1861

Artıq 5 ildir ki, respublikamızın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalar təşkil olunur. Ənənəyə uyğun olaraq bu il də şagirdlər tur–aksiyaya böyük həvəslə qoşulublar.

AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Sumqayıt orta məktəblərinin 40 şagirdi təntənəli şəkildə Gəncə-Şəmkir-Göygöl istiqamətində yola salınıb.

Ötən gün şəhərin Heydər Əliyev Mərkəzində ekskursiyaya gedən şagirdlərlə görüş keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov, şəhər təhsil şöbəsinin müdir əvəzi Ramin Abbasov, Qarabağ qazisi Sahib Şamilov, valideyn Lalə Altunok məktəblilərə uğurlar arzulayıblar. Bildirilib ki, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olan Sumqayıt sürətlə inkişaf edir, siması tamamilə dəyişir, müasir sənaye mərkəzinə çevrilir.

Qeyd edilib ki, 4 gün ərzində uşaqlar ölkəmizin Gəncə, Şəmkir, Göygöl şəhərlərinə səyahət edərək ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müasir, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olacaq, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın regionlarında müşahidə olunan dinamik sosial-iqtisadi inkişafı görəcək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması ilə yaxından tanış olacaqlar.

Sonra sumqayıtlı şagirdlərə marşrut üzrə müfəssəl məlumat verilib.

Diqqətə çatdırılıb ki, tur-aksiya dövlət başçısı İlham Əliyevin tövsiyəsi, Prezident Administrasiyasının təşkilatçılığı ilə reallaşır. Bu dəfə tur-aksiyada 76 şəhər və rayondan, ümumilikdə 3190 nəfər iştirak edir.

Yolasalma mərasimində Sumqayıt qrupunun rəhbəri, təhsil şöbəsinin metodisti Xalid Adıgözəlov müxbirimizlə söhbətdə bildirib ki, 40 şagird tam hazır vəziyyətdə səyahətə yola düşür. Hər biri xüsusi geyim komplekti ilə təchiz olunub. Uşaqları 4 rəhbər və 1 həkim müşayiət edəcək.

Artıq 3 dəfədir məktəblilərə səyahət zamanı rəhbərlik edən X.Adıgözəlov tur-aksiya iştirakçılarının təhlükəsiz hərəkəti və yerləşdirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyün vurğulayıb. O, Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfərə çıxan sumqayıtlı məktəblilərin əvvəlcə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə tanış olacaqlarını qeyd edib. Tur-aksiya iştirakçıları Ramada otelində yerləşdiriləcək. Onlar şəhərin tarixi məkanlarına – Qədim Qala divarları, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, “İmamzadə” Kompleksi, Cömərdi Qəssab Türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Nizami Gəncəvi adına Mərkəz, Heydər Əliyev adına Milli Park, Heydər Əliyev Mərkəzi, Cavad xan Məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Amfiteatr, Gəncə Dövlət Filarmoniyası, Gəncə bulvarı, Gəncə Avtomobil Zavoduna ekskursiya edəcəklər.

Sonra Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Bayraq Muzeyi, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı, “Nəfis çörək zavodu” və Şəmkir Aqroparkı ilə yaxından tanış olacaqlar.

Marşrutun son dayanacağı – Göygöl rayonudur. Burada məktəblilər Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Bayraq muzeyi, Gənclər Mərkəzi, Alman kirxası, Tarix-Diyarşünaslıq Muzeyi, Alman evləri, sonuncu alman Viktor Klaynın ev-muzeyi, Hacıkənd qəsəbəsi və Göygöl Milli Parkına səyahət edəcəklər.

Sumqayıt gimnaziyasının 9-cu sinif şagirdi Aytac Yuzbəyova öz sevincini gizlətməyərək ilk dəfə səyahətə çıxdığını deyib: “Mənə böyük etimad göstərilib. Buna görə özümü çox şanslı hiss edirəm. Səyahət proqramı ilə məlumatlıyam və artıq böyük səbirsizliklə ölkəmizin regionları ilə tanışlığı gözləyirəm. İnanıram ki, səyahət təkcə ölkəmizin regionlarının gözəlliyi, inkişafı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yadda qalmayacaq, həm də mənə yeni dostlar qazandıracaq”. O, tur-aksiyaya qoşulan dostları adından dövlətimizin başçısına onlar üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Yolasalma mərasimində əsl bayram ab-havası hökm sürürdü. Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunduqdan sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin özfəaliyyət kollektivləri mahnı və rəqslərlə şagirdləri yola salıblar.

http://https://azertag.az/files/galleryphoto/2018/3/1000×669/1542196782487025642_1000x669.jpg

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər