“Evdə müalicə alan koronavirus xəstələrinə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı təqibi üçün bütün poliklinikalara və sahə həkimlərinə göstərişlər verilib. Həmçinin Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib”.
Bu barədə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova məlumat verib
Şöbə müdirinin sözlərinə görə, şübhəli olan xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır, vəziyyətləri sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır, dəyərləndirmə aparılır: “Hospitalizasiyaya ehtiyacı olanlar xəstəxanaya yerləşdirilir, digərləri isə ambulator nəzarətdə saxlanılır. Rentgen müayinə, temperaturun nəzarətdə saxlanılması, vəziyyətində dəyişikliyin olub-olmaması barədə gündə iki dəfə təlimata uyğun həmin xəstələr barədə TƏBİB-ə məlumat göndərilir. Nisbətən ağırlaşma müşahidə olunarsa Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşınları ilə xəstəxanaya yerlləşdirilir”.
S.Sadıxova həmçinin qeyd edib ki, son günlər müraciətlərlə bağlı azalma müşahidə olunur. Əvvəl müraciətlər daha çox idi və xəstələri xəstəxanaya yerləşdirməkdə yer ilə bağlı problemlər yaşanırdı: “Artıq 5 gündür ki, modul tipli xəstəxana da istifadəyə verilib və elə bir problemimiz yoxdur. Sahə həkimlərinin dərman preparatları ilə təmin olunması haqda rəsmi olaraq təlimat almamışıq. Təlimat olduğu təqdirdə icrası təmin olunacaq”. xeberle.com