Sumqayıt kimyaçıları Ümumdünya ətraf mühitin mühafizəsi gününü silsilə tədbirlərlə qeyd ediblər

663

«Azərikimya» İstehsalat Birliyinin müəssisələrində – Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-Təmir zavodlarında, Təmir–tikinti, Nəqliyyat və xüsusi texnika idarələrində və «Kimyalayihə» İnstitutunda Ümumdünya ətraf mühitin mühafizəsi günü münasibətilə keçirilmiş silsilə tədbirlər “Azərikimya” İB-nin akt zalında təşkil olunmuş geniş tərkibli  toplantı ilə başa çatmışdır.

İlk öncə zaldakı geniş ekranda respublikamızın füsunkar təbiətinin, «Azərikimya» müəssisələrində son iki ildə həyata keçirilmiş ekoloji tədbirlərin əks etdirildiyi toplantıda çıxış edənlər 1972-ci ildən etibarən hər il dünyanın bir çox ölkələrində, həmçinin Azər­baycanda geniş şəkildə qeyd olunan 5 iyun – Ümumdünya  ətraf mühitin mühafizəsi gününün planetimizin təbii ekoloji fondunun qorunması, saflaşdırılması və zənginləş­di­ril­məsi sahəsində bütün dünya xalqlarının səylərinin birləşdirildiyi mühüm bir gün kimi xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırmışlar.

Qeyd olunmuşdur ki, son illərdə ölkə rəhbərliyinin respublikada ekoloji mühitin yaxşı­laşdırılması ilə bağlı qərarlarına uyğun olaraq ARDNŞ-in çoxşaxəli fəaliyyətinin davamı olaraq «Azərikimya»nın kollektivi Sumqayıt regionunda, xüsusilə də şəhərin sənaye zo­na­sında ekologiyanın qorunması məqsədilə mühüm əhəmiyyətli tədbirlər həyata keçirə­rək, 5 iyun gününü bu sahədə əldə olunmuş bir çox ekoloji nailiyyətlərlə qarşılayırlar. Birliyin müəssisələrindəki zərərli istehsalat sahələri ləğv edilmiş, ərazilərdəki xeyli kimyəvi tullantı Sumqayıtın «Təhlükəli tullantılar» poliqonuna daşınaraq zərərsizləşdirilmiş, dənizə axıdılan çirkab sularının həcminin mini­­muma endirilməsi üçün istehsalatda bir sıra yeni, qabaqcıl texnologiyalar tətbiq edilmişdir. Hazırda istehsalat tullantılarının və çirkab sularının təmizləndiyi qurğu­larda əsaslı təmir və rekonstruksiya işləri davam etdirilir.

Birlik müəssisələrində fəaliyyət göstərən sulara nəzarət laboratoriyaların yeni ava­danlıqlarla təmin edilərək onların işinin gücləndirilməsi, dövri su sistemində tətbiq olunmuş yeni­lik və rekonstruksiya, Mexaniki-təmir zavodunda dənizdəki neft-qazçıxarma idarələri üçün «Topaz» tipli sutəmizləyici qurğuların istehsalına başlanılması və uğurla davam etdirilməsi Abşeronun su hövzəsinin, o cümlədən Xəzərin ekoloji təmizliyinin qorunması sahəsində kimyaçıların həyata keçirdikləri mühüm tədbirlərdəndir.

Atmosfer havasının saflığının qorunması məqsədilə təbiətin mühafizəsində mühüm rol oynayan yaşıllıq zonalarının yaradılmasına, zavoddaxili və zavodətrafı ərazilərdə yaşıl­lıq sahələrinin genişləndirilməsinə diqqət daha da artırılmışdır. Son iki ildə kimya müəssi­sələrinin yerləşdiyi sahələrdə yeni əkilmiş ağacların ümumi sayı əvvəlki illərə nisbətən iki dəfədən də çox artırılaraq 71 minə çatdırılmışdır. Bütün bunlar isə Sumqayıt kimya­çılarının 5 iyun – Ümumdünya Ətraf mühitin mühafizəsi gününə il boyu hazır­ladıqları böyük töhfədir.

Təqdirəlayiqdir ki, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün fəaliyyətini ildən-ilə genişləndirən, bu sahədə qabaqcıl təcrübə və texnologiyaların öyrənilməsinə və tət­biq edilməsinə diqqəti artıran kimyaçıların böyük bir qrupu, o cümlədən Birlik müəssi­sə­lərinin ekologiya şöbələrinin mütəxəssisləri ötən şənbə günü 5 iyun tədbirləri çərçivəsin­də ARDNŞ-in Qala qəsəbəsi ərazisindəki «Ekoloji park»ında ekskursiyada da olmuşlar.

Kimyaçılar 10 hektara qədər böyük bir ərazini tutan bu unikal parkda yara­dılmış Ekomərkəzi, şitilxananı, yeraltı su anbar­larını, süni arx və gölləri maraqla seyr etmişlər. Parkda salınmış 5 min m2 sahəyə malik və 3 şöbədən – toxum, cücərtmə şöbələrindən və xüsusi qulluq tələb edən dekorativ bit­ki­lər oranjereyasından ibarət şitilxana ekskur­siya iştirakçılarına xüsusilə xoş təsir bağışlamışdır. Bu istixanadan rekultifikasiya olun­muş torpaqlarda tum və şitillərdən ağac tinglərinin yetişdirilməsi üçün bioseleksiya işlə­rinin aparılması, Abşeron yarımada­sında nəsli kəsilməkdə olan nadir kol və ağac bitkilə­rinin, o cümlədən Eldar şamı, ağ şam, həmi­şə­yaşıl sərv, Lənkəran akasiyası və digər ağaclardan ibarət estetik kolleksiyanın ya­radılması işləri üçün istifadə olunur.

Abşeronda ekologiyanın qorunması məqsədilə nümunə olaraq parkda elektrik enerjisi təchizatının alternativ enerji mənbələri hesabına ödənilməsi üçün quraşdırılmış ekoloji cəhətdən təmiz olan külək generatorları və günəş bata­reyaları da ekskursiyaya gələnlər­də böyük maraq doğurmuşdur.

«Azərikimya» İB-nin əməkdaşları həmçinin parkın Ekoloji Tədris Mərkəzinin akt zalında xüsusi təşkil olunmuş ekoloji maarifləndirmə tədbirində iştirak etmişlər. Orada iştirakçılara Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələr barədə maraqlı məlumatlar verilmiş, vaxtilə Z.Tağıyev adına NQÇİ-nin neftlə çirklənmiş ərazisində geniş təmizlik işləri aparıldıqdan sonra salınmış parkın təbiətə məhəbbət doğurmasından, “təbliğatçı missiyası”ndan söhbət açılmış, həm­çi­nin Azərbaycan təbiətinin nəsli kəsilmək təhlükəsi olan, respublikanın «Qırmızı kita­bı»na salınmış nadir ağac-kol növlərinin qorunmasının vacibliyi, onların çoxaldılması işlərinin aparılması qaydaları və bu cür ekoloji layihələrin ARDNŞ-in bütün struktur bölmələrinin, o cümlədən «Azərikimya»nın ərazilərində tətbi­qinin məqsədəuyğun olduğu diqqətə çat­dı­rılmışdır.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər