Toşak pulsuz gəlib?

998

Con Toşakın “Xəzər Lənkəran”ın baş məşqçisi təyin olunmasına mən də sevinirəm. Amma Lənkəranın mürəkkəb futbol atmosferinin yaxşı vaxtlarını arxada qoymuş uelsli mütəxəssisə necə təsir göstərəcəyi bilməməyimiz, ən əsası Tuyqun Nadirovun hələ də klubun vitse-prezidenti postunu tutması işıqlı gələcək üçün birmənalı planlar qurmağa imkan vermir. Babək Quliyevin idman direktoru kimi səlahiyyətlərinin çərçivəsi də tam aydın deyil. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, Toşak ilk dəfə Bakıya gələrkən hava limanında klub rəsmilərdən Tuyqun Nadirovla tərcüməçi Elvar Quliyev gözə dəydi. Babək bəyin qarşılanma mərasimində görünməməsinə təəccüblənməsəm də, ertəsi gün keçirilən mətbuat konfransında da həmin mənzərənin təkrarlanması diqqətimi cəlb etdi. Əgər, klubun idman direktoru belə mühüm tədbirlərdə iştirak etməyəcəksə, hansı işlə məşğul olacaq? Yoxsa, Quliyevin Lənkəran klubunda adı böyük səslənən vəzifəsinin səlahiyyətləri ancaq azərkeşlərlə iş aparmaq, görüş keçirməklə məhdudlaşır? Hər halda bu məqamlara tezliklə aydınlıq gələcək. Zaman keçdikcə Babək bəyin klubun siyasətinə təsir imkanları üzə çıxacaq, fəaliyyətinin nə qədər geniş dairəni əhatə etdiyi hiss olunacaq. Qayıdaq Toşakın qəfil gəlişinin doğurduğu suallara. Türkiyədə yaşayan dostlarım ilk gündən onlara heç də yad olmayan çalışdırıcının gəlişini maraqla qarşıladılar. Elə yenicə sinəmi irəli verib, qürrələnməyə başlamışdım ki, arkadaşlardan birinin sualı əhvalımı pozdu. Daha doğrusu onun “Toşak “Xəzər Lənkəran”a kaç paraya gəldi?” sualına cavab vermə bilməməyimdən utandım. Axı, mən necə deyəydim ki, abi biz Mourinyonun belə nə qədər maaş aldığından xəbərdarıq, amma öz çempionatımızda çalışan məşqçilərin və futbolçuların əmək haqqlarından xəbərsizik?! Belə məsələlərlə maraqlanmaq bizim xarakterimizə yaddır, heç kim başqasının maaşını soruşmur. Sonra deyərlər ki, filankəs bəhmənkəsin puluna göz dikib. Heç mən özüm də bu yazımda Toşakın məvacibi məsələsini qabartmazdım əgər, bəzi dostlarımız tərəfindən az qala hər gün “Xəzər Lənkəran”ın yeni çalışdırıcısı haqqında sadə və zəhmətkeş obrazı yaradılmasına cəhdlərlə rastlaşmasaydım. Hər gün Toşakın Lənkəranda ucuz telefon işlətdiyindən, evindən bazaya qədər olan yolu velosipedlə qət etməsindən danışılır. İnanın ki, çox sevindiricidir. 64 yaşında adamın cibindən bahalı telefon çıxarıb, qürrələnməsi təəccüblü olardı. Digər yandan, Toşakın məşqçilik karyerası o qədər zəngindir ki, onun belə maddi şeylərlə lovğalıq etməsinə təəccüblənərdik. Madrid “Real”ını, “Beşiktaş”ı çalışdırmış məşqçinin pulunun çox olması şübhəsizdir. Velospideddən istifadə etməsi də qocaman mütəxəssisin sağlamlığının qayğısına qalmasından xəbər verir. Hamımız xəbərdarıq ki, avropalılar bahalı “CİP”lərdə gəzməyi xoşlamır, velosiped sürməklə bir növ idman edirlər. Ölkəmizə gəlmiş əcnəbi mütəxəssisin bu cür müsbət keyfiyyətlərə malik olması yaxşı haldır. Amma yaxşı mövzulardan da tez-tez danışıb, təkrarçılığa yol verəndə, şitini çıxartmaq mümkündür. Necə ki, iki il bundan əvvəl Mirça Rednikin əliaçıq insan olmasından, bazanın işçilərinə pul paylamasından, sahibsiz heyvanlara yemək verməsindən o qədər yazıldı ki, axırda kişini hörmətdən saldılar. Hətta rumın çalışdırıcının bu üsuldan yararlanmaqla azərkeşlərin ürəyinə yol tapmağı, daha sonra rəhbərliyə öz şərtlərini qəbul etdirməyi hədəflədiyini iddia edənlər tapıldı. İşin peşəkar yönü odur ki, heç bir klub məşqçi seçərkən onun xeyirxah əməllərini, mesanat olmasını, velosiped sürüb, ucuz telefonla danışmasını ön plana çəkmir. Çalışdırıcının birinci vəzifəsi ona yaradılan şəraitdən maksimum yararlanaraq faydalı transferlərlə komanda qurması, uğurlu nəticələr qazanmasıdır. Heç kimə sirr deyil ki, Yunis Hüseynovun Lənkəranda uğur qazana bilməməsinin əsas səbəbi klubun transfer siyasətindəki kobud səhvləri oldu. Bütün enerjisini “Neftçi”dən Ruslan Abışovu qopartmağa sərf edən klub rəsmiləri bir də ayıldı ki, “Lex”in qarşısına çıxarmağa səviyyəli legionerləri yoxdur, hücum xətti Subaşiçin ümidinə qalıb. Avroliqadakı uğursuzluqdan sonra isə 21 yaşı futbolçuyla bağlı reqlamentin tələbinə əməl etməkdən ötrü “çərçivə” təcrübəsiz Orxan Sadıqlıya tapşırıldı. Yunis bəy sehirbaz olmadığını, kasad heyətlə premyer liqada nəticə verə bilməyəcəyini də yaxşı anlayırdı. Sadəlöhv çalışdırıcı uzun müddət işsizlikdən əziyyət çəkdiyi üçün ona etimad göstərən Tuyqun Nadirovla Mais Məmmədova hədsiz ehtiram bəsləyirdi. Məhz bu ehtiramın cavabı prezidentlə vitse-prezidentin transferlərə başdansovdu yanaşması oldu. Belədə klub rəhbərliyinə öz tələblərini zamanında qəbul etdirə bilməməyən Hüseynovun istefası qaçılmaz idi. Sözümün canı odur ki, “Xəzər Lənkəran”ın 10 illik yubiley mövsümündə Mübariz Mənsimov pul kisəsinin ağzını açacaqsa, bahalı transferlər sayəsində çempionluq kuboku Lənkərana gedəcəksə, bu Toşakın yaxşı, Yunis Hüseynovun pis olduğunu düşünməyə əsas verməz. Hadisələri qabaqlamayım. Toşakın sadə insan olmasından danışanlar, deyin görək çalışdıcı nə qədər məvacibə Lənkərana gəlib? Türkiyədəki dostlar cavab gözləyir.

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər