Sumqayıtda pişik alverçilərindən şok əməllər – Təfərrüat

1277

Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Səidə şəxsi münasibətlər zəminində Lətifəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il martın 12-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Nur” şadlıq evinin arxasında baş verib.

Orada Səidə mübahisə zamanı Lətifəni vuraraq, ona müxtəlif xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Səidənin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi araşdırılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. İş hakim Rövşən Xəlilovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səidə bildirib ki, bir müddətdir həyat yoldaşı Vahidlə birlikdə evdə pişik saxlayıb satırlar: “Bununla bağlı “İnstaqram” sosial şəbəkəsində elan yerləşdirmişik. 2021-ci ilin dekabrında əvvəldən tanıdığım Lətifə adlı qadın mənimlə əlaqə saxladı, pişik almaq isitədiyini bildirdi. Lətifəni yaxşı cəhətdən tanıdığımdan ona pişiyi satmaq qərarına gəldim. Ona “skotiş fold şinşilla” cinsindən olan pişiyi 230 manata satdıq. Lətifə pişiyə yaxşı qulluq edəcəyini dedi. O, pişiyin pulunu 2022-ci il fevralın 10-na kimi ödəcəyini bildirdi. Biz də etiraz etmədik. Sonradan pişiyin pulundan Lətifə bizə cəmi 76 manat ödədi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ili fevralın 10-da vaxt çatanda Lətifə yerdə qalan məbləği ödəyə bilməyib: “Məlum oldu ki, Lətifənin aldığı pişik baxımsız qalıb. Mən evdə saxladığım pişiklərə həssas yanaşam. Bizim üçün pişiyin pulu əhəmiyyət kəsb etmir. Lətifədən pişiyi geri qaytarmasını tələb etdim. O da pişiyi bu ilin martın 11-də təhvil verdi və pulunu geri tələb etdi. Ərim Vahidlə 76 manatı pişiyin müalicəsinə xərcləyəcəyimizi bildirdik. Sonra Lətifə telefonlarıma “islam adına ləkələr, sizin yaşadığınız dindən mənim xəbərim yoxdur, dini pula satanlar, müsəlman adı altında olan şərəfsizlər, məni evinizdə girov saxladınız” məzmunda SMS-lər və səsli mesajlar göndərdi”.

Səidənin ifadəsinə görə, martın 12-də Lətifə onu və yoldaşını kobud sözlərlə görüşə çağırıb: “Həmin gün axşam saatlarında ərimlə Lətifə ilə görüşə getdik. “Nur” şadlıq evinin arxasında Lətifə ilə görüşdük. O, görüşə qardaşı ilə gəlmişdi. Lətifə ilə söhbət zamanı bizi yenə təhqir etdi. Bildirdi ki, siz maska geyinmisiniz, dindən istifadə edirsiniz. Bizi təhqir etdiyi üçün əlimlə Lətifənin sifətindən və burun nahiyyəsindən vurdum. Sonra isə ərim və ətrafdan keçən tanımadığım şəxs məni Lətifədən araladı”.

Cinayət işi üzrə zərərçəkmiş Lətifənin sözlərinə görə, Səidədən pişik alıb, imkanı olmadığı üçün ödəniş edə bilməyib və pişiyi geri qaytarıb: “Pişiyi təhvil verəndən sonra pulunu tam ödəməli olduğumu bildirdi. Mən isə etiraz etdim. Əksinə ona verdiyim pulun yarısını qaytarmasını tələb etdim. Martın 12-də pişiyi təhvil verməmişdən əvvəl Səidənin əri mənə SMS-lər göndərdi. O, həmin SMS-lərdə “olmayan ağlınla dini istehzaya çevirirsən, Allahdan qorx, bu məsələdə susa bilmərəm, hər şeyin fəda olsun Allaha, canımdan, malımdan hər şeyimdən keçərəm Allah üçün” kimi sözlər yazdı. Mən də ona yazdım ki, bu nə SMS-lərdi göndərmisən, başın qoltuqaltı görməyib. Sonra telefonu bloka atdım”.

Zərərçəkmiş bildirib ki, bundan sonra Səidənin yoldaşı onun “İnstaqram” profilinə yazıb: “Qeyd etdi ki, guya mənim klipim çıxıb. Buna təəcübləndim. Kliplə bağlı maraqlanmaq üçün Vahidlə görüşmək istədim. Ona zəng etdim, “Nur” şadlıq evinin arxasına gəlməsini xahiş etdim. Qardaşımla birlikdə saat 22.00-da şadlıq evinin arxasına gəldik. Bir qədər sonra Səidə və əri bizə yaxınlaşdılar. Onlardan klip məsələsini soruşdum. Mənimlə mübahisə etməyə başladılar. Mübahisə zamanı Səidə məni döydü”.

Daha sonra zərərçəkmiş ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona dəyimiş ziyan tam ödənilib. O, təqsirləndirilən şəxsi bağışladığını deyib.

Məhkəmə onların barışıq əldə etməsini nəzərə alıb.

Bu səbəbdən Səidənin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər