Sumqayıt daha da müasirləşir

675

“İki Sahil” qəzeti Sumqayıt şəhərində həyata keçirilən yeniliklərlə bağlı məqalə dərc olunub. sumqayitxeber.com ”İki Sahil” qəzetində dərc olunmuş məqaləni təqdim edir:

“67 il bundan əvvəl Azərbaycanın inzibati xəritəsində Sumqayıt adlı yeni şəhər yarandı. Onun taleyinə heç bir digər şəhərə bənzəməyən, təkrarolunmaz yol keçmək nəsib olmuşdur. Qədim tarixə malik olmasa da, Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazanmış, ölkəmizin iftixarına çevrilə bilmişdir. Sumqayıtda yaranan əmək salnaməsi insanın həqiqətən də xarüqələr yaratdığının bariz ifadəsidir”.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan” qəzetində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur: “Sumqayıt gənclər şəhəri deyə çağrılır. Sumqayıta qayğı və diqqət 1971-ci ildən başlayaraq bir qədər də artdı. Demək olar ki, ölkənin hər yerində bir canlanma əmələ gəlmişdi. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkə həyatında hər sahəyə təsir etmişdi. İnsanlar daha yaxşı işləmək, uğurlar əldə etmək üçün yarışa girmişdilər. Yaxşı işləyərək özünə yaşam tərzi qazananlar başqalarına nümunə olurdu. Sumqayıt 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində təkcə respublikada deyil, dünya miqyasında tanınan yaşayış mərkəzinə çevrildi. Tikilən yeni zavodlar, yaradılan sənaye müəssisələri on minlərlə insanın iş yerinə çevrilirdi. Həmin dövrdə ikinci bir şəhər tapılmazdı ki, Sumqayıt kimi inkişaf etsin və boz çölləri yaşayış binaları və yaşıllıqlar bəzəsin.

Üstündən keçən illərdə Sumqayıt respublikamızın aparıcı şəhərinə çevirilib. Bu gün Sumqayıt yeni inkişaf dövrünü yaşayır. Şəhərin elə bir ərazisi yoxdur ki, orada təmir, abadlıq, quruculuq işləri getməsin. Özü də bu işlər planlı şəkildə aparıldığından qarşıda reallıqlara söykənən inkişaf proqramı canlanır.

Bakının yaxınlığında yerləşən və paytaxtla sanki rəqabətə girən Sumqayıtın göstəriciləri xüsusi layihələrə uyğunlaşdırılıb. Təqdirəlayiq haldır ki, Sumqayıtda inkişaf təkcə bir sahə üzrə köklənməyib, çoxcəhətli xarakterə malikdir. Sənaye, digər profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır. Elə bu da Sumqayıtın inkişafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rol oynayır.

Xarüqələr diyarına çevrilən Sumqayıt bu gün əbəs yerə Azərbaycanın əsas sənaye mərkəzi adlandırılmır. Burada sənaye obyektlərinin yenidən qurulması və modernləşdirilməsi işinə xüsusi diqqət yetirilir. Eyni zamanda, sənaye potensialının inkişafı üçün vacib olan infrastruktur layihələrin icrası da diqqət mərkəzindədir. Kimya sənaye parkında görülən işlər isə istehsal edilən məhsulların təkcə yerli tələbatın ödənilməsinə yox, ixrac həcminin genişlənməsinə də imkan yaradıb.

Bu gün respublikada qəbul edilən Sumqayıt modeli mövcuddur. Burada həyata keçirilən hər bir iş beynəlxalq standartlara söykənir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısının, şəhər rəhbərliyinin prinsipiallığının nəticəsidir.

Sumqayıt şəhəri yarandığı ilk gündən minlərlə gəncin həyat ünvanına çevrilib. Açıq etiraf edək ki, əvvəlki illərdə elə bil şəhərdə bir süstlük əmələ gəlmişdi. Bu gün Sumqayıtda salınan parklar, fasadları dəyişdirilən binalar, yaradılan istirahət guşələri şəhər əhalisini məmnun edir.

Görülən işlər sırasında ən vaciblərindən biri də Sumqayıt şəhərinin girəcəyi və çıxışıdır. Ötən əsrin 50-ci illərində əkilən ağaclar öz ömrünü yaşamışdı, hətta bir yaşıllıq kimi də faydalılığını itirmişdi. İndi şəhərin girəcəyində həyata keçirilən tikinti işləri sumqayıtlıları sevindirir. Yollar – girəcək və çıxış xeyli enlənmiş, sağ və sol tərəflərində abadlıq işləri görülməkdədir. Burada əkilən körpə fidanlar tezliklə böyüyəcək, quraşdırılan işıqlar şəhər effektini gücləndirəcəkdir.

Şəhərdə ulu öndərin adını daşıyan istirahət parkında Heydər Əliyev Mərkəzinin tikintisi, şahmat və musiqi məktəblərinin inşası da sona çatmaq üzrədir.

Bu gün şəhər əhalisinin bütün diqqəti yeni salınan dənizkənarı bulvara yönəlib. Ötən ilin son aylarından start götürən və tikintisi hazırda aparılan bu layihə şəhərimizin simasına bir möhtəşəmlik gətirəcək. Çirkabla “zəngin” sahil zolağı günbəgün simasını dəyişir. Ölkə əhəmiyyətli tarixi abidələrin siyahısına salınmış Nəsimi adına Mədəniyyət və İstirahət Parkının ərazisində də abadlıq işləri aparılır. Respublikamızda böyüklüyü və landşaftına görə seçilən bu parkda yeni layihələr həyata keçirilir. Yeni salınacaq dənizkənarı parkda qızğın iş gedir. Çimərliklə əhatələnən və Xəzərin şimal küləkləri ilə zəngin olan bu bulvara bu gün minlərlə insan gəlir. Əvvəllər çirkli sahilləri ilə tanınan bu ərazi yaşıllığa qərq olub. Əkilən ağaclar, dekorativ kollar, bir-birindən fərqlənən fəvvarələr bu səhnəyə xüsusi gözəllik qatır. Sumqayıtlıların çoxu hər gün həmin əraziləri gəzib-dolanır, parkın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər.

Xəzərin sahilində yerləşən Sumqayıtda dəniz ətrafı küləkli olmasına baxmayaraq əhali isti yay axşamlarında da, yağışlı, qarlı günlərdə də eyni həvəslə buraya gəzintiyə çıxmağı sevir. İstər Nəsimi, istərsə də Heydər Əliyev adına parklarda, yaxud da şəhərin digər ərazilərindəki istirahət guşələrində həyata keçirilən quruculuq işlərinin sona çatmasını səbirsizliklə gözləyənlər yaxşı bilirlər ki, yaradılan şərait insanların rifahı və rahatlığı üçündür.

Əminik ki, doğma şəhərimizdə yaradılanlar digər şəhərdəkilərdən heç də geri qalmayacaq. Bir qədər sonra şəhərin vizit kartına çevrilən bu adı sadalananlar həm də respublikamızın görməli yerlərinə çevriləcəkdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər