Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün “Salam, Çin!” adlı silsilə onlayn seminarlara başlayıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin II, III və VII sinif şagirdləri iştirak ediblər.
Seminarda ADU Konfutsi İnstitutunun mütəxəssisi Nigar Qocayeva şagirdlərə Çinin tarixi, mədəniyyəti, dövlət rəmzləri və Çin dili haqqında ətraflı məlumat verib. O, iki ölkənin təhsil əlaqələrinin səmərəli inkişaf tarixindən danışaraq, Azərbaycan-Çin əməkdaşlığının bu inkişafa, ən əsası da “Bir kəmər, bir yol”un uğurlu icrasına ciddi töhfə verəcəyindən bəhs edib.
ADU Konfutsi İnstitutun direktoru Rafiq Abbasov məktəblilər arasında bu cür seminarların keçirilməsinin vacibliyini vurğulayaraq, 2001-ci ilin Sumqayıt ilə Çinin Xunan əyalətinin Çyucou şəhəri, 2019-cu ilin Çinin Siçuan əyalətinin Myenyan və Şensi əyalətinin Sian şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması haqqında anlaşma memorandumunun imzalanmasını da xatırladıb. R.Abbasov Sumqayıt şəhər sakinlərinin COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə dəstək məqsədilə qardaş Sian və Myenyan şəhərlərinə tibbi ləvazimatlardan ibarət humanitar yardımın göndərdiyini məktəblilərin nəzərinə çatdırıb.
Məktəblilər Çin dilində olan bacarıqlarını nümayiş etdiriblər. Hazırkı COVID -19 pandemiyasının sürətlə yayıldığı bir dövrdə şagirdlər öz həmyaşıdları üçün “Nağıl” mahnısını ifa ediblər. Eyni zamanda, kətan üzərində çəkdikləri rəsm əsərlərini və xəttatlıq bacarıqlarını göstəriblər. Sonda şagirdlər hər kəsə Çin dilində öz sevgilərini söyləyiblər.