2 iyul – Polis İşçilərinin Peşə Bayramı Günü münasibətilə Sumqayıt şəhərində tədbir keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev çıxış edərək şəxsi heyəti “2 İyul – Azərbaycan Polisi Günü” münasibətilə təbrik edib. O, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən polis əməkdaşlarına ünvanlanmış təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, Azərbaycan polisi ötən dövr ərzində dövlətçilik ənənələrinin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında, hüquq pozuntularının qarşısının alınmasında və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm xidmətlər göstərib. Xüsusilə son illərdə hüquq-mühafizə orqanlarının fəaliyyətində əldə olunan nailiyyətlər ölkədə sabitliyin möhkəmlənməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfələr verib.
Tədbirdə Azərbaycan polisinin keçdiyi şərəfli inkişaf yolundan bəhs edən məruzə dinlənilib. Məruzədə qeyd olunub ki, milli polis orqanlarının əsası 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin polis xidmətinin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qoyulub. Ötən müddət ərzində Azərbaycan polisi mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçərək dövlətin və xalqın etimadını qazanıb.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan polisi dövlətçiliyimizin qorunmasında, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayır. Qeyd olunub ki, ölkədə sabitliyin, əmin-amanlığın və qanunun aliliyinin təmin edilməsində polis əməkdaşlarının əməyi danılmazdır.
Digər çıxış edənlər də Azərbaycan polisinin dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaşların təhlükəsizliyinin təmin olunması və hüquq qaydasının qorunması istiqamətində göstərdiyi xidmətləri yüksək qiymətləndirərək şəxsi heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının inkişafına xüsusi diqqət göstərilib, polis sistemində mühüm islahatlar həyata keçirilib. Ulu Öndərin 1998-ci il 24 may tarixli Fərmanına əsasən 2 iyul tarixinin “Polis Günü” peşə bayramı kimi təsis olunması Azərbaycan polisinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
Sonda polis orqanlarında səmərəli fəaliyyətinə, xidmətdə fərqləndiyinə və peşə fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin bir qrup əməkdaşı fəxri fərmanlarla təltif olunub.








Müzakirə qapadılmışdır.