Sumqayıtda Milli Kino Gününə həsr olunmuş tədbir keçirildi

797

Sumqayıt Tarix Muzeyinin iclas salonunda şəhər Mədəniyyət və turizm şöbəsinin, habelə Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Milli Kino Gününə həsr olunmuş tədbir keçirilmişdir. Gənclər birliyinin təsisçisi Kamal Almuradlının sözlərinə görə, tədbir Azərbaycan kinematoqrafının problemlərini və perspekstivlərini görkəmli kino xadimləri ilə müzakirə etmək məqsədi daşıyır. Respublikanın Xalq Artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Amaliya Pənahova, tanınmış aktyor və rejissor Rövşən Almuradlı və Bakı Bələdiyyə Teatrının gənc aktyoru İlqar Musayev kinosevərlərin qonağı olmuşdur.
“Azərbaycan kinosu dünən, bu gün və sabah” devizi ilə keçirilən tədbir “Azərbaycan kinosunun salnaməsi” videoçarxının nümayişi ilə başlanmışdır. Milli kinomuzun tarixi 1898-ci ildən başlayır. 1916-cı ildə ilk milli film – “Neft və milyonlar səltənətində” çəkilmişdir. Onun ilk geniş nümayişi avqustun 2-də olmuşdur. Filmdə milli kinomuzun inkişafından, onun maddi-texniki bazasının möhkəmlənməsindən və görkəmli kino xadimlərindən söz açan kadrlar bir-birini əvəzləmişdir.
Tədbir iştirakçılarının suallarına cavab verən qonaqlar Sumqayıt haqqında təəssüratlarını bölüşmüşlər. Onların sözlərinə görə, Milli Kino Günü münasibətilə bayram tədbirlərinin Azərbaycanın sənaye mərkəzində start götürməsi təsadüfi deyildir. Sumqayıtda mədəniyyətin və incəsənətin inkişafı üçün hər cür şərait yaradılmışdır. Burada lazımlı maddi-texniki və kadrlar vardır.
Açıq dialoq şəraitində keçən görüşdə kinonun aktual problemləri qaldırılmış, konstruktiv təkliflər irəli sürülmüşdür.
Sonda “Bir addım” qısametrajlı filminin nümayişi olmuşdur. Gənc rejissor Fariz Əhmədovun filmi Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” layihəsi çərçivəsində ekranlaşdırılmışdır.
2 avqust – Milli Kino Günü ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsis edilmişdir. AzərTac, Ətrabə Rzayeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər