papaq altında Messilər, Zidanlar, daha doğrusu, Banişevskilər, Ələkbərlər yatır. Onlar sizdən “Range Rover” “X5”, “İnfiniti” istəmirlər, onlar sadəcə diqqət arzulayırlar. Onları Kaka eləyin, yoxsa Azərbaycan, ələlxüsus da Sumqayıt futbolunun gələcəyi balaca Nihadın dediyi kimi, kaka olacaq.

P.S. Yazdıqlarım barədə Alim dəfələrlə yazıb. Allah sənə rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər