İyun ayının 30-da Sumqayıt-Bakı qatarının səhər reysinin sərnişinləri vaqona daxil olduqda oturacaqlarda “LIBRAFF”ın onlar üçün hazırladığı kitab hədiyyələrini görüblər.
Kulis.az xəbər verir ki, “TEASS Press” nəşriyyatının seçmə kitablarından ibarət bu sürprizlər sərnişinlərin böyük marağına və sevincinə səbəb olub.
“LIBRAFF” mağazalar şəbəkəsinin PR mütəxəssisi Sərxan Rüstəmov fləş-mob haqqında bunları da deyib:
“Özünün sosial maarifləndirmə layihəsini daim prioritet hesab edən “LIBRAFF” kitab mağazaları şəbəkəsi əhalinin, xüsusən gənclərin kitaba və mütaliəyə təşviq edilməsi üçün mümkün olan hər bir qabaqcıl vasitəni və imkanı dəyərləndirməyə çalışır, bu missiyanı ən maraqlı və cəlbedici üsullarla reallaşdırmaq üçün yeni uğurlu addımlar atır. Bu yeniliklərdən biri də sərnişin qatarlarında kitab fləş-moblarının təşkilidir.
Bu layihənin həyata keçirilməsi üçün “LIBRAFF” MMC-yə şərait yaradan ˝Azərbaycan Dəmir Yolları˝ QSC-yə dərin minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, 2 iyuldan etibarən ˝LIBRAFF˝ın Sumqayıt şəhərində ilk filialı fəaliyyətə başlayacaq.