Tarixi ədalət rəşdaətli ordumuzun gücü ilə bərpa edildi

1460

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən çoxdur davam edir. O zaman ərazisini Cənubi Qafqaza qədər genişləndirən Çar Rusiyası erməniləri bir vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaratmaq vədi ilə onları şirnikləndirirdi. Bu fürsətdən istifadə edən ermənilər məkrli siyasətlərini həyata keçirmək və ölkəmizin tarixi ərazisində erməni dövləti yaratmaq üçün Azərbaycanın müxtəlif bölgələrində yaşayan soydaşlarımıza qarşı dəhşətli qırğınlar həyata keçirdilər.

Ermənilərin zaman-zaman, düşünülmüş və planlaşdırılmış soyqırım siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə öldürülmüş, evləri yandırılmış, mülkləri talan edilmişdir.

Rus inqilablarının yaratdığı şəraitdən istifadə edən erməni işğalçıları 1905-1907 və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. O illərdə Azərbaycanda on minlərlə dinc sakin soyqırıma məruz qaldı, evlərindən didərgin salındı, işgəncələrə məruz qaldı, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı.

Azərbaycanlıların tarixi torpaqlarından qovulması Sovetlər dövründə də davam etmişdir. 1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandakı tarixi ata-baba torpaqlarından deportasiya edilərək Azərbaycanın Kür-Araz düzündə məskunlaşdı.

1988-ci ildə daha 250 min azərbaycanlı vətənlərindən qovuldu və beləliklə Ermənistan monoetnik bir dövlətə çevrildi.

1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılmasına, on minlərə günahsız insanın ölümünə, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsinə səbəb oldu.

Beləliklə, xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20% -ni işğal etdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu 29 il bu məsələni həll etmək əvəzinə dondurmağa çalışdı və illərdir davam edən danışıqlar uğursuz oldu. Bu illər ərzində digər nüfuzlu beynəlxalq təşkilat – BMT də Ermənistana təzyiq göstərə bilmədi və yalnız sülhə çağıran bəyənatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr də icra olunmadı.

Buna baxmayaraq Azərbaycan hər zaman beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirdi və münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışdı.

Bütün bu illər ərzində Ermənistan təcavüzkar siyasətini davam etdirdi, ərazilərimizdə təxribatlar həyata keçirdi, mülki vətəndaşlarımıza daim atəş açdı və onların rahat yaşamasına imkan vermədi.

Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi

2016 -cı ilin aprelində və 2020 -ci ilin iyulundakı döyüşlərdə Azərbaycan bu işğalı qəbul etməyəcəyini, barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, ölkəmizə qarşı təxribatlarını davam etdirdi.

27 sentyabr 2020 -ci ildə Ermənistan tərəfindən daha bir hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri ağır artilleriya atəşinə tutuldu.

Nəticədə hərbçilərlə yanaşı iki uşaq da daxil olmaqla Azərbaycanın 11 mülki vətəndaşı həlak oldu. Uzun illər boyu problemin sülh yolu ilə həllinə çalışan Azərbaycan hökumətinin və xalqımızın artıq səbr kasası dolmuşdur. Hərbi təxribatı dəf etmək və düşmənin təcavüzünə son qoymaq üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhədə əks-hücuma keçməyi əmr etdi. Beləliklə, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi.

Ordumuz Ermənistanın təcavüzkar siyasətinə son qoydu

Ötən dövr ərzində hərbi quruculuq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən oldu. Prezident İlham Əliyev bununla bağlı çıxışlarından birində demişdir: “Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir.”

Dövlətimiz bu illər ərzində ordu quruculuğu istiqamətində çox mühüm addımlar atdı.

Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar, ordumuzun müasir silahlarla təchiz olunması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir.

Ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordusu sırasındadır. Ordumuz Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan ordusu MDB məkanında döyüşə hazırlıq baxımından ön sıradadır.

Ötən dövr ərzində həyata keçirilmiş məqsdəyönlü siyasətin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və milli həmrəyliyin nəticəsində ordumuz düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. 44 günlük Vətən Müharibəsi nəticəsində Ordumuz Ermənistanın təcavüzkar siyasətinə son qoydu.

Bəzi aparıcı Qərb KİV -lərinin, eləcə də ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrləri Azərbaycan ordusunun hərbi taktikasını öyrənmiş və belə nəticəyə gəlmişlər ki, Azərbaycan ordusunun qarşısında hətta dünyanın ən aparıcı ölkəsi olsa belə heç bir şans olmayacaqdı.Bəli, bu gün Azərbaycan ordusu istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

İkinci Qarabağ müharibəsi zamanı istifadə edilən döyüş taktikaları dünya hərbi tarixində bir yenilik sayılır və müvafiq hərbi məktəblərin dərsliklərində öyrənilir.

Hətta ABŞ Hərbi Akademiyası və Pentaqonun nümayəndələri Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsinin vacibliyini vurğulayırlar.

Azərbaycan müharibəni ləyaqətlə apardı və ədalətli Zəfər qazandı

Sentyabrın 27 -də başlayan və noyabrın 10 -da Ermənistanın məğlub olması ilə başa çatan Vətən Müharibəsi eyni zamanda Azərbaycan və erməni xalqlarının fərqini bir daha dünyaya göstərdi.

Azərbaycan ordusunun zəfər yürüşünə tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq mülki əhaliyə zərbələr endirərək hərbi cinayətlər törətdi.

Azərbaycan şəhərləri ballistik raketlər, fosfor və kaset bombaları ilə atəşə tutuldu.

Müharibə zamanı uşaq və qadınlar da daxil olmaqla 100 -ə yaxın mülki şəxs həlak oldu. 400 -dən çox mülki şəxs yaralandı, 5 mindən çox ev dağılıb və zərər çəkib.

Beynəlxalq ictimaiyyət münaqişə zonasından kənarda yerləşən şəhər və ərazilərin atəşə tutulmasını, mülki əhalinin öldürülməsini və yaralanmasını qəti şəkildə qınamalıdır.

44 günlük Vətən Müharibəsi həm də düşmənin işğal zamanı törətdiyi cinayətlərin üstünü açdı. Vandallar işğal dövründə bütün yaşayış məskənlərini talan edib, mədəniyyət abidələrini və yaşayış binalarını dağıdıblar. Düşmən törətdiyi bütün cinayətlərə görə beynəlxalq müstəvidə cavab verməlidir.

İşğal dövründə basdırılmış yüz minlar minaların xəritələrinin verilməməsi bərpa prosesini ləngidir, mülki əhalinin həyatını təhdid edir.

Müharibənin bitməsindən bu yana 150 -dən çox mülki şəxs və hərbçi minaların qurbanı olub. Onlar arasında iki jurnalist də olmuşdur. Beynəlxalq ictimaiyyətə obyektiv həqiqətləri çatdırmaq üçün çalışan jurnalistlərin sülh dövründə vəzifə borcunu yerinə yetirərkən dünyasını dəyişməsi bütün dünyada jurnalistlər tərəfindən qınanılmalıdır.

Fuad Aslanov, Sumqayıtın ilk Olimpiya mükafatçısı, “Tərəqqi” medallı, əməkdar idman ustası

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər