Sumqayıtda Regionların İnkişafı üzrə ikinci Dövlət Proqramının yerinə yetirilməsi tədbirləri həyata keçirilir

884

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının yanında Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış xüsusi qərargahın geniş iclası olmuşdur. Həmin proqram çərçivəsində Sumqayıtda 7 istiqamət üzrə 18 konkret tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə yaradılmış xüsusi qərargahın tərkibinə şəhərin idarə və müəssisə rəhbərlərindən, alim və mütəxəssislərdən ibarət 4 işçi qrup daxildir. Qərargah 97 bənddən ibarət kompleks tədbirlər planı hazırlamışdır. İclasda həmin planda nəzərdə tutulan məsələlərin yerinə yetirilməsinin gedişi ciddi və konstruktiv şəraitdə müzakirə edilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının (2004-2008-ci illər) müsbət nəticələri barədə söhbət açaraq demişdir ki, regionların intensiv inkişaf etdirilməsi ölkənin daxili siyasətinin prioritet vəzifəsinə çevrilmiş və şübhəsiz, dövlətimizin müsbət imicinin yaranmasında xüsusi rol oynamış, ölkəmizin nail olduğu iqtisadi göstəricilərin mühüm tərkib hissəsi olmuşdur. V.Əliyev tədbir iştirakçılarının diqqətini regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramının həyata keçirilməsinin ilk ilinin yekunlarına həsr edilmiş konfransda dövlətimizin başçısı İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin mühüm aspektlərinə cəlb etmişdir.
İclasda qeyd edilmişdir ki, keçən il şəhərdə 392 milyon manatlıq məhsul buraxılmışdır. Son 6 ildə sənaye məhsulları və xidmətləri istehsalının ümumi həcmi 2 milyard 440 milyon manat təşkil etmişdir. Orta əməkhaqqı 10 faiz artaraq 260 manata çatmışdır. Keçən il Sumqayıt iqtisadiyyatının müxtəlif sahələrinə 150 milyon manat sərmayə qoyulmuşdur.

Son 6 ildə kapital qoyuluşlarının ümumi məbləği isə 1,5 milyard manat olmuşdur. Son 6 ildə 50-dən çox iri və orta müəssisə istifadəyə verilmişdir. 527 meqavat gücündə nadir elektrik stansiyasının, müasir texnoparkın birinci fazasının, lifli şüşə borular istehsalı üzrə “Azkompozit” müəssisəsi ASC-nin, habelə yüksək keyfiyyətli polietilen borular istehsal edən “Dizayn–Cenay Azərbaycan” müştərək müəssisəsinin açılış mərasimlərində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Keçən il 2.642 yeni iş yeri yaradılmış, regionların inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi illərində Sumqayıtda yaradılmış yeni iş yerlərinin ümumi sayı isə 40 minə yaxın olmuşdur. Konstruktiv dialoq formasında keçən tədbirdə maraqlı işgüzar təkliflər də səslənmişdir. Qarşıya qoyulmuş vəzifələrin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılmış, ölkə rəhbərlərinin tələblərinin dəqiq yerinə yetirilməsinin təmin edilməsi üçün konkret tədbirlər müəyyən edilmişdir.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər