Sumqayıtda tikinti tullantılarını konteynerlərə atan şəxslərə xəbərdarlıq olundu -VİDEO

125

Bir müddət əvvəl Sumqayıt Şəhər Təmizlik Departamenti yay mövsümünün başlaması və bu dövrdə yaşayış evlərində təmir-tikinti işlərinin intensivləşməsi ilə əlaqədar şəhər sakinlərinə növbəti dəfə müraciət etmişdi. Müraciətdə vətəndaşlardan təmir zamanı yaranan tikinti tullantılarını məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərə atmamaq, bu cür tullantıların müəyyən edilmiş qaydada daşınmasını və utilizasiyasını təmin etmək xahiş olunmuşdu.

Departament tərəfindən bildirilib ki, tikinti materiallarının qalıqları, beton parçaları, kərpic, kafel, qapı-pəncərə hissələri və digər iri həcmli tullantıların məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərə yerləşdirilməsi həm konteynerlərin yararsız vəziyyətə düşməsinə, həm də tullantıların daşınmasında istifadə olunan xüsusi texnikaların mexaniki hissələrinə ciddi ziyan vurur. Nəticədə tullantıların vaxtında daşınması prosesi ləngiyir, şəhərin sanitariya vəziyyətinə mənfi təsir göstərən halların yaranmasına səbəb olur.

Lakin edilən xəbərdarlıqlara və aparılan maarifləndirmə işlərinə baxmayaraq, bəzi sakinlər tərəfindən tikinti tullantılarının konteynerlərə atılması halları yenidən qeydə alınıb.

Bununla əlaqədar Sumqayıt Şəhər Təmizlik Departamentinin əməkdaşları tərəfindən müxtəlif ərazilərdə əlavə monitorinqlər keçirilib, sakinlərlə fərdi söhbətlər aparılıb, onlara tikinti tullantılarının düzgün idarə olunması qaydaları ətraflı izah edilib. Maarifləndirici söhbətlər zamanı bu cür tullantıların şəhərin təmizliyinə, kommunal xidmətlərin fəaliyyətinə və dövlət əmlakına vurduğu ziyan vətəndaşların diqqətinə çatdırılıb.

Görülən tədbirlər və aparılan izahat işləri nəticəsində sakinlər konteynerlərə yerləşdirdikləri tikinti tullantılarını yenidən toplayaraq öz nəqliyyat vasitələrinə yükləyib, onları təyinatı üzrə xüsusi ayrılmış məntəqələrə və digər müvafiq ünvanlara daşıyıblar. Bu isə maarifləndirmə tədbirlərinin müsbət nəticə verdiyini və vətəndaşların məsuliyyət hissinin artırılmasının mümkün olduğunu göstərib.

Qeyd edək ki, Sumqayıt Şəhər Təmizlik Departamenti şəhərin sanitariya vəziyyətinin qorunması, küçə və məhəllələrin təmiz saxlanılması, tullantıların vaxtında daşınması və ekoloji mühitin mühafizəsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Departament əməkdaşları günün müxtəlif saatlarında şəhərin təmizliyinin təmin olunması üçün müntəzəm iş aparır, yaranan problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görür və əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərini davamlı şəkildə həyata keçirirlər.

Qurum bir daha şəhər sakinlərini təmizlik qaydalarına riayət etməyə, tikinti tullantılarının məişət tullantıları konteynerlərinə atılmamasına, onların daşınması və utilizasiyası ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməyə çağırıb. Bildirilib ki, şəhərin təmiz və abad saxlanılması yalnız aidiyyəti qurumların deyil, hər bir vətəndaşın ortaq məsuliyyətidir və bu istiqamətdə göstərilən əməkdaşlıq Sumqayıtın daha sağlam və nümunəvi şəhər mühitinə çevrilməsinə mühüm töhfə verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər