Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır

1117

15 İyun tarixi müasir Azərbaycanımızın varlığının təcəssümüdür. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə dönüşü ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qorunmasına xidmət etdi, parçalanmanın və vətəndaş müharibəsinin qarşısını aldı. Bugünki uğurlarımızın, inkişafımızın, bəlkə də bir dövlət olaraq varlığımızın təməli məhz 15 İyun 1993-cü il tarixində qoyuldu. Bu təməlin üzərində bərqərar olan azad, müstəqil Azərbaycan qısa müddət ərzində böyük bir inkişaf yolu keçib. 2003-cü ildə xalqımızın mütləq əksəriyyətinin Prezident İlham Əliyevə etimad göstərməsi isə ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənəsi üzərində inkişaf etdirilən şaxələndirilmiş dövlət siyasəti güclü, regionun lideri statusunu qazanmış, beynəlxalq müstəvidə tanınan və qəbul olunan, nüfuzlu Azərbaycanın formalaşmasına şərait yaratdı. Aparılan uğurlu xarici və daxili siyasət, müasir ordu quruculuğu isə nəhayətində 2020-ci ildə Vətən müharibəsində müzəffər qələbəyə yol açdı. 44 gündə qazanılan bu qələbə üçün Azərbaycan dövləti, Prezidenti illərlə mübarizə aparmış, bu qələbəni ilmə-ilmə hörmüşdü. Prezident İlham Əliyevin səyi nəticəsində beynəlxalq aləmin keçmiş Qarabağ münaqişəsinə münasibəti dəyişmişdi. Bütün şərtlər Azərbaycanın  lehinə çevrilmişdi.

Bütövlükdə bu dövr ərzində, o cümlədən, 44 günlük Vətən müharibəsi və post-müharibə dövründə qardaş Türkiyə hər an yanımızda oldu. 2021-ci ilin iyunun 15-də iki dövlətin başçısı tərəfindən işğaldan azad edilmiş Şuşada imzalanan strateji müttəfiqlik bəyannaməsi Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” şüarının rəsmi təsdiqinə çevrildi. Bu, olduqca böyük bir uğurdur. Ümumiyyətlə, dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əlyiev də bildirmişdi ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarını da möhkəmləndirdi. Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır.

İlk növbədə vurğulanmalıdır ki, Bəyannamə hər iki dövlət tərəfindən rəsmən ratifikasiya olunub. Bu isə o deməkdir ki, Bəyannamədə nəzərdə tutulan müddəalar artıq rəsmiləşib. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması baxımından böyük əhəmiyyət daşıyır. Əslində ötən bir ildə regionda və qlobal miqyasda baş verən siyasi prosesləri nəzərdən keçirəndə, bu sənədin əhəmiyyətini daha yaxşı dərk etmək olur. Ötən bir il ərzində hər iki dövlət qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün mühüm addımlar atıblar. Prezident Ərdoğan bəlkə də bölgənin ən mühüm inkişaf elementinə çevriləcək Füzuli Beynəlxalq Aeroportunun açılış mərasiminə qatıldı. Bu Hava Limanı dünyanın əsas iqtisadi arteriyasına çevriləcək bir xəttin ən mühüm nöqtələrindən biridir. İki prezidentin açılışda birgə iştirakı isə dünyaya yeni birlik, qardaşlıq mesajı idi.

Bəyannamənin iqtisadi dividendləri olduqca böyükdür. Bəyannamədə tərəflərin ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, perspektiv sahələrdə birgə istehsalın yaradılması eyni zamanda investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artırması nəzərdə tutulur. Nəzərə alsaq ki, ölkələrin dayanıqlı iqtisadi inkişafını şərtləndirən başlıca amillərdən biri birbaşa xarici investisiyalardır,  investisiya mühitinin yaxşılaşdırılması və digər istiqamətlərin inkişafı mühüm perspektiv vəd etməkdədir. Bəyannamədə kommunikasiya ilə bağlı məsələlər öz əksini tapıb ki, burada da hər iki ölkənin ərazisindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur. Şuşa bəyannaməsində Zəngəzur dəhlizinin açılması və bu dəhlizinin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Zəngəzur dəhlizinin açılması həm Türkiyə və Avropanın Orta Asiya ölkələrinə əmtəə ixracını həm də Orta Asiya ölkələrinin Türkiyə və Avropaya əmtəə ixracını asanlaşdırır. Nəticə etibarilə nəqliyyat xərcləri azalır eyni zamanda Azərbaycan tranzit ölkə kimi yüksək iqtisadi dividend əldə edir.

Sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb. Qardaş ölkə, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycana 44 günlük Vətən müharibəsinin ilk saatlarından etibarən siyasi-mənəvi dəstək verib. Türkiyə posmüharibə dövründə də regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlaqədar sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzi uğurla fəaliyyət göstərir. Şuşa Bəyannaməsində Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi yüksək qiymətləndirilib. Eyni zamanda, sənəddə bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır. Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Sənəddə həmçinin iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi müddəalar öz əksini tapıb. Ötən bir il ərzində silahlı qüvvələrin müxtəlif bölmələri birgə təlimlərdə iştirak ediblər. Bu mənada, sonuncu Efes təlimləri xüsusi qeyd edilməlidir. Beləliklə, iki dövlətin siyasi, iqtisadi, hərbi birliyi, strateji müttəfiqliyi regional təhlükəsizliyin təmini üçün mühüm töhfələr vəd edir.

YAP İdarə Heyətinin üzvü,

partiyanın Sumqayıt şəhər təşkilatının sədri

Ramiz Hüseynov 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər