BMT Baş Assambleyasının müvafiq qərarı ilə 19 dekabr 2011-ci ildən etibarən hər il 11 oktyabrtarixi Benəlxalq Qızlar Günü kimi qeyd olunur.
Bu münasibətlə Sumqayıtda fəaliyyət göstərən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi (USAİD) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində yaradılmış Qadın Resurs Mərkəzində Qızlar Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd gəncləri qadınların təhsil hüququ, ictimai-siyasi həyatdakı rolunun artırılması, qadınlara qarşı olan ayrı-seçklik ilə mübarizə yolları barədə maarifləndirərək, onların bu sahəyə daha çox diqqətini ayırmaqdır.
Tədbirdə ekspert qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Leyla Bədəlova çıxış edərək, qadın hüquqları, məişət zorakılığından müdafiə mexanizmləri, erkən nikahlar və onun hüquqi tərəfləri haqqında iştirakçılara geniş məlumat verdi.
Tədbirdə həmçinin Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək Mərkəzinin rəhbəri Səbinə Kərimova, Psixoloq İradə Hüseynova, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB-nin sədri Zenfira Mustafayeva qadınların qarşılaşdığı problemlər və onların həlli yolları, selektiv abortların psixoloji və tibbi fəsadları, qadın alveri, qızların peşə təhsili və digər mövzularda çıxış etdilər.
Tədbir aktiv müzakirə şəklində keçdi. Beləki, tədbirdə iştirak edən 15 nəfər gəncin ünvanladığı hər bir sual ekspertlər tərəfindən ətraflı cavablandırıldı. Həmçinin gənclər öz maraqlı fikirləri və təklifləri ilə də çıxış etdilər.
Qeyd edək ki, Sumqayıt şəhər Qadın Resurs Mərkəzi tərəfindən gender əsaslı zorakılıq ilə mübarizə mövzusunda sil-silə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Hər bir keçirilən tədbir haqqında ətraflı məlumat Mərkəzin rəsmi facebook səhifəsində paylaşılır.