“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev bildirib.
E.Hacıyev deyib ki, ictimai yerlər dedikdə, insanların daha çox olduğu – küçə, prospekt, park, məhəllədaxili yerlər nəzərdə tutulur:
“Bir sözlə ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Vətəndaş qapıdan çölə çıxdısa, blok, binanın qarşısı da ictimai yer adlanır. Yəni, iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur.
Qaydaların qapalı yerlərlə yanaşı, açıq hava altında olan istifadəsi məcburi xarakter daşıdığına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir”.
DİN rəmisi qeyd edib ki, “Vətən müharibəsi”ndə birləşdiyimiz kimi, COVID-19-a qarşı da birləşməliyik.