Sumqayıtın təcili və təxirəsalınmaz tibbi yardım stansiyası gücləndirilmiş iş rejimində işləyir

4213

Sumqayıtın təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Arif Yusifov AzərTAc-ın müxbiri ilə söhbətində demişdir: Bu soyuq, sərt qış günlərində Sumqayıtın təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının təcrübəli həkimlərdən və ixtisaslı tibb işçilərindən ibarət ixtisaslaşdırılmış briqadaları şəhərin, Novxanı və Qurd dərəsi bağ massivlərinin, yaxınlıqdakı Corat və Hacı Zeynalabdin Tağıyev qəsəbələrinin, habelə Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin sakinlərinə gecə-gündüz tibbi yardım göstərirlər. Havaların kəskin surətdə soyuması ilə əlaqədar stansiya və onun bütün filialları gücləndirilmiş iş rejimində işləyir.
Soyuqların düşməsi nəticəsində insanlar şəhərin küçələrində aldıqları müxtəlif zədələrlə əlaqədar bizə daha tez-tez müraciət etməyə başlamışlar. İlk tibbi yardım göstərilmiş 52 nəfərdən müxtəlif sınıqları, əzilmələri olan 41 nəfər xəstəxanaya yerləşdirilmişdir.
Baş həkimin sözlərinə görə, son bir həftədə şəhərin 103 xidmətində 1554 çağırış qeydə alınmışdır. 140 adam müxtəlif diaqnozlarla xəstəxanaya yerləşdirilmişdir. Dəm qazından zəhərlənmə halları artmışdır ki, bu da kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə edilməsi ilə əlaqədardır. Fevral ayının təkcə bir həftəsi ərzində 13 adam dəm qazından zəhərlənmişdir. Bunlardan dörd nəfəri ağır vəziyyətdə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilmişdir. Həmçinin iki nəfərin dərmandan zəhərlənməsi və iki kimyəvi zəhərlənmə hadisəsi qeydə alınmışdır. Ümumiyyətlə, ilin əvvəlindən bəri 48 zəhərlənmə qeydə alınmışdır ki, bunun da ikisi ölümlə nəticələnmişdir.
A.Yusifov demişdir: Şəhər təcili yardım stansiyasının dispetçer xidmətinə daxil olan heç bir çağırış diqqətdən kənarda qalmır. Vaxtında və operativ tibbi yardım göstərilməsi üçün bütün qüvvələr səfərbər edilmişdir. Bu strateji əhəmiyyətli xidmətin işçiləri üçün hər cür şərait yaradılmışdır, stansiyanın zəruri dərman və sarğı materialları ehtiyatı vardır. Hər gün tam komplektləşdirilmiş 23 təcili tibbi yardım maşını insanların çağırışlarına tələsir.

Ətrabə Rzayeva (AzərTAc)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər