Sumqayıt şəhərində abadlıq və quruculuq işləri davam etdirilir. H
Hazırda Sumqayıtda həyata keçirilən əsas layihələrdən biri Mehdi Hüseynzadə adına Şəhər Stadionunun yenidən qurulmasıdır. Ölkəmizin dördüncü ən böyük stadionunun yenidən qurulması üzrə işlər dövlət başçısının sərəncamı əsasında aparılır. Sumqayıt stadionu şəhər parkının ən gözəl guşəsində yerləşir. Onun tribunalarından Xəzər sahillərinə çox gözəl mənzərə açılır. Stadionda yenidənqurma işləri cari ilin sonuna qədər başa çatacaq.
Sumqayıtın ən böyük ekoloji problemlərindən olan “Acıdərə” kanalının boruya alınması işləri davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda “Acıdərə” kanalı qapalı sistemə keçirilməklə yeni məcraya salınır. İnşa edilən beton kanalizasiya sisteminin bir hissəsi artıq tam hazırdır. Qeyd edək ki, “Acıdərə” kanalına kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Dövlət vəsaiti hesabına görülən işlər başa çatdıqdan sonra 20 minə yaxın sakinin yaşadığı ərazidə yeni kanalizasiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.
Dövlət başçısının sərəncamına əsasən, 1 nömrəli Şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi də davam etdirilir.
Prezident İlham Əliyevin bu ilin yanvarın 27-də imzaladığı “Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 6,4 milyon manat ayrılıb. Layihə çərçivəsində Sumqayıt şəhərinin 135 min nəfər əhalisinin yaşadığı Corat, Hacı Zeynalabdin Tağıyev qəsəbələrində, 21-ci mikrorayon ərazisində, həmçinin “Yaşıl Dərə”, “Qurd Dərəsi”, “Xəzər Bağları” yaşayış massivlərində və 5 məhəllədə ümumi uzunluğu 21,4 kilometr olan küçə və yolların təmirinin həyata keçirilməsi nəzərdə tutulurdu ki, artıq bu işlərin bir hissəsi yerinə yetirilib. Təmir işlərinin, ümumilikdə, əhatə edəcəyi sahə 150 min kvadratmetrdir.
Bütün bunlarla bərabər, hazırda şəhərdə yaşayış binalarının fasadlarının yenilənməsi və təmirə ehtiyacı olan digər yolların asfaltlanması işləri də həyata keçirilir. Beləliklə, Sumqayıt pandemiya dövründə də inkişafı və quruculuğu ilə nümunələr yaradır.
Sumqayıtın inkişafı davamlıdır - VİDEO
•
1867