Sumqayıtdakı atışmaya səbəb olan dialoq

671

Sumqayıtın 10-cu mikrorayon ərazisində “Soltan” marketin yaxınlığında polis və vəhabilər arasında baş verən atışma bütün ölkədə ciddi rezonansa səbəb olub. Müxtəlif KİV orqanlarında hadisənin səbəbləri və baş vermə şəraiti ilə bağlı xeyli sayda ehtimal səslənsə də, onların heç biri əsl həqiqətlə o qədər də üst-üstə düşmür. Baş verən əməliyyat və həyata keçirilən həbslərlə bağlı kifayət qədər məlumatlı olan özəl mənbənin Moderator.az-a verdiyi məlumatda isə baş verən olayla bağlı xeyli sayda obyektiv informasiyalar yer alır.

Məxfi məşvrərət və gözlənilməz qonaq

Mənbənin sözlərinə görə, hər şey vəhabilərin 10-cu mikrorayon ərazisindəki çay evlərindən birində bir araya gələrək Suriyaya döyüşçü göndərmək məsələsini müzakirə etməsi ilə başlayıb: “Çay evlərinin birində toplaşaraq Suriyaya döyüşçü göndərib-göndərməmək məsələsini müzakirə edən vəhabilər məşvərət zamanı  bu istiqamətdə qızğın fikir mübadiləsi aparıblar. Görüş məxfi şəkildə təşkil edilsə də müzakirə zamanı qapı döyülüb və Suriyadakı hərbi əməliyyatlardan yenicə qayıdan sumqayıtlı döyüşçülərdən biri otağa daxil olub. Çay süfrəsi arxasında oturaraq rahat şəkildə müzakirə aparan məclis iştirakçılarını qorxaqlıda ittiham edən “qonaq” daha sonra daha kəskin ifadələr işlədib”.


“Özünüz getmirsinizsə arvadlarınızı, qızlarınızı göndərin”

Mənbənin bildirdiyinə görə, “gəlmə” vəhabilərə döyüşdən qorxduqlarını və bu səbəbdən də Suriyadakı döyüşçülərə yemək bişirmək, paltar yumaq üçün həyat yoldaşlarını göndərməyi tövsiyyə edib: “Çağırılmayan qonaq” bildirib ki, bu məclisin bütün iştirakçıları Suriyaya getməkdən, oradakı əməliyyatlara qoşulmaqdan qorxur. Ona görə də “qonaq” vəhabilərə “özünüz getmirsinizsə arvadlarınızı, qızlarınızı göndərin, heç olmasa oradakı döyüşçülərə yemək bişirsinlər, paltar yusunlar” deyib. Onun bu sözü vəhabilərin qəzəbinə səbəb olub və əsəblərini cilovlaya bilməyən məclis iştirakçılarından biri “qonaq”a bıçaq zərbəsi endirib”.

Xəstəxanadan göndərilən mesaj: “Qorxaqlara aman verməyin”

Bilgili qaynağın sözlərinə görə, yaralanan şəxs dərhal bəzi məclis iştirakçılarının köməyi ilə xəstəxanaya çatdırılıb və özünə gələr-gəlməz  etdiyi ilk şey onunla birlikdə Suriyadan gələn döyüşçülərə vəhabilərlə bağlı təlimat verməsi olub: “Xəstəxanadan öz dostlarına zəng edərək Sumqayıtda keçirilən məxfi görüş yeri haqqında məlumat verən “gəlmə”, qeyd edib ki, “qorxaqlar Suriyaya gedib vuruşmağa cəsarət etmir, amma mənə xaincəsinə bıçaq zərbəsi vururlar. Ora gedin və qorxaqlara aman verməyin”.

Məxfi toplantıya silahlı basqın

Özəl mənbənin məlumatına görə məlum telefon zəngindən qısa zaman sonra Sumqayıtdakı məxfi görüş yerinin qarşısında toplanan yaralının dostları çay evinə qəfil basqın həyata keçirib. Gəlmələrin basqınına vəhabilərin silahla qarşılıq verməsi tərəflər arasında qarşılıqlı siulahlı insidentin baş verməsinə səbəb olub. Məhz bu amil polisin diqqətini cəlb edib və qısa zaman ərzində əraziyə Sumqayıt Şəhər Polis İdarəsi, MTN-nin Sumqayıt şəhər şöbəsi və s. güc orqanlarının xüsusi təyinatlıları cəlb olunub. Hazırda bəzi toplantı iştirakçıları həbs edilsə də məclisin qalan üzvlərinin axtarışı davam edir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər