Sumqayıtda “Yerli Demokratiya Həftəsi”

597

Azərbaycanda Yerli Demokratiya həftəsinin ilk günündə Sumqayıt Bələdiyyəsində şəhərin bütün məhəllə və mikrorayonlarında fəaliyyət göstərən məhəllə komitələri sədrlərinin iştirakı ilə geniş tədbir keçirilmişdir. 

Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev tədbirin açılışında çıxış edərək, Azərbaycanın müstəqil və sivil bir dövlət kimi demokratik prinsiplər və dəyərlər əsasında inkişafında xalqımızın ümummilli lideri, dahi rəhbər Heydər Əliyevin müstəsna rolu olduğunu diqqətə çatdıraraq, cəmiyyətin bəşəri tələblər səviyyəsində formalaşmasının bütün mərhələlərində demokratiya amil və ənənələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Qeyd edilmişdir ki, Ulu öndərin layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin gərgin və çoxşaxəli prezidentlik fəaliyyəti sayəsində Azərbaycan son illərdə böyük intibah dövrü keçirərək, bütün sahələrdə inanılmaz sürətli inkişafa, yüksək uğurlara nail olmuşdur ki, bunun da əsasında dıgər mühüm amillərlə yanaşı demokratik ənənə və prinsiplərə geniş meydan verilməsi dayanır. Sumqayıtda da məhz demokratik prinsiplərin, insan amilinin əsas tutulmasının real nəticəsidir ki, son illərdə şəhərdə bu gün də geniş vüsətlə davam etdirilən xeyli abadlıq-quruculuq işləri aparılmışdır. Küçələr müasir standartlar səviyyəsində, yüksək keyfiyyətlə təmir edilmiş, meydançalara daş örtüklər döşənmiş,  parklar və istirahət güşələri yenidən qurulmuş, işıqlandırma sistemləri təzələnmiş, binalar milli və müasir  memarlıq tələblərinə uyğun görkəmə salınmış, şəhərin siması xeyli yaxşılaşmış, daha gözəl və göz oxşayan olmuşdur. Şəhərin ayrı-ayrı yerlərində bütün kommunikasiya sistemi yenidən qurulmuş, ailələrin xoş istirahəti üçün həyətlər abadlaşdırılmış, gənclərin asudə vaxtlarını mənalı və səmərəli keçirmələri üçün yeni mini-futbol meydançaları, tennis kortları, uşaq meydançaları və s. yaradılmışdır ki, bu da şəhərdə nümunəvi məhəllələrin sırasının durmadan genişlənməsnə  səbəb olmuşdur.

Tədbirdə artıq 7-ci ildir ki ölkəmizdə keçirilən “Yerli Demokratiya həftəsi”nin yeni, müasir vətəndaş cəmiyyətinin formalaşmasında, fəallığının artmasında rolu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki,  “Fəal vətəndaş olaq: səs verək, bölüşək, iştirak edək”,  “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” devizləri altında keşirilən builki “demokratiya həftəsi”nin  proqramına uyğun olaraq Sumqayıtın əhalisi daha sıx olan yaşayış sahələrində sakinlərlə görüşlərin təşkilinə, onları narahat edən problemlərin diqqətlə araşdırılmasına nail olunmalı, Bələdiyyə-vətəndaş münasibətlərində qarşılıqlı anlaşma təmin edilməli, hər bir mikrorayon və məhəllə sakininin, hər bir ailənin müraciət və təkliflərinin reallşmasına maksimum səy göstərilməlidir.  Məhəllə komitələri fəallarının diqqəti məhz bu sahəyə yönəldilmiş, “demokratiya həftəsi” ərzində hər bir məhəllə və mikrorayonda əhali ilə səmimi ünsiyyət yaradılmasının, aşkarlıq və demokratiya şəraitində görüşlərin keçirilməsinin vacibliyi və məqsədəuyğunluğu diqqətə çatdırılmışdır. Keçiriləcək görüşlərdə gənclərin də fəal iştirakının təmin edilməsinin, onların arzu və təkliflərini, cəmiyyətimizin inkişafı ilə bağlı ideyalarını işgüzarlıq və qayğıkeşliklə qəbul edərək, qaldırılmış məsələlərin reallaşması işinə məhz gənclərin özünün cəlb edilməsinə nail olunmasının mühüm əhəmiyyət kəsb edəcəyi və bunun vacib bir amili kimi ictimai-demokratik fəallığın daha da artmasına müsbət təsir göstərəcəyi bildirilmişdir. Təsadüfi deyil ki, “həftə” tədbirlərinə gənclərin cəmiyyətdəki rolununu artırılması məqsədilə tədbir proqramlarına proqramına uyğun olaraq “Gənclərin yerli əhəmiyyətli məsələlərin həllində vətəndaş fəallığının artırılması”, “Gənclərin yerli həyatda rolu və iştirakının təşviq edilməsi”, “Gənclər, hakimiyyət, seçkilər”, “Gənclərin yerli özünüidarəni həyata keçirmək hüququndan səmərəli istifadəsi” mövzularında toplantı və yığıncaqların təşkili də nəzərdə tutulmuşdur.

Tədbirdə “demokratiya həftəsi”nin Sumqayıtda yüksək səviyyədə keçirilməsi, real nəticələrə nail olunması ilə bağlı məhəllə komitələri fəallarının təklifləri dinlənilmiş, bir sıra yaşayış sahələrinin həlli vacib məsələləri müzakirə edilmişdir. Nəzərə çatdırılmışdır ki, Bələdiyyə və onun məhəllə komitələri hazırda təqaüddə olanların, şəhid ailələrinin, kimsəsizlərin müraciətlərinə daha çox diqqətlə yanaşmalı, bütün imkan və resurslardan istifadə edərək, onların ehtiyaclarının ödənilməsinə səy göstərməlı, istəklərini maksimum yerinə yetirməyə çalışmalıdırlar.

Bu gün də həyata keçirilməsi davam olunan “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsü çərçivəsində Sumqayıtda ilin sonuna kimi 4 yeni layihənin reallaşdırılmasının başa çatdırılacağı, bu işdə məhəllə komitələrinin təşəbbüskarlığı və işgüzarlığı təqdir edilmiş, mikrorayon və məhəllələrdəki “Xeyir-şər” evlərinin təmiri, onların qorunub-saxlanması, vətəndaşların müraciətləri əsasında ayrı-ayrı binaların giriş hissələrinin abadlaşdırılması, dam örtüklərinin bərpası,  şəhərin ekologiyasının yaxşılaşdırılmasında mühüm rol oynayan yaşıllıqlıarın artırılması işində şəhər sakinlərinin fəal iştirakının təmin edilməsi üzrə məhəllə komitələrinin mühüm missiya daşıdıqları da diqqətə çatdırlmışdır.

Hazırda Sumqayıt Bələdiyyəsi və onun məhəllə komitələri fəallarının qüvvəsi şəhərin bütün məhəllə və mikrorayonlarında “Yerli Demokratiya həftəsi”nin yüksək şəkildə, demokratik dəyərlər əsas tutulmaqla, şəhər sakinlərinin maksimum fəallığı şəraitində keçirilməsinə cəlb edilmişdir. Həftə ərzində Bələdiyyə rəhbərliyinin  vətəndaşlarla görüşlərinin təşkil edilməsi, əhaliyə görülmüş işlər barədə hesabatların verilməsi, Bələdiyyə ərazisində mövcud olan problemlər barədə müzakirələrin aparılması məqsədilə bələdiyyələr tərəfindən “Açıq qapı günləri”  elan edilmiş, vətəndaşların Bələdiyyə ilə birbaşa əlaqələ yaratmaları məqsədilə “qaynar xət” təşkil edilmiş,  vətəndaşların müraciətlərinin, arzu və təkliflərinin qeydə alınması məqsədilə Bələdiyyə binasının qarşısında və əhalinin sıx toplaşdığı müxtəlif yerlərdə “bələdiyyə poçtları” quraşdırılmışdır.

Rəhman ORXAN

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər