27 il əvvəl – 1990-cı il iyulun 10-da Sumqayıt məktəbliləri Müşfiq İsgəndərov və Nəriman Rzayev dənizdə boğulmaqda olan dostları Məlik Məlikovu xilas edərək, özləri sərt dalğaların qurbanı olmuşdular. Onların dəhşət doğuran faciəsi bütün qonşuları, tanıyıb-bilən hamını sarsıtmışdı. Onlar 1-ci məhəllənin əziz, sevimli uşaqları idilər, cəmi 15 yaşları vardı…
Həmin gün redaksiyamızın tapşırığı ilə mən minlərlə adamın ölümünə səbəb olmuş güclü zəlzələnin baş verdiyi İranda ezamiyyətdə idim. Ertəsi gün – iyulun 11-də yenicə Sumqayıta qayıtmışdım. Evdəkilərin məni anlaşılmaz sükutla, həm də nigarançılığı aydın duyulan baxışlarla qarşılamasından nəsə bir xoşagəlməz hadisə baş verdiyini hiss etdim. Uzaq yoldan gəldiyimi nəzərə alıb, stolun üstünə gətirilən çaydan narahatlıqla bir-iki qurtum içdikdən sonra baş vermiş faciə barədə mənə ehtiyatla xəbər verdilər. Ehtiyatla ona görə ki, məhəlləmizdə hamıya qarşı çox diqqəytli, qağıkeş uşaq olan, gülərüz sifətli Müşfiqin xətrini ailəmizdə hamımız çox istəyirdik. Mən gözlənilməz xəbərdən dəhşətə gələrək, dərhal evdən çıxıb, hadisə yerinə tələsdim. Faciə bir gün əvvəl baş versə də, Müşfiqin ölümünə inanmaq istəmir, möcüzə baş verəcəyini, onu sağ-salamat tapacağımıza ümid edirdim. Lakin gecədən xeyli keçənədək davam edən axtarışlarımız heç bir nəticə vermədi.
…Onların üçü də – Müşfiq, Nəriman və Məlik şəhərin 1-ci məhəlləsində böyüyüb, eyni – 12 N-li məktəbdə oxuyurdular. İmtahanları yenicə başa vurub, məktəb qayğılarından qurtararaq, istirahət etmək, “beş addımlığında” yaşadıqları, evlərindəm baxarkən mavi-dalğalı panoramı ilə aydın görünərək göz oxşayan və yayın qızmarında adamı istər-istəməz özünə cəlb edən Xəzərin qoynunda dincəlmək, artıq arxada qalmış növbəti dərs ilinin yorgunluğunu unutmaq istəyirdilər.
O gün dənizin bir qədər “şıltaq”, qəzəbli-dalğalı olmasına baxmayaraq, o boy-buxunlu üç məktəbli dost, bir də son anda onların dəstəsinə qoşulan, yaşca bir az kiçik olan Oqtay bir-neçə il əvvəl dənizin içərisinə doğru salınmış, “damba” kimi tanınan bəndin yaxınlığında, o qədər də dərin olmayan bir yerdə sevinc-fərəhlə mavi sulara atılmışdılar. Lakin bir müddət sonra hava qəflətən dəyişmiş, şiddətli küləyin təsirindən dalğalar güclənərək şahə qalxmağa başlamışdı. Dənizdə qopan tufan bir andaca suları coşduraraq, dalğaları sürətlə sahilə çırpır və eyni sürətlə də geriyə, dərinliklərə doğru sovururdu.
Dənizin sahilində və bəndin üstündə dayanan adamlar həyəcanla qışqırışaraq gəncləri dərhal sahilə çıxmağa çağırır, onları dalğaların əlindən qurtarmağa çalışırdılar.
Müşfiqlə Nəriman isə qışqırıqlara məhəl qoymayaraq, dənizin bir qədər dərin yerində dalğalar arasında çırpınan dostları Məliki xilas etməyə çalışırdılar. Onlar həyatlarını təhlükə altında qoyaraq, özlərini çox çətinliklə Məlikə yetirib, onu nöbbəti dalğa ilə birlikdə sahilə tərəf itələməyə nai olurlar. Sahilə daha yaxın olan Oqtay isə böyüklərin köməyi ilə canını dalğalardan birtəhər xilas edə bilir. Artıq boğularaq, huşunu itirməkdə olan Məlik ilk yardım göstərildikdən sonra çətinliklə də olsa həyata qaytarılır.
Lakin fırtınalı dənizin qoynunda bir-birindən aralı düşərək, sərt dalğalarla çarpışan və birdən görünməz olan iki dost – Müşfiq və Nərimana çox təəssüf ki, heç bir kömək yetmir. Bir müddət sonra dalğalar ailənin yeganə oğul övladı olan Nərimanın artıq cansız bədənini sahilə atır. Müşfiqdən isə bir nişanə də tapılmır. Şəhərin yaxşı üzgüçülük bacarığına və bir idmançi kimi möhkəm fiziki hazırlığa malik baş memarı Rza Rzayevin fədakarcasına, dönə-dönə dənizin dərinliklərinə baş vurması, həmçinin hadisə yerinə gecikmiş dalğıcların həm sahilə yaxın bütün ətrafda, həm də vaxtilə dəniz gəzintisi üçün nəzərdə tutulmuş, lakin artıq çürüməkdə olan gəminin sular altındakı otseklərində gecə yarısınadək davam edən axtarışları da heç bir nəticə vermir.
Müşfiqin baş vermiş faciədən üzülüb əldən düşmüş atası Zakir İsgəndərov və böyük qardaşları evin istəkli sonbeşiyinin dalğalar tərəfindən dənizin içərilərinə doğru uzaqlaşdırıldığını güman edirdilər. Əlimiz heç yana çatmadığından səhər tezdən Sumqayıtın o vaxtkə İcraiyyə Komitəsinin sədri Rasim Eminbəylinin yanına gedərək, faciə barədə ona məlumat verib, kömək etməsini xahiş etdim. Çətin vəziyyətdə əli qoynunda qalan bəzi çarəsiz məmurlardan fərqli olaraq, o, təcili olaraq Bakı ilə əlaqə saxladı. Məhz onun təşəbbüsü və xahişi ilə, hörməti-nüfuzu sayəsində çox keçmədən Zabratdan havaya vertolyot qaldırıldı, “Azneft”in o vaxtkı rəhbəri, məşhur Neftçi Qurban isə geniş akvatoriya üzrə axtarışlar aparmaq üçün Xəzərin Sumqayıt sahilinə xüsusi kater göndərdi. Zakir müəllimin, oğlanları Cavanşir və Cahangirin iştirakı ilə dənizin dərinliklərinə doğru həm vertolyotla, həm də katerlə bir-neçə saat axtarış aparıldı. Öz həyatını düşünmədən dostunu ölümdən xilas etməyə çalışmış Müşfiqin cəsədi hadisə yerindən bir-neçə kilometr aralıda, dənizin şimal hissəsində tapıldı…
Təəssüflə qeyd etməliyəm ki, şəhərin o zamankı Partiya Komitəsi, eləcə də Komsomol Komitəsi nə hadisə baş verən gün, nə də sonrakı günlərdə həmin fədakar gənclərin taleyi ilə maraqlanmamışdı. Əslində onların bu hadisədən xəbərsiz olması qətiyyən mümkün deyildi. Çünki həmin günlərdə “Vışka” və “Kommunist Sumqaita” qəzetlərində bu barədə geniş məlumat dərc olunmuşdu.
…Halbuki ömrün ən gözəl çağında həlak olmuş həmin gənclərin qəhrəmanlığı dövlət təltifinə, ən azı – “İgidliyə görə” medalına layiq idi.
***
27 il əvvəl baş vermiş, iki gəncin ölümünə səbəb olmuş faciə həm də insanlıq və dostluğa sədaqət, qorxmazlıq, cəsurluq, mərdlik sınağı kimi yadda qalmışdır. Müşfiq və Nəriman ölümləri bahasına da olsa, bu ağır sınaqdan mərdliklə çıxa bilmişdilər.
Ümid edirik ki, bu yazıdan sonra onların xatirəsi əziz tutulacaq, heç olmazsa, oxuduqları 12 saylı məktəbdə və Sumqayıt Şəhər Gənclər və İdman İdarəsində hər il anılacaqdır.
Öz ölümləri ilə bütün gənclər üçün dostluğa sədaqət nümunəsi göstərmiş Müşfiq və Nərimanın fədakarlığı heç vaxt unudulmamalıdır!
Rəhman ORXAN
Sumqayıt məktəblilərinin unudulmuş qəhrəmanlığı – Onlara dəniz kənarında abidə ucaltmaq olar
•
1144
P.S. Xeberle.com adından isə bir təklifimiz var. Hər il dəniz mövsümündə Sumqayıtda onlarla insan dənizdə bataraq dünyasını dəyişir. Təklif edirik ki, Sumqayıt bulvarında, yaxud Nəsimi adına Mədəniyyət və İstirahət Parkında bu iki gəncin – Müşfiq İsgəndərov və Nəriman Rzayevin şərəfinə kiçik bir abidə qoyulsun. Altından isə onların qəhrəmanlığı, dostlarını xilas edərkən haqq dünyasına qovuşduqları barədə qeyd edilsin. Bu, həm yetişməkdə olan gəncliyə – nəsilə yaxşı qəhrəmanlıq, şücaət örnəyi olardı, həm də Xəzər dənizində çimən minlərlə soydaşımız üçün bir ehtiyat siqnalı, diqqət rəmzi olardı.