Sumqayıt Bulvarı “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) layiq görülüb. Mükafatı təsisatın baş katibi Rikardo Lopes oktyabrın 16-da qurumun Paris “Meridien Etoile” otelində keçirilən forumunda təqdim edib. Forumda 5 qitədən 150 nümayəndə iştirak edib. 32 ölkənin təqdimatından 22–si mükafata layiq görülüb ki, bunlardan biri də Sumqayıt Bulvarı olub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və Bulvar idarəsinin rəisi Yavər Vəliyev “Sumqayıt Bulvarı”nın təqdimatın keçirərək, ölkəmiz və Sumqayıt şəhəri haqqında ətraflı məlumat veriblər. Azərbaycanın iqtisadi inkişafından, stabilliyindən söz açıblar.
Bildirilib ki, Sumqayıt Bulvarı ölkəmizdə gedən quruculuq işlərinin bariz nümunəsidir. 8 ayda yaradılan və şəhər sakinlərinin ən çox üz tutduğu, sevimli istirahət məkanına çevrilən bulvarın monitorda əks olunan möhtəşəm görüntüləri tədbir iştirakçılarını heyrətləndirib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.
Son iki ildə müasir layihələr əsasında yenidən qurulan Sumqayıtın intibah dövrü yaşadığı və regionun gözəl turizm məkanlarından birinə çevrildiyi diqqətə çatdırılıb. Gənc Sumqayıtın inkişafının dövlət rəhbərliyinin diqqət və qayğısının bəhrəsi olduğu vurğulanıb.
Xatırladaq ki, dünya biznesini araşdıran 3 ən böyük təsisatdan biri – “Global Trade Leaders Club”un bu il iyulun 3-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 24-cü Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıt Bulvarı “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülüb.(Azertac)
Sumqayıt bulvarı daha bir mükafat qazandı – FOTO
•
1564