Sumqayıtdakı “ASAN XİDMƏT” mərkəzinin ilk müsafirləri jurnalistlər oldu

652

Xəbər verdiyimiz kimi, mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir.
Mayın 15-dən etibarən əhaliyə xidmət göstərməyə başlayacaq yeni mərkəzdə respublikanın kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov jurnalistlərə demişdir: “Ölkəmizin regionlarında ilk dəfə Sumqayıtda yaradılmış universal mərkəz Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarında yaşayan vətəndaşlara da xidmət göstərəcəkdir.
Dövlət agentliyinin rəhbəri daha sonra demişdir: “ASAN XİDMƏT” mərkəzlərində əhaliyə xidmətlər operativlik, şəffaflıq, nəzakət, məsuliyyət və bütün vətəndaşlar üçün münasiblik prinsipləri əsasında göstəriləcəkdir. Doqquz dövlət orqanı, o cümlədən ədliyyə, daxili işlər və vergilər nazirlikləri, Dövlət Əmlak Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 25 növ xidmət və 22 növ funksional xidmət göstərəcəkdir.
Dövlət agentliyinin rəhbərinin sözlərinə görə, Mərkəzə müraciət edən vətəndaşların rahatlığı “ASAN XİDMƏT”in fəaliyyətinin prioritet istiqamətidir. Buraya müraciət edən vətəndaşlar elektron növbə siyahısına daxil ediləcək, bundan sonra mərkəzin gözləmə zalında öz qəbul növbəsini gözləyəcəklər. Əlil vətəndaşların ehtiyacları nəzərə alınmaqla onlara xidmətlər göstərilməsi üçün müvafiq şərait nəzərdə tutulmuşdur. Belə ki, əlillər üçün xüsusi liftlər quraşdırılmış, gözdən əlil vətəndaşlar üçün döşəmə üzərində xüsusi nişanlar çəkilmişdir. Xidmətlərə görə ödənilməli rüsumlar haqqında məlumat gözləmə zalında yerləşdirilmişdir. Rüsumlar mərkəzdə yerləşən bankda və yalnız elektron üsulla ödənilir. “ASAN XİDMƏT” mərkəzində xidmətlər təqdim edilməsinə görə əhalidən pul tutulmur. İ.Kərimov daha sonra əlavə etmişdir ki, vətəndaşlar yalnız sənədlərin verilməsinə və rəsmiləşdirilməsinə görə bankomatlar vasitəsilə dövlət rüsumu ödəyəcəklər. Əlillər və xəstələr üçün güzəştli rüsumlar nəzərdə tutulmuşdur. Burada bütün proseslər sadələşdirilmişdir. Kompyuter informasiya qurğularının və ya Mərkəzin işçilərinin köməyi ilə lazımi arayışlar barədə məlumat almaq, bu arayışları müxtəlif idarələrin elə həmin binada çalışan işçilərinə təqdim edərək yekun sənəd almaq olar. Şəffaflığın təmin edilməsi üçün müşahidə videokameraları qoyulmuşdur.
Daha bir mühüm məqam ondan ibarətdir ki, burada heç bir süründürməçilik üçün əsas yoxdur, bütün məlumatlar vahid informasiya bazasında toplanmışdır. Dövlət agentliyinin rəhbəri demişdir: “Burada İnternetə qoşulmuş kompyuterlər, antropometrik məlumatların qeyd edilməsi üçün fotoqraf, tibb məntəqəsi, notarius, kafe, uşaqlar üçün oyun meydançası, habelə kommunal xidmətlərin haqqının ödənilməsi üçün POST – terminallar olması mərkəzə müraciət edənlərin öz vaxtından daha səmərəli istifadə etmələrinə imkan verəcəkdir”.
Mətbuat konfransında bildirilmişdir ki, Mərkəz xidmətlər göstərilməsi prosesini optimallaşdırmaq üçün əhali ilə fəal əməkdaşlıq edir, sosial şəbəkələr və İnternet-forumlar vasitəsilə vətəndaşlarla əlaqə saxlayır. Bu məqsədlə Mərkəzin rəsmi saytı və sosial şəbəkədə öz səhifəsi yaradılmış, 108 nömrəli birbaşa rabitə xətti açılmışdır. Volonterlərdən ibarət böyük dəstə Mərkəzin işinə xeyli kömək göstərir.
Jurnalistlər Mərkəzdə fəaliyyət göstərən avtoparkla da tanış olmuşlar. Bu, əhaliyə səyyar xidmətlər göstərilməsini daha səmərəli şəkildə həyata keçirməyə imkan verəcəkdir. Bildirilmişdir ki, səyyar mərkəz üçün içərisində xüsusi avadanlıqlar quraşdırılmış 5 avtomobil, “ASAN XİDMƏT” mərkəzləri olmayan regionlarda vətəndaşlara xidmətlər göstərilməsi üçün iki xüsusi avtobus, habelə hazır sənədləri vətəndaşlara çatdırmaq üçün motosikletlər alınmışdır. Beləliklə, vətəndaşlar mərkəzə gəlmədən, əlavə haqq ödəməklə müəyyən xidmətlər sifariş edə bilərlər.
Azərbaycanda pilot layihə çərçivəsində yanvar ayında unikal dövlət xidməti yaradılmışdır. İndiyə qədər 70 mindən çox vətəndaş bu xidmətlərdən istifadə etmişdir. Bu mərkəzlərdə vətəndaşlara müxtəlif sənədlər eyni yerdə təqdim edilir. Artıq Bakının Nərimanov, Nəsimi, Binəqədi rayonlarının və Sumqayıtın sakinlərinə xidmət edən “ASAN XİDMƏT” mərkəzləri fəaliyyət göstərir. Avqust ayında Yasamal rayonunda, payızda isə Xətai rayonunda və Gəncədə müvafiq mərkəzlər açılması planlaşdırılır. Dövlət agentliyinin rəhbəri İ.Kərimov demişdir ki, cari ildə bu mərkəzlərin xidmətləri Bakının bütün sakinlərini əhatə edəcək, 2015-ci ilə qədər respublikanın bütün əhalisi “ASAN XİDMƏT” şəbəkəsindən sərbəst istifadə edə biləcəkdir.

Ətrabə Rzayeva, AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər