Nuranə ABBASOVA
Otaqda zaman aramızdakı beş addımlıq məsafədə işləyir. O, üzü pəncərəyə durub nə barədəsə danışır. Danışdıqlarını özündən və qarşısındakı ağacdan başqa heç kim eşitmir. Mən öz aləmimdəyəm. Bir neçə dəqiqə sonra yaradacağım “şah əsərim” haqqında fikirləşirəm. Tablom da, rəngli fırçalarım da önümdə durub elə hey danışan həmin qadındır. Bir azdan alacağım həzzi fikirləşə-fikirləşə ona yaxınlaşıram. O isə arxasına dönmədən hələ də danışır. Danışdıqlarından yalnız “biz” və “xoşbəxtlik” sözləri dumanlı şəkildə beynimə yayılır. Amma nə onun danışdıqları, nə də saatın əqrəblərinin tıqqıltısı məni ayıra bilmir öz aləmimdən. Otaqda ondan və bizə şahidlik edən ağacdan başqa heç nə yoxdur. Mən zamanla, dəqiqələrlə birgə addımlayıram. Mən sevgim üçün tələsirəm. Zamanı qabaqlayıb “şah əsərimi” yaratmaq üçün.
Əlimi saçlarına toxundururam. Ani bir xışıltı məni diksindirir. Yarpaqlardır… Aralarına vaxtsız gələn qonağı istəmirlər. Yenidən o saçlara sığal çəkirəm. Yenə həmin xışıltı. Bu dəfə danışan saçlardır. Ssenarini o yazır, rolları mən ifa edirəm. Bəs şahidi necə məhv etməli? Fırçamı əlimdə bərk-bərk tutmuşam. Tabloma ilk cizgiləri çəkməyə başladım. Qara paltarlı qadının ağ üzündə qırmızı ləkələr. Bu üç rəngin harmoniyası mənim sevgimin ifadəsidir. Gözlərində donuq ifadə, çoxları üçün cansız, mənim üçünsə canlı olan yerə yıxılmış qadın isə mənim sevgimdir. Şahidimiz də bu əsərimin qarşısında baş əyir. Üşənə-üşənə yarpaqlarını pəncərəmdən içəri- uyuyan mələyin üzərinə tökür. Onu soyuqdan, müəllifinin fırçasından qorumaq üçün. Yarımçıq qalmış söhbəti dinləməkdən ötrü yarpaqlar qulaqlarını canlı əsərimin ürəyinə tutur. Otağı qəribə pıçıltılar bürüyür. Yarpaqların, ürəyin, saatın pıçıltıları, beynimdən keçən gizilti…
Mən vəhşiliyin ən böyük rəmzini yaratdım. Qorxumu öldürdüm. Qadının üzündəki gülüşü məhv etdim. Əvəzində sevgimi yaratdım. Sərgilərdə nümayiş ediləcək ən gözəl ölünü gətirdim dünyaya. Zamanı susdurdum. Mən qalib gəldim!
YAZARIN ÖNCƏKİ YAZILARI
Metro ticarəti Hazırsanmı?
Qara paltarlı qadının ağ üzündə qırmızı ləkələr.
Yazida qeibe tezad var. evvel bilmirem, amma indi xowuma geldi, Felsefen ve dusuncelerin ferqlidi…qelemin iti olsun!
Burda hem de qariwiq fikirler var… o qariwiq fikirler insani duwundurur… hetta duwunmeye mecbur edir..
Sonuncu abzas chox maraqlidir.Bu yazi xoshuma gelir.Ugurlar!