Vaqif Əliyev Aktau şəhərinin nümayəndə heyətini qəbul edib

721

Bu gün Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Qazaxıstan Respublikasının Aktau şəhərinin nümayəndə heyətini qəbul edib. Aktau şəhərinin yeni akimi Ospan Qazaxbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sumqayıt və Aktau şəhərləri arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, şəhərlər arasında əməkdaşlığın daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Danışıqların nəticəsi kimi, şəhər rəhbərləri yaxın müddətdə Aktau və Sumqayıtın iş adamlarının iştirakı ilə Qazaxıstanda biznes-forumun keçirilməsi barədə razılığa gəliblər. Birgünlük səfər çərçivəsində nümayəndə heyəti Sumqayıtın Tarixi Muzeyinin əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində, III Ümumrespublika Kitab Bayramı çərçivəsində Nizami meydanında təşkil olunacaq Kitab Bayramında iştirak edəcək, eyni zamanda Sumqayıt şəhərinin sənaye müəssisələri ilə tanışlıq imkanı əldə edəcək. Xatırladaq ki, 3 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevin iştirakı ilə Bakı şəhərində keçirilən Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimində Sumqayıt və Aktau şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə” imzalanıb. Birgə Bəyannamə tərəflər arasında təhsil, elm, səhiyyə, idman və mədəniyyət də daxil olmaq geniş spektr üzrə əməkdaşlıq əlaqələrinin inkişafını nəzərdə tutur. Tərəflər arasında ilk səfər 23-25 dekabr 2009-cu il tarixlərində Sumqayıt şəhərinin incəsənət ustalarından ibarət nümayəndə heyətinin Aktauya səfəri ilə həyata keçirilmişdir. Azərbaycan Aktauda Baş Konsulluğunun təşkilatçılığı ilə Sumqayıt şəhərinin muğam üçlüyü, rəqs qrupu və estrada müğənnilərindən ibarət nümayəndə heyəti dekabrın 24-də Qazaxıstan Respublikasının Dövlət Müstəqilliyi günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert proqramında çıxış etmişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər