“05 Mart-Bədən tərbiyəsi və idman günü” Sumqayıt şəhərində təntənə ilə qeyd olunub
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “05 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman təşkilatları rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Dünya, Avropa, Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə tədbir keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərindəki, abidəsi önünə gül dəstələri qoylub, Şəhidlər xiyabanını ziyarət edilib, Sumqayıt tarix muzeyində tarixi ekspanatları və yeni hazırlanmış idman güşəsinə baxış keçirilib.
Bayram tədbiri Sumqayıt Dövlət Dram Teatrında şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə davam etdirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək “05 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman ictimayətini təbrik edib.Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu idman siyasəti nəticəsində ölkəmizin hər yerində, eləcə də Sumqayıt şəhərində müasir idman infrastrukturu yaradılıb. Bunun nəticəsində bu gün Sumqayıt idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər.
Tədbirdə çıxış edən idman ictimayyətinin nümayyəndələri ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində görülən məqsədyönlü işlərdən və bu işlərin şəhərdə uğurla davam etdirilməsindən danışıblar.
Sonda şəhər icra hakimiyətinin müvafiq sərancamı ilə bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə və “5 Mart Bədən tərbiyəsi və idman günü” münasibəti ilə idmançı və məşqçi-müəllimlərə fəxri fərmanlar təqdim olunub.