Sumqayıtlı Avropa çempionu: “Çox dəcəl, eyni zamanda ağıllı uşaq olmuşam”

761

sumqayitxeber.com şahmat üzrə Avropa çempionu Şəhriyar Məmmədyarovun  “Axar.az”a müsahibəsini təqdim edir: 

Bugünkü müsahibimiz müsəlman dünyasının hazırkı bir nömrəli şahmatçısı, şahmat aləmində “Şah” ləqəbi ilə tanınan Şəhriyar Məmmədyarovdur. Müsahibimizi əvvəlcə Varşavada baş tutan Avropa Çempionatındakı qələbə münasibətilə bir daha təbrik etdik. Daha sonra səmimi ortamda söhbətimizə başladıq: 

– Necəsiniz?

– Turnirdən sonra yaxşıyam, yorğunluğu çıxmaq şərtilə. Teymur Rəcəbovla mən, əslində, dünya çempionatına getməliydik, amma yorğun olduğumuza görə istirahət etmək qərarına gəldik.

– Yarış öncəsi komandada əhval-ruhiyyə necə idi?

– Bilirsiz, Azərbaycan milli komandası Avropa çempionatlarında, demək olar ki, çox uğurlu çıxış edir. 2007-ci ildən başlayaraq Avropanın üçüncüsü, 2009-cu ildə Avropa çempionu, 2011-ci ildə isə ikinci yerə çıxmışdıq. Avropa çempionatı iki ildən bir olduğu üçün çox güclü çempionat sayılır. Onu da əlavə edim ki, Azərbaycan şahmatında son ildə ağır itki baş verib. Belə ki, Azərbaycan şahmatının çox güclü şahmatçılarından biri, dünyanın 10 şahmatçısı siyahısına daxil ola bilmiş Vüqar Həşimov son zamanlar sağlamlığı üzündən çox təəssüflər olsun ki, milli komandaya kömək edə bilmir. Bu itki də özünü komandada büruzə verir. Onu deyə bilərəm ki, turnirdən qabaq biz 6 nömrə kimi başlamışdıq. Bizdən qabaq Rusiya, Ermənistan, Ukrayna, İngiltərə, Fransa kimi çox güclü komandalar var idi. Biz hətta planlaşdırmışdıq ki, turnirdə üçüncü yerə çıxsaq, super olar. Amma bu il bəlkə də hamısından rahat oldu. Birinci turdan başlayaraq sona qədər qələbəni əldən vermədik.

Biz heç vaxt onlara məğlub olmamışıq

– Varşavada baş tutan Avropa çempionatının 9-cu turunda Ermənistan millisi ilə qarşılaşmısınız. Bu oyunu necə xarakterizə edərdiniz?

– Ermənistanda həqiqətən ən güclü idman növü şahmatdır. Tarixən və indi də yetərincə güclü şahmatçıları var. Ermənistan millisinin ona görə bəxti gətirib ki, Ermənistan Şahmat Federasiyasının prezidenti Ermənistanın dövlət başçısıdır. Hər dəfə də yarışlara şəxsən özü gəlir. Biz oynayanda da gəlir başımızın üstündə durur, gedişlərə maraqla baxır. Bir dəfə hətta belə bir hadisə olmuşdu. Mən Olimpiada vaxtı tələsirdim və gedəndə bilmədən onun ayağını tapdaladım. O da “Şəhriyar, narahat olma, Şəhriyar, narahat olma”,- dedi. Yəni ki, hamımızı tanıyır. Onlar üçün hər bir turnir böyük sınaqdır. Ermənistanla oynayanda qəribə situasiya yaranmışdı. Bizim 13, onların isə 12 xalı var idi və Ermənistan bizə qalib gəlsəydi, avtomatik çempion olurdu. Lakin bizə qalib gələ bilməsəydi, medal götürmürdü. Bizim isə əsas məqsədimiz Ermənistana uduzmamaq idi. Çünki heç-heçə də bizə sərf edirdi. Turnirdən qabaq Ermənistan milli komandası ikinci idi və onların bir nömrəli oyunçusu dünyanın iki nömrəli şahmatçısı idi. Ümumilikdə Ermənistan millisiylə 6 dəfə qarşılaşmışıq. Onun da üçü heç-heçə olub, üçündə isə biz qalib gəlmişik. Biz heç vaxt onlara məğlub olmamışıq. Oyuna çox rahat başladıq və başlayan kimi də üstünlüyü ələ aldıq. Onlarla heç-heçə elədik və Ermənistan millisi 4-cü yerə çıxdı.

– İndiyəcən qazandığınız uğurların ən yadda qalanı hansı olub?

– Bilirsiz, şahmatda titullar belə başlayır. Yeniyetmələrin Avropa, dünya çempionatı. Mən hər ikisinin qalibi olmuşam. Sonra Gənclərin dünya çempionatı. Gənclərin dünya çempionatı tarix boyu 48 dəfə keçirilib. Gənclər arasında bu titulu 2 dəfə qazanmışam. Bununla da dünya rekorduna imza atmışam. Sonra klublar arasında Avropa çempionu olmuşam. Dünya çempionatının ən yaxşı oyunçusu olmuşam. Şahmat olimpiadasının iki dəfə qızıl medalçısıyam. Blits üzrə Dünya çempionatında 3-cü yerə çıxmışam, rapid üzrə dünya çempionu olmuşam. Lakin klassik şahmat üzrə dünya çempionatında medalım yoxdur. İnşallah mart ayında baş tutacaq.

– Belə çıxır ki, gələn il üçün hədəfiniz məhz klassik şahmat üzrə dünya çempionatında medal qazanmaqdır?

– Sözsüz, mənim ən vacib yarışmam mart ayında olacaq. Dünya çempionatına getməməyimin də bir səbəbi budur. Bu turnirdə ciddi hazırlaşmağıma görə azad edilmişəm.

– Şahmatçı ailəsində anadan olmusunuz. Bacılarınız da Türkan və Zeynəb məşhur şahmatçıdırlar. Hətta toyunuzda tort da şahmat formasında olub. Bəs şahmatdan bezdiyiniz an olubmu?

– Bilirsiz, bezmək əlbəttə ki, mümkündür. O qədər gözəl nemətlər var ki, adam yeyir, doyur. İnsanların çoxu sevmədiyi işlə məşğul olur. Amma Allahıma şükür edirəm ki, sevdiyim işlə məşğulam. Ona görə gərək belə bir hədiyyəni qiymətləndirəsən. Bu işlə məşğul olmağı məni heç kim məcbur eləmir. Sadəcə, özümü yormuram. Bezəndə ara verirəm, 1-2 ay oynamıram.

Dərsdən qaçmağı planlaşdırırdım

– Əldə etdiyiniz uğurların qazanılmasında kimin əməyi var?

– Bir çoxumuzda olduğu kimi, mənim də uğurlarımın qazanılmasında valideynlərimin rolu əvəzedilməzdir. Cəmi 8 yaşım olanda atam məni şahmata qoyub, o vaxtdan da mən bu idman növünü sevməyə başladım. Atam mənə şahmatı sevdirdi. Onların məni hansı çətinliklərə yarışlara göndərmələrinin şahidi olmuşam. Ona görə onların əməyini dana bilmərəm.

– Deyirsiniz ki, 8 yaşından şahmata gedirsiniz. Bəs şahmatla paralel olaraq dərsləri necə çatdırırdınız? Ümumiyyətlə, məktəbdə necə oxumusunuz?

– Çox dəcəl, eyni zamanda ağıllı uşaq olmuşam. Artıq 7 yaşım olanda 3 rəqəmlini çox rahat şəkildə bir-birinə vurmağı bacarırdım. 2 rəqəmlini bir-birinə vurmaq isə, sadəcə, gülünc idi. Mənim bu istedadıma görə qonşular hesab-kitab məsələlərini etmək üçün mağazaya aparırdılar. Bunun da qarşılığında onlar mənə konfet alırdılar, mən də sevinirdim (gülür). Birinci sinifdən hamı mənim oxumağıma həsəd aparırdı. 2-3-cü sinifdən dərsdən fəal şəkildə qaçmağı planlaşdırırdım. Get-gedə dərsdən qaçmaq xoşuma gəlməyə başlayırdı. Qaçanda çox vaxt “Seqa”, “dendi” kimi oyunlar oynayırdım, bəzi “xuliqanlıqlar” edirdim. Şahmata başlayandan sonra dərslərə daha az vaxt ayırmağa başladım. Onu da deyim ki, məktəb direktorları da şagirdlərinə şərait yaratmalıdır. O cəhətdən mənim bəxtim gətirib. Təhsil Nazirliyindən də, məktəbdən də yarışlara getməyimə şərait yaradırdılar.

Adam nə qədər eyni işlə məşğul olar?

– Şahmatdan başqa nə ilə maraqlanırsınız?

– Hər şeylə. Mən özümü sırf şahmatçı saymıram. Sırf şahmatçı saysam, elə bilərəm ki, 1-2 ilə dəli olaram. Adam nə qədər eyni işlə məşğul olar? Çalışıram nə maraqlı xəbər varsa, onu öyrənim. Məndə universallıq var. Elə bir iş yoxdur ki, ondan başım çıxmasın. Onu da əlavə edim ki, ümumiyyətlə, Azərbaycan gənclərində mövzu eyniliyi var. Fikir verirəm ki, onlar ancaq eyni söhbətlər eləyir. Bu, heç də xoş hal deyil. Əksəriyyəti eyni həyatı yaşayırlar.

– Sizcə, bu, nədən qaynaqlanır?

– Gənclər arasında sağlam rəqabətin olmamasından. Onlar bir-birindən ancaq mənfi xüsusiyyətləri götürürlər. Mənim Avropada çoxlu dostlarım var. Onlarla tamamilə fərqli mövzuda söhbətlər eləyirik. Həyatda dəyişiklik olmalıdır. Həyat elədir ki, gedən bir dəqiqə geri qayıtmır. Ona görə də risk eləyib fərqlənmək lazımdır. Bilirsiz, gənclik insana ona görə verilib ki, öz qocalığını təmin eləsin. Əgər gəncsənsə, güclüsən. Avropa insanları gəncliyində işləyirlər, qocalığında istirahət edirlər. Bizdə insanlar istirahətlə əyləncəni səhv salırlar. Ona görə mənim gənclərlə ünsiyyətim alınmır.

Hirsimdən o qədər ağlamışdım ki…

– Teymur Rəcəbovla münasibətləriniz necədir?

– Bilirsiniz, lövhədə oynayanda rəqibik. Bu da normaldır. Çünki bu idmandır, burada mütləq biri udur, biri də uduzur. Komanda tərkibində biz dostuq. Lakin ayın 10-da yarışda Teymurla oynayacağam. Onda biz artıq rəqib olmağa məcburuq. Təbii ki, mən də udmaq istəyirəm, o da. Mən deyim ki, oyunu sənə hədiyyə edirəm?! Bu olmur axı… Hətta elə olub ki yarışda bacımla düşmüşəm və bir dəfə uduzmuşam. Ona görə hirsimdən o qədər ağlamışdım ki… Nəticədə, heç birimiz pul udmadıq. İntellektual insanlar rəqabəti normal qarşılayır.

– Gənc şahmatçılardan kimi perspektivli hesab edirsiniz?

– Azərbaycan şahmatı 2000-ci ildən çox böyük inkişafdadır. Şahmatçıların axın dövrü isə 2000-ci ildən 2008-ci ilə təsadüf edir. 2002-ci ildə Milli komandanın şərəfini qoruyan şahmatçılar indi də qoruyur. Bu, mənfi cəhətdir. Komandanın tərkibi dəyişməlidir. Biz də hiss eləməliyik ki, bizdən daha yaxşıları gəlir. Təəssüflə deyə bilərəm ki, elə oyunçu yoxdur.

İdmançılar dəli olurlar

– Azərbaycan Milli komandası bir neçə dəfə Avropa çempionu olub. Lakin hələ Dünya çempionu ola bilməmişik. Bizə mane olan nədir?

– Dünya çempionatı təcrübəsi bizdə çox azdır. Tarix boyu cəmi iki dəfə oynamışıq və oynadığımız o anlarda xoş olmayan anlar yaşanıb. Komanda daxilində bəzi problemlər olub. Heyflər olsun ki, bu il də böyük uğur gözlənilmir. Çünki Teymurla mən iştirak edə bilməyəcəyik. İnandırım sizi ki, Avropa çempionu olduğumuza görə indi başqa ölkələr bizi məhv eləmək istəyir, bizimlə yarışmaq istəyir. Biz də istəmirik onlara bu şansı asanlıqla verək. Şahmat oyunu digər idman növlərindən fərqli olaraq başla oynanılır. Məsələn, boks da gözəl idman növüdür. Boksda zərbə vurandan sonra gözün qaralır və 10-15 gündən sonra sağalır. Amma başa vurulan zərbə ömür boyu getmir. Olur ki, yatıram, 2002-ci ildə uduzduğum oyun yadıma düşür. Ona görədir də, idmançılar karyerasını düzgün qurmayanda dəli olurlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər