“Təhsildə davamlı keyfiyyət təminatı” adlı beynəlxalq konfrans keçirildi

815
Sentyabrın 29-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Təhsildə davamlı keyfiyyət təminatı” adlı beynəlxalq konfransın açılış mərasimi baş tutdu.
Konfransın əsas məqsədi təhsildə keyfiyyət təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ümumi və ali təhsil pillələrində daxili və xarici keyfiyyət təminatı siyasəti eləcə də mexanizmlərinin təkmilləşdirilməsi, bu iki təhsil pillələri arasında keyfiyyət təminatı sahəsində əlaqələrin qurulmasından ibarətdir.
Açılış nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova Agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırdı.
Əsas məruzəçilərdən olan elm və təhsil naziri Emin Əmrullayev qeyd etdi ki, Azərbaycan təhsil məkanında Boloniya prosesi çərçivəsində həyata keçirilən islahatlar ali təhsilin keyfiyyətinin artırılmasında öz töhfəsini verib. Bununla yanaşı, nazir qarşıda duran hədəflərdən biri olan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Təlimatlarına (ESG) uyğun olaraq təhsil pillələri üzrə davamlı keyfiyyətin təmin olunması məsələsinin vacibliyini vurğuladı.
Qeyd edək ki, beynəlxalq konfransda Sumqayıt Dövlət Universitetindən rektor professor Elxan Hüseynov və Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri baş müəllim Nərmin Həsənova iştirak etdilər.
İki gün davam edən konfransın ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Niderland Krallığının Təhsil üzrə İnspeksiya İdarəsinin Ali Təhsil Departamentinin direktoru Hendrik Martijnse, Ali təhsil üzrə beynəlxalq ekspert, 2009-2013-cü illərdə Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyasının (ENQA) prezidenti olmuş Achim Hopbach, Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ümumi və ali təhsil pillələri arasında keyfiyyət təminatının davamlılığının təmin edilməsi barədə müzakirələr apardılar.
Həmçinin təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə də toxunuldu və tədbir iştirakçılarının sualları cavablandırıldı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər