23-24 mart 2019-cu il tarixlərində dənizkənarı bulvarda Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş stolüstü tennis üzrə 2004-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov yarış iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, hər birinə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərində uğurlar arzulamışdır. Daha sonra ölkəmizdə idmanın sürətli inkişafından danışaraq əldə olunmuş bütün nəaliyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısının nəticəsi olduğunu vurğulamışdır. Eyni zamanda baş idarənin rəisi şəhərin 70 illik yubileyinə həsr olunmuş yarış və birinciliklərin il ərzində davamlı olacağını qeyd etdi və iştirakçılara uğurlar arzuladı.
Birincilikdə qızlar arasında Arzu Aslanova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Onun komanda yoldaşları Mərziyyə Nürmətova ikinci, Fatimə Cəfərova və Mehriban Dadaşova isə üçüncü yerləri tutmuşlar.
Oğlanlar arasında keçirilən yarışda Toğrul Məmmədov, Hüseyn Eylazov, İlkin Ağayev və Tural Mirzəyev müvafiq olaraq I, II, III yerləri tutmuşlar.
Sonda qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal, hədiyyə və kuboku ilə təltif olunmuşlar.