Sumqayıt məktəbində çox əhəmiyyətli dərs keçilib

627

Respublika Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi Sumqayıtdakı 24 nömrəli orta məktəbdə şəhərin altı məktəbinin şagirdləri üçün yol hərəkətinin təhlükəsizliyi mövzusunda növbəti dərs təşkil etmişdir. Bu qeyri-adi dərsin təşkil olunmasında şəhər yol polisi əməkdaşları fəal iştirak etmişlər.
Kimyaçılar intensiv yol hərəkəti vəziyyətini maksimum imitasiya etməyə çalışmışlar. Məktəbin meydançası bunun üçün yaxşı poliqon rolu oynamışdır. Burada müvafiq mühəndis-yol nişanları qoyulmuşdur. Tədbirə xeyli valideyn də gəlmişdi.
Qonaqlar arasında “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov və başqaları vardı.
Tədbirin əvvəlində “Şahin” hərbi vətənpərvərlik oyununun iştirakçılarının paradı olmuş, vətənpərvərlik mövzusunda mahnılar səslənmişdir.
Sonra aşağı sinif şagirdləri yollarda yaranan müxtəlif vəziyyətləri göstərmişlər. Bəzən yollarda yaranan münaqişəli və qəzalı vəziyyətlər nümunəsində yol hərəkəti iştirakçılarının belə hallarda özlərini necə aparmalı olması izah edilmişdir. Toy maşınları karvanı ilə bağlı səhnəcik maraqlı, ibrətamiz və eyni zamanda məzəli təsir bağışladı.
Yollarda quraşdırılan işıqforlar, istiqamətləndirici xətlər, yol nişanları, nəqliyyat vasitələri, piyadalar, yol polis müfəttişləri, bir sözlə real həyatda yollarda qarşılaşdığımız bütün situasiyalar açıq səma altında keçirilən bu dərsi çox səmərəli praktiki məşğələyə çevirdi. Uşaqlar xüsusi həvəslə maraqlı dialoqlar aparır, əyləncəli səhnəciklər göstərir, anlaşıqlı formada yol hərəkəti qaydalarını bilməyin və onlara dönmədən riayət etməyin vacibliyini xatırlatdılar və nümayiş etdirdilər.
“Azərikimya” İstehsalat Birliyində belə hesab edirlər ki, uşaqlarla əlaqədar yol-nəqliyyat travmatizmi problemi əvvəlki kimi yenə də öz aktuallığını saxlayır. Uşaqları yollarda davranış mədəniyyəti ilə tanış etmək üçün bir-birindən maraqlı formalar axtarıb tapmaq lazımdır. Kimyaçılar tərəfindən şəhərin orta məktəblərində oyun formatında həyata keçirilən “Yol və uşaqlar” proqramı məktəblilərin əsas yol hərəkəti qaydalarının əhəmiyyətini dərindən dərk etməsinə imkan verir, onlarda hələ məktəb yaşından etibarən yol hərəkəti iştirakçılarının intizam və mədəniyyət səviyyəsini artırmağa, nəticə etibarilə insanın həyatını və sağlamlığını qorumağa kömək edir.
Tədbirin sonunda təşkilatçılar dərsin iştirakçılarına hədiyyələr vermişlər. Ətrabə Rzayeva/ AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər