Sumqayıtda “İnsan hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən islahatlar” mövzusunda konfrans keçirilib

588

Aprelin 24-də Sumqayıt şəhərindəki “Term” otelində ABŞ beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan Hüquqlar Konsorsiumu layihəsi çərçivəsində “İnsan hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən islahatlar” mövzusunda konfrans keçirilib.

Tədbirdə açılış nitqi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin Sədri, Millət Vəkili, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Demokratiya və İdarəçilik ofisinin direktoru Ronald Qlass, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev çıxış edib. Açılış nitqi ilə çıxış edənlər tədbirin mahiyyəti haqqında məlumat veriblər. Qeyd olunub ki, tədbirin məqsədi insan hüquqları məsələləri üzrə hökumət rəsmiləri ilə konstruktiv ictimai dialoqlarda vətəndaş iştirakını gücləndirmək üçün yerli QHT-lərin imkanlarının artırılması və insan hüquqlarının təmin edilməsi sahəsində hüquq islahatlarının inkişafı ilə bağlı diskussiyaların aparılmasıdır.

Daha sonra “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Azərbaycan Respublikası qanunvericiliyində insan hüquq və azadlıqlarnın qorunmasının təminatı məsələləri” və “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev isə “İnsan hüquqlarının təbliğində Sumqayıt QHT-lərin rolu”mövzusunda məruzələrlə çıxış edib.

 Tədbirdə insan hüquqlarının qorunması sahəsində əsas prioritetlərlə bağlı iştirakçılar arasında müzakirələr aparılmışdır. Müzakirələr zamanı Sumqayıtda fəaliyyət göstərən Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri, vəkil Əsabəli Mustafayev çıxış edərək əhalinin öz hüquqlarının məhkəmə qaydasında müdafiəsi məsələlərində vəkillərin rolundan danışıb. Eyni zamanda, o, vəkil olaraq Avropa Məhkəməsində Azərbaycan məhkəmələri ilə müqayisədə daha çox iş udduğunu iştirakçıların nəzərinə çatdırıb. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının sədr əvəzi Azər Hüseynov, Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinə Dəstək Şəbəkəsinin sədri Ramil Zeynallı və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.

 Müzakirələrdə müxtəlif əhali qruplarının insan hüquqları sahəsində qarşılaşdıqları problemlər, o cümlədən də mülkiyyət hüquqları, QHT-lərin qeydiyyatı, əlillərin hüquqları, əhalinin pulsuz hüquqi xidmətdən yararlanması zamanı qarşıya çıxan problemlər, insan hüquqları sahəsində əhalinin maarifləndirilməsi və insan hüquqları təminatı ilə bağlı digər məsələlər müzakirə edilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər