Sumqayıt Dövlət Universitetində ADR-in yaranmasının 95-ci ildönümü qeyd edildi

649

Bu gün Sumqayıt Dövlət Universitetində Azərbaycan Demokratik Respublikasının yaranmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra şərqin ilk demokratik respublikasının yaranması və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş etdirildi.

Universitetin rektoru, professor Nadir Qəhrəmanov Azərbaycanın dövlətçilik tarixinə nəzər saldı, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını Azərbaycan xalqının özünü təsdiq hadisəsi kimi xarakterizə etdi. Rektor qeyd etdi ki, AXC-nin xarici təcavüzlər nəticəsində süqutu xalqımızın azadlıq eşqini əlindən ala bilmədi, əsrin sonlarına yaxın – 90-cı illərdə xalqımız yenidən müstəqilliyini özünə qaytardı. “Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və başladığı, daha sonra isə dahi liderin siyasi məktəbinin yetirməsi olan İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs ölkəmizi dünyanın ən sürətli inkişaf dinamikası əldə etmiş ölkələrindən birinə çevirdi” –deyə rektor əlavə etdi.

Sumqayıt Dövlət Universitetinin Ümumi Tarix kafedrasının müdiri, professor Şirxan Səlimov “ADR-in yaranmasıının Azərbaycan dövlətçilik tarixində yeri” mövzusunda məruzə ilə çıxış etdi. Professor qeyd etdi ki, çətin siyasi və iqtisadi şərtlər altında müstəqil dövlətin qurulması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir.

Azərbaycan  tarixi kafedrasının baş müəllimi Ramal Alıyev isə Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu quruculuğu ilə bağlı görmüş olduğu işlər barədə məlumat verdi.

Universitetin Tarix fakültəsinin birinci kurs tələbəsi Leyla Muradzadə Cümhuriyyətin yarandığı dövrdəki siyasi vəziyyət barədə danışdı, eləcə də bu gün müstəqil Azərbaycanın dünyanın ən güclü dövlətləri sırasına daxil olduğunu bildirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər