“İmtahanlardakı yenilik repetitorluğa ciddi zərbə vuracaq”

2066

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov 2019- cu ildə tətbiq olunacaq yeni təhsil modelinə  münasibət bildirib. K. Əsədov “Qafqazinfo”ya açıqlamasında xatırladıb ki, 2008-ci ildən başlayaraq, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir:

“Buna görə qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi. Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fənndən qəbul imtahan verəcək şagirdlər 2017-ci ildə 2 fənndən verdikləri buraxılış imtahanlarının nəticəsinə görə kurikulumu demək olar ki, anlamayıblar, mənimsəməyiblər. Bununla yanaşı, 2019-cu ildə qruplara daxil olan fənlər üzrə bal paylanma əmsalının hələ də açıqlanmaması ciddi narahatlıq doğurur. Doğrudur, 2019-cu ildən etibarən buraxılış imtahanlarında toplanılan balın qəbul imtahanına birbaşa təsir etməsi buraxılış imtahanlarının əhəmiyyətini artırsa da, hələ də buraxılış imtahanı və qəbul imtahanının keçid balının müəyyən olunmaması narahatlıq yaradır. Bundan başqa, 7 ay sonra qəbul imtahanı tamamilə yeni formatda keçiriləcək, amma hələ də fənlər üzrə proqramlar və  ədəbiyyat siyahısı yoxdur”.

Onun sözlərinə görə, iki ildir IX siniflər üzrə keçirilən buraxılış imtahanları zamanı müəyyən sayda yoxlayıcı markerin səhvə yol verməsi səbəbindən yüzlərlə şagirdin biliyi düzgün qiymətləndirilməmişdi: “Bu hal hər il təkrarlanır. Çünki buna qədər nəticələr proqram təminatı tətbiq edilməklə yoxlanılırdısa, bundan sonra azı hər fəndən 3, ümumilikdə qəbul imtahanında 9, amma buraxılış imtahanında azı 15 test tapşırığı insan faktoru tətbiq edilməklə – marker vasitəsi ilə yoxlanılacaq. Təbii ki, insan faktorunun tətbiq olunacağı yoxlama prosesində müəyyən nöqsanlar, səhvlər olacaq.

Danılmaz faktdır ki, respublikada qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranıb. Bunun üçün dünya təcrübəsindən, konkret olaraq İELTS və SAT imtahanlarının nümunəsindən istifadə etmək lazımdır. Bu həm şagird biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideynlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək”.

Ekspert vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi yeni qaydaları müəyyən etsə də, hələ də bütün qəbul qrupları üzrə imtahan iştirakçısına təqdim ediləcək situasiya tipli test tapşırıqlarını müəyyən etməyib: “Bundan başqa, Azərbaycan dili və ingilis dili fənni üzrə qəbul imtahanlarında 5-ci qrupun mətn üzrə standartları müəyyənləşməyib. Bundan başqa XI siniflər üzrə kurikulum standartları əsasında tərtib edilmiş sinif testləri, test banklar çap olunmayıb.

Digər bir çatışmazlıq ondan ibarətdir ki, təhsil islahatlarına görə bizim yaddaş məktəbindən təfəkkür məktəbinə keçməyimiz tələb olunsa da, təqdim edilmiş imtahan modeli hələ də yaddaş məktəbi üzərində qurulub və kimin yaddaşı güclüdürsə, onun yaxşı nəticə əldə etməsi ilə nəticələnəcək.  Qapalı tapşırıqlarda səhv düzü aparacaq. Amma açıq sualda səhv olsa, o düz cavablara təsir etməyəcək və bal aparmayacaq. Qəbul imtahanları 2 dəfə olacaq. Amma buraxılış imtahanı və 5-ci qrup 1 dəfə keçiriləcək”.

Kamran Əsədov

2019-cu ildə keçiriləcək IX və XI siniflər üzrə ən ciddi problem xarici dil fənnindən olacaq. Çünki indiyə qədər orta məktəblərdə dinləmə mətni tətbiq edilməyib. Amma DİM Dinləmə mətninə dair (publisistik və ya dialoq), 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq) imtahan iştirakçılarına təqdim edəcək. Bu ciddi problem yaradacaq. Orta məktəblərdə bu qurğu, şagirdlərdə də bu bilik və bacarıqları yoxdur və öyrədilməyib. Amma indi bundan bacarıqlar yoxlanılacaq”.

K. Əsədov vurğulayıb ki, buraxılış imtahanında yığılan balın qəbul imtahanın üzərinə gəlməsi buraxılış imtahanlarına münasibəti dəyişəcək: “ Şagirdlər buraxılış imtahanına daha ciddi hazırlaşacaq ki, bu mərhələdə əldə edəcəkləri nəticə onlara qəbul imtahanında ciddi şəkildə kömək etsin.

Hesab edirəm ki, 2019-cu ildən tətbiq olunacaq yenilik repetitorluğa ciddi şəkildə zərbə vuracaq və orta məktəblərin nüfuzunu qaldıracaq. Çünki məktəb buraxılış imtahanının nəticəsinin yaxşılaşdırılmasında maraqlı olacaq.

Apardığım araşdırmalar göstərirdi ki, on illərdə keçirilən buraxılış imtahanları və qəbul imtahanlarının nəticələrinin statistik təhlili zamanı ortaya çox fərqli bir mənzərə çıxırdı. Buraxılış imtahanlarının nəticələri ilə qəbul imtahanları arasında həmişə ciddi fərqlər olur. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanları zamanı biliyin qiymətləndirilməsinin ayrı-ayrı fənlər üzrə aparılması repetitorluğu daha da gücləndirən amillərdəndir. İndi isə mənzərə dəyişəcək”.

DİM AÇIQLADI: ABİTURİYENTLƏR BU FƏNLƏRDƏN İMTAHAN VERƏCƏK – YENİLİK

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər