Yenə, yeni, yenidən…

583

Junior Nildonun “Xəzər Lənkəran”la müqavilə bağlamasını oxuyan kimi ürəkdən qəhqəhə çəkdim. İlk xatırladığım şəxs isə AZAL-ın baş məşqçisi Vaqif Sadıqov oldu. Bilmirəm, Vaqif müəllim də həmin anlarda məni xatırlayırdı, ya yox. Əgər, “təyyarəçilər”in məşqçisi ani də olsa ağlından aramızda cəmisi 2-3 gün bundan əvvəl baş tutan dialoqu keçiribsə, heç də təəccüblənmərəm. Belə ki, Bayıl stadionun konfrans zalında “Rəvan”la oyundan sonra tez-tələsik standart açıqlamalar verib, getmək istəyən Sadıqovdan ayaq saxlamasını xahiş edərək, ona sual ünvanlamışdım. Soruşdum ki, işdi birdən daha zəngin Azərbaycan klublarından biri Nildonu transfer etsə, ona AZAL-ın halı necə olacaq? Nə falçı yanına getmişdim, nə də kimdənsə əvvəlcədən gizlin siqnal almışdım. Sadəcə, bizim klubların idarəçilərinin, başbilənlərinin psixologiyasına yaxşı bələdim. Uniston Parksın üstündə az qala “Bakı”yla “Xəzər Lənkəran” bir-birinə müharibə elan edəcəkdi. Qadasını aldığım Parksda paytaxt klubuna keçən kimi yeyib-yatdı, çəkisini artırdı. İndi onun kürəyindən nömrəsi silinmiş formasıyla “Bakı”da başqa futbolçular meydana çıxır. Sözüm onda deyil. Yəni, bizim pullarıyla peşəkarlıqları tərs-mütənasib olan klublarımızın birbalaca özünü yaxşı tərəfdən göstərən futbolçuları “oğurlamaq” üçün nələrə əl ata biləcəklərini hamımız yaxşı bilirik. Mən də “Rəvan”la oyunda dubl edərək, cari mövsümdə vurduğu qolların sayını 21-ə çatdıran Nildoya tezliklə AZAL-dan daha artıq məvacib təklif edən klublardan birinin sahib olacağını artıq təxmin etmişdim. Braziliyalının səviyyəsinə, qol duyumuna, formasını geyindiyi komandaya fayda verəcəyinə zərrə qədər də şübhəm yoxdu. Bir şərtlə ki, “Xəzər Lənkəran”ın yüzminləri onun gözünü qamaşdırmaya. Əslində, sambaçının AZAL-da daha az pul məbləğində oynamağa razı olmasının səbəbi də elə bu idi ki, daha çox məvacib təklif edə biləcək klubların diqqətini cəlb edə bilsin. Görünür, azərbaycanlı menecerlər də Nildo qollarını sıraladıqca, gələn təklifləri incələyib, qiyməti artırmağa çalışırmışlar. Odu ki, bu transferin bir günün içində həll olunduğuna o qədər də inanmıram. Bəlkə də, son oyunda vurduğu iki qol müştəriləri daha da artırıb, cənub klubu çevik tərpənməli olub ki, misalçün “Bakı”nı, yaxud “Qəbələ”ni özlərindən irəli buraxmasınlar. Adətən indiyə qədər digərləri “Xəzər Lənkəran”ın “tapıntıları”nı qamarlayırdılarsa, artıq Lənkəran təmsilçisinin başbilənləri keçmiş dərslərdən nəticə çıxardıqlarını nümayiş etdirə bildilər. AZAL-ıın sabiq qolçusunun bölgədə darıxıb-darıxmayacağı, “ağ-yaşıl” formada da qollarına davam edib-etməyəcəyi hələ ki, sual işarəsi altında olan məsələlərdi. Odu ki, bu haqda proqnozlar vermək yaxşı çıxmaz. Qayıdıram Vaqif Sadıqovla aramızda olan qısa dialoqa. Həmin mətbuat konfransında hörmətli Vaqif müəllim sualım ağzımdan çıxmamış giley-güzəra başlamışdı ki, bizim tənqidlərimizə artıq vərdiş edib və onun postunda gözü olan istənilən şəxsə yerini verə bilər, təki həmin şəxs konkret iş görsün, danışmağa meylli olmasın. Əlbəttə, şəxsən mənim AZAL-da hansısa posta gəlmək kimi arzum yoxdu. Ara-sıra Vaqif müəllimin işiylə bağlı nəsə yazıramsa, sırf onun və komandasının uğurunu ürəkdən arzuladığım üçün edirəm. İstəyirəm ki, bizə nöqsan kimi görünən məqamlardan çalışdırıcının özü, eləcə də klubun rəhbərliyi də xəbər tutsun. Konkret Nildoyla bağlı sual verməkdə məqsədim də o idi ki, Sadıqovun hətta turnir perespektivi baxımıdan heç bir əhəmiyyəti olmayan oyunda belə onun xidmətinə ehtiyac duymasına təəccüblənmişdim. Axı, təkcə mənim qənaətim deyildi ki, bu mövsüm arzuladığı hədəflərə çata bilməyən “təyyarəçilər” indidən gələcəyin planlarını cızmalı, yeni futbol ilində qarşısına qoyduğu məqsədlərə çatmaq üçün indidən hərəkətə keçməliydi. Üstəlik, artıq heç bir konkret hədəfə xidmət etməyən oyunlar müxtəlif eksprementlər aparmaq, yerli gənclərə güvənmək üçün yaxşı məqamdı. Əgər, belə oyunlarda da Nildosuz oynamağa çətinlik çəkirsizsə, hansı haqla böyük iddialara düşürsüz? Sualımın həmin hissəsinə ayaqüstü və yüksək tonlu səslə cavab verən Sadıqov təxminən belə demişdi: “bizdə yetərincə gənc futbolçular var, Nildonu isə Azərbaycana biz gətirmişik, tanıtdırmışıq. O, bizim futbolçumuzdu…” Gördüyünüz kimi mən haqlı çıxdım, Vaqif müəllim. Nildo artıq sizin futbolçunuz deyil. Bu gedişlə Zohair Benauhunun da komandanızdan ayrılacağı söylənilir. Deməli, ilboyu çəkdiyiniz əziyyət, qurduğunuz komanda heç olmağa yaxındı. AZAL həqiqətən də ciddi məqsədlər üçün vuruşursa, niyə güclü legionerlərini, özü də səviyyəsinə görə fərqlənənləri əldən buraxır? Artıq hər şeyə yenidən başlamaq lazım gələcək. Yeni transferlər, yeni futbolçular…yenidən komanda üzvlərinin uyğunlaşma problemlərindən əziyyət çəkməsi haqda söylənənlər, bəzi futbolçuların etimadı doğrultmaması haqda ittihamlar…Prinsiplər dəyişməzdi: yenə, yeni, yenidən…

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər