Zakir Fərəcovdan sərəncam: Çimərliklərə giriş pulsuz olacaq

636

Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2017-ci ilin yay mövsümündə Sumqayıt şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Aidiyyati qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir, çimərlik ərazilərində istirahət edənlərə lazımı səviyyədə xdmət göstərilməsi üçün ticarət , iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə və sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilsin.

Sərəncamda yay mövsümü ərzində çimərlik zonalarında xilasetmə işlərinin lazımi səviyyədə qurulması və çimərliklərdə tibbi yardım göstərilməsi üçün müvafiq qaydada tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.

Sumqayıt şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsi və “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb ki, çimərlik ərazilərinə mövsümü marşrut xətlərinin açılması  və əhalinin daşınması işinin  təşkili təmin edilsin.

Yay mövsümündə çimərliklərin təmiz saxlanılması və tullantıların vaxtında daşınması ilə bağlı Sumqayıt şəhər Təmizlik Depatamenti Məhdud Məsuliyyətli Cəmiyyətinə, ərazidə sanitariya-gigiyena qaydalarına əməl olunmasına ciddi nəzarətin həyata keçirilməsi ilə bağlı Sumqayıt şəhər Gigiyena və Epidemologiya Mərkəzinə tapşırıq verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər