Sumqayıt Dövlət Rəsm Qalereyası gənc rəssamların inkişafında böyük rol oynayır

949

Sumqayıt Dövlət Rəsm Qalereyasının 50 illik yubileyi qeyd olunub.

Bu münasibətlə keçirilən yubiley tədbirini yazıçı, publisist Hafiz İmamnəzərli açaraq, qalereyanın yaranması, fəaliyyəti haqqında ətraflı məlumat verib.

Hafiz İmamnəzərli və rejissor Etibar Bənnayevin birgə layihəsi əsasında çəkilmiş Sumqayıt Dövlət Rəsm Qalereyasının tarixini və fəaliyyətini əks etdirən “50 illik şərəfli yol” filminin nümayişi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyran Axundova, Sumqayıtda “Göyərçin” simvolunun müəllifi, Əməkdar İncəsənət Xadimi Vaqif Nəzirli, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, S.Vurğun adına Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədova çıxış edərək, mədəniyyət ocağının bədii–estetik zövqün formalaşmasında, gənc rəssamların inkişafında rolunu yüksək qiymətləndirib, xoş arzularını çatdırıblar.

Ceyran Axundova mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı fəxri fərmanları qalereya əməkdaşlarına təqdim edib.

Uşaq Poeziya Klubunun üzvlərinin ifasında Sumqayıta həsr olunmuş şeirlər, Sumqayıt əfsanəsini əks etdirən səhnəcik təqdim edilib. Uşaqların rəsm sərgisi və “Art suvenir” satış sərgisi açıq elan olunub. Sərgilərdə sumqayıtlı rəssamların əsərləri, eləcə də, dekorativ və tətbiqi sənət ustalarının əl işləri, bəzək əşyaları nümayiş etdirilir.

Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanlarını təqdim edib.

Şəhər Mədəniyyət Evinin “Odlar yurdu” rəqs ansamblının, “Qobustan” nağaraçalanlar qrupunun, müğənni Zaur Yusiflinin çıxışları yubiley tədbirinə əlavə rəng qatıb.

Qeyd edək ki, yubiley tədbiri Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər