Sumqayıtlı Milli Qəhrəmanın həyat yoldaşı: Dövlət başçısının bizə verdiyi üçotaqlı mənzili Yeni il hədiyyəsi kimi qəbul edirik

1461

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində mənzillə təmin edilən şəhid ailələri arasında Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin də ailəsi var.

Şəhidin həyat yoldaşı Həcər Nəsirova AZƏRTAC-a müsahibəsində deyib: “Bizə göstərilən bu diqqət və qayğıya görə dövlətimizə, sosialyönümlü siyasət aparan Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm. Vətəninin azadlığı yolunda hər şeydən keçməyə hazır olan Mətləb kimi oğulların ailəsinə göstərilən bu diqqət, onun xatirəsinin əziz tutulması, hörmət və ehtiramla yad edilməsi gənc nəslin nümayəndələri arasında vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olur. Sumqayıtdakı 3 nömrəli orta məktəb Mətləb Quliyevin adını daşıyır, məktəbin qarşısında onun büstü ucaldılıb. Yaşadığı binaya xatirə lövhəsi vurulub, adına bulaq tikilib”.

O, həyat yoldaşının qəhrəmanlıq yolu barədə qısaca bir neçə kəlmə deyib: “Azğın düşmənin torpağımıza təcavüzü başlanandan Mətləb sılaha sarılıb. 1992-ci ildə leytenant rütbəsində Daxili Qoşunlarda xidmətə başlayıb, cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub, 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şəxsi şücaət göstərib, pulemyotla təkbaşına düşmənin üzərinə gedərək onlarla erməni yaraqlısını məhv edib, özü də qəhrəmanlıqla həlak olub.

Həcər xanım ailənin üzləşdiyi mənzil problemindən da danışıb: “Uzun illərdir ki, Yasamalda qardaşım Vaqifin evində olurduq. İndi şükür ki, artıq öz evimiz, öz ocağımız var. Doğma ocaq başqa şeydir, onun istiliyini heç yer verə bilməz. Qızım Arzu, nəvəm Aylinlə birlikdə Yeni ili bizə təqdim olunan üçotaqlı mənzildə qarşılamaq istəyirik. Hesab edirəm ki, bu, ailəmizə verilən çox böyük hədiyyədir. Öz qəhrəmanına yüksək dəyər verən xalqın torpağı uzun müddət işğal altında qala bilməz. Gec-tez, əvvəl-axır Azərbaycan Ordusu öz ərazisini təcavüzkarlardan təmizləyəcək. Mənə elə gəlir ki, onda Mətləbin də ruhu rahatlıq tapacaq. Çünki o, bu Vətəni, bu torpağı bütün varlığı ilə sevirdi. Yeganə arzusu yalnız Vətənin azadlığını görmək idi, üzünü görmədiyi qızının da adını onun öz istəyi ilə Arzu qoydum. Dövlət başçısının şəhid ailəsinin sosial ehtiyacını qarşılayaraq onu mənzillə təmin etməsi daha bir arzumuzun çiçək açması deməkdir. İnanırıq ki, doğma Vətənə, Qarabağa qovuşmaq arzumuzun da çiçək açacağı gün uzaqda deyil…”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər