YUBİLYAR
və yaxud xeyirxah, mərhəmətli, hamının tanıdığı və hörmət bəslədiyi Məhəbbət Məhərrəmovun həyatından bəzi ştrixlər
VİZİT KARTOÇKASI
Məhərrəmov Məhəbbət Fərman oğlu 1940-cı il, avqust ayının 23-də Qubadlı rayonunun Məmər kəndində anadan olmuşdur. 1957-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakultəsinə daxil olmuş, 1962-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. 1962-ci ildən Sumqayıtda çalışır. Bir neçə il şəhərin ayrı-ayrı apteklərinə rəhbərlik etmiş, 1975-ci ildən 415 saylı aptekdə müdir vəzifəsində çalışmışdır. 1999-cu ildən aptek açıq tipli səhmdar cəmiyyətinə çevrilmiş, Məhəbbət həkim idarə heyətinin sədri seçilmişdir.
M.Məhərrəmov iki çağırış Sumqayıt şəhər xalq deputatları sovetinin deputatı olmuşdur. 1986-cı ildə SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltiv edilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına, 2016-cı ildə isə Prezidentin “Fəxri Diplomu” na layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. 3 övladı, 10 nəvəsi vardır.
Jurnalistika fəaliyyətimdə minlərlə insanlardan müsahibə almışam, məqalələr yazmışam. Onların arasında öz səmimiyyəti, xeyirxahlığı və müdrikliyi ilə seçilənlər çox olub. Belələrindən biri də Sumqayıt 415 saylı aptekin müdiri, bu günlərdə 80 illik yubileyinə hazırlaşan Məhəbbət Məhərrəmovdur.
Sumqayıtda yaşayanlar mənin bu insan haqqında dediklərimi təsdiqləyərlər, çünki onunla dəfələrlə ünsiyyətdə olaraq, xarakterinə yaxından bələd olublar. Bu insan kinsiz-kidurətsiz, gözütox, ürəyi açıq, qəlbi təmiz bir ağsaqqaldır. Onunla həmsöhbət olmaq çox maraqlıdır.
-Məhəbbət həkim, yaxın günlərdə 80 yaşınız tamam olur. Dünənə boylananda daha çox nəyi xatırlayırsınız?
-Həyatımdan şikayətlənmirəm. Demirəm, hər şey hamar olub. Bu, mən tərəfdən qeyri-səmimi olardı. Ağır günlərim az olmayıb, lakin ruhdan düşməmişəm, kimdənsə nəsə ummamışam, heç kimin qapısını döyməmişm. Allah da ruzumu həmişə yetirb.
İnsanı hörmətə mindirən onun halal əməyidir. İnsanlar yaşa dolduqca nəyin yaxşı, nəyin pis olduğunu anlamağa başlayırlar. Atalar yaxşı deyib: Sonrakı peşmançılıq fayda verməz. Mən həyatımı elə yaşamışam ki, məndən sonra gələn nəsil babaları üçün xəcalət çəkməsinlər.
-Dostlarınız çox olub. İstərdim onlardan bir neçəsinin sizin haqqınızda söylədiklərini sizə çatdırım.
-Buyurun. +
Tofiq Hüseynli: Məhəbbətin ürəyi elə böyükdür ki, ona ançaq qibtə etmək olar. Bu, insandan indiyə kimi “yox” sözünü eşitməmişik. Çünki müdrik adamdır, qarşı tərəfin problemlərinə heç bir vaxt biganə qalmayıb. Deyirlər dost dar gündə tanınar. Ona kürəyini çevirmək olar. Arxadan zərbə vurmaq namərdlərin işidir. Məhəbbət isə mərd, cəfakeş, sədaqətli dostdur.
Nəbi Nəbiyev: Məhəbbət el-oba adamıdır. 1990-cı illərin əvvəlləri yadıma düşür. Qubadlıda sərhəddə vəziyyət gərgin olanda, biz Sumqayıtda yaşayan bir qrup qubadlı rayona getdik, əskərlərə maddi, hərbi və mənəvi yardım etdik. Mən orada Məhəbbətin torpağa necə bağlı olduğunun şahidi oldum. Dizlərini qatladı, bir ovuc torpaq götürdü, gözlərinin üstünə qoydu və sonra öpdü. Soruşdum niyə belə edirsən? Kövrəlmiş halda dedi: “Qorxuram, bir daha bu torpaqları görməyək. Torpağın nəfəsini ciyərlərimə çəkirəm ki, qoxusu canımdan çıxmasın”. Məhəbbət belə oğuldur. Əsl cəfakeş, vətənpərvər.
M.Məhərrəmov uşaq vaxtı doğulduğu Məmər kəndində ayaqyalın, başıaçıq o dərələri, təpələri, dağları, meşələri o qədər gəzib ki, onun hər bir daşına, kəsəyinə, gülünə-çiçəyinə yaxşı bələddir. Bərgüşad və Həkəri çaylarında doyunca çimib, balığından tutub şişə çəkib, at belində kəndləri oba-oba gəzib. İndi o yerlər çox uzaq görünür bizə. Məhəbbət həkimlə danışanda gözləri yaşla dolur, kövrəlir.
-Mən inanıram ki, gec-tez öz yurdumuza, doğma ocağımıza qayıdaçağıq. Məni yandıran bilirsiniz nədir? Kəndlərdə torpağın altında bizim ulu babalarımız uyuyur. Onların ruhunu şad etmək üçün silah gücü ilə olsa da, torpaqlarımızı azad etməliyik. Erməni kimdir? Erməni qorxaq millətdir. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyev Paşinyana yaxşı demişdir. “Gəl tət-təkə vuruşaq, görək kim qalib gələcək”. Biz hamımız bilirik ki, ermənilərin arxasında ruslar dayanıb, yoxsa onlar cürət edib, bizim bir qarış torpağımızı zəbt edə bilməzdilər.
Hamımız torpağa bağlıyıq. Onun yolunda da canımızdan keçməyə hazırıq. Dahi şair Şəhriyarın aşağıdakı misraları yada düşür.
Can qurban verməyin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can,
Atıram başımı ayaqlarına,
Ey məğrur Vətənim, ey Azərbaycan!
Yaşar Quliyev: Məhəbbət öz halal əməyi ilə, Sumqayıtda, adına layiq, böyük bir məhəbbət qazanıb. Fədakar, cəfakeş, ləyaqətli insandır. Bu yaxınlarda 80 illik yubileyi qeyd olunacaq. Bu, yubiley təkcə onun deyil, Məhəbbət sevənlərindir. Onu sevənlər isə Sumqayıtda olduqça çoxdur.
Nazim Hüseynquliyev:Məhəbbət həkim tibb sahəsində məsləhət verən, yol göstərən, yardım əlini uzadan bir insandır. Başqasının dərdini öz dərdi kimi qəbul edir. Həmin adama mənəvi, maddi dəstək verir. Onunla ünsiyyət qurmaq çox maraqlıdır. Onu ilk dəfə tanıyanlar bu insanın nə qədər böyuk, ağsaqqal olduğunu həmin an duyurlar. O, bəziləri kimi müştəbeh, özündənrazı adam deyil. Onun həyat prinsipi sadəlik və yaxşılıqdır. Məhz bu keyfiyyətlərinə görə, Məhəbbət həkimin istər səhiyyə işçiləri, istərsə də sumqayıtlılar arasında böyük hörməti vardır.
Məhəbbət haqqında dastan da qoşmaq olar. Mən bu məqalənin müəllifi kimi, bir hadisənin canlı şahidi olmuşam və istərəm, onu sizə olduğu kimi çatdırım. Evdə xəstəmiz var idi. Dərman dalınca aptekə yollandım. İçəri keçdim. Kabinetində yaşlı bir qadın əyləşib ağlayırdı. Məhəbbət həkimi soruşdum. Bakıya gedib dedilər, indilərdə gələr. Xeyli gözləyəsi oldum. Təxminən bir saatdan sonra gəldi. Əl tutub görüşdük. Kabinetinə keçdik. Yaşlı qadın əlində göz yaşlarından islanmış dəsmalı didişdirirdi.
-Alıb gətirmişəm, narahat olmayın, – Məhəbbət dedi.
Bir neçə dəqiqədən sonra dərmanların qiymətini hesablayıb qadına verdilər. O, cibindən dəsmal çıxartdı, düyün vurmuşdu, yavaş-yavaş açdı, pulu saydi, sonra onları əlində bərk-bərk sıxdı və yenidən hönkürdü. Məhəbbət həkim səbəbini soruşanda, qadın dedi ki, dərmanların hamısını almağa pulu çatmır.
Məhəbbətin necə mərhəmətli insan olduğunu orada gördüm. O, qadını sakitləşdirdi. Dərmanları kağıza büküb, qutunun içinə qoydu və asta səslə dedi: – Pulun lazım deyil. Götür dərmanları. Olanda verərsən. Əsas qızın sağalsın.
Qadın Məhəbbətə dua edə-edə aptekdən çıxdı. Sonra mənə məlum oldu ki, qadının yeganə ovladı ikitərəfli sətəlcəm olub, xəstəxanada yatır. Dərman olmadığından vəziyyəti xeyli ağırlaşmışdı. Bu, 1990-cı illərin əvvəlləri olduğundan hər yerdə qıtlıq var idi. O cümlədən xəstəxanalarda.
Aptekin işçiləri bu cür hadisələrin dəfələrlə baş verdiyini söylədilər. Burada L.Tolstoyun bir sözü yada düşdü: “O adam ki, başqalarının ağrısını hiss edir o, adam mərhəmətli insandır”.
-Məhəbbət həkim, möhtərəm Prezident, cənab İlham Əliyev sizin əməyinizi yüksək qiymətləndirərək “Tərəqqi” medalı ilə təltiv etmişdir. Bu, xəbəri eşidəndə hansı hissləri keçirdiniz?
-Birincisi, qulaqlarıma inanmadım. Telefon zəngləri başlandı. Dostlarım, qohumlarım məni təbrik edirdilər. İnanırsınız, yenə inanmadım. Ertəsi gün “Xalq qəzeti”ni aldım, öz adımı görəndə ilk növbədə kövrəldim, deməli, əməyimi, dövlətə qulluq etməyimi qiymətləndiriblər, yaddan çıxartmayıblar. Həmin an qürur duydum.
Məhəbbət həkim həm də gözəl ailə başçısıdır. Övladları və nəvələri ataları və babaları ilə fəxr etdikləri kimi, Məhəbbət də öz övladları ilə fəxr edir Orta məktəbi bitirənlər ali təhsil almış, orta məktəbdə təhsillərini davam etdirənlər isə əla qiymətlərlə oxuyurlar. Bu da 80 yaşında yubilyarı daha cavan edir, özünü onların əhatəsində xoşbəxt sayır. Bunun da səbəbi vardır. Məhəbbət həkim uşaqlarına diqqət və qayğı göstərməklə yanaşı, onlarda halallıq prinsiplərini öyrədib. “Çörəyi halal yolla qazanmaq lazımdır. Duz-cörəyə hörmət gərəkdir. Duz-çörək kəsdiyin insana xəyanət etmək olmaz. Allahın verdiyi ruziyə laqeyd yanaşmaq günahdır, onda çörəyinin bərəkəti olmaz”. Bu, Məhəbbət Məhərrəmovun öz sözləridir. Bu sözlərdə bir hikmət, bir nəsihət, bir kamillik var.
Biz Sumqayıtda yaşayırıq. Şəhərimiz gündən-günə gözəlləşir, inkişaf edir. Məhəbbət Məhərrəmov ömrünün 60 ilini bu şəhərə həsr edib. Onun sevincinə sevinib, kədərinə qatlaşıb. Son illər isə Sumqayıt məşhur mahnida olduğu kim “xarüqələr yaradır”.
-Sumqayıt bu gün özünün ikinci həyatını yaşayır, – deyə Məhəbbət həkim sözünə davam edir. – Sumqayıtın bir çox rəhbərləri olub. Heç kimin üzərinə kölgə salmaq fikrində deyiləm, hərəsinin az-çox bu şəhərdə izi qalıb. Zakir Fərəcovu Sumqayıta icra başcısı təyin edəndə bütün sumqayıtlılar sevindi. Bunun da öz səbəbi vardı. O, Sumqayıtda fəhləlikdən vəzifə sahibinə kimi yuksəlmişdir. Şəhərdə onu tanımayan yoxdur. Bu adam doğma şəhərinə biganə qala bilməzdi. Az bir zamanda Sumqayıtda dönüş yaratdı. Abadlıq-quruculuq işləri geniş vüsət aldı. Bir sıra sənaye müəssisələri, mədəniyyət, incəsənət, sosial obyektlər tikilib istifadəyə verildi. Heydər Əliyev mərkəzi isə memarlıq baxımından öz möhtəşəmliyi ilə seçilir. Yeni bulvarın 8 aya salınmasına çox adamlar inana bilmirdilər. Lakin bu həqiqətdir.
Möhtərəm Prezident, cənab İlham Əliyev bulvarla tanışlıqdan sonra, şəhər fəalları qarşısında çıxış edərək, Sumqayıt bulvarını möcüzə adlandırdı. Bu, sumqayıtlıların əməyinə verilən yüksək qiymət idi.
Yay fəslində nəvələrimlə bulvarda çox gəzib istirahət etmişəm. Burada sumqayıtlılara mədəni-sosial-idman və mənəvi istirahəti üçün hər çür şərait yaradılıb. Sumqyıtda belə bir deyim formalaşıb. “Sumqayıt Sumqayıtı sevənlərindir”. Çox doğru deyilib. Məhz buna görə də biz onu inkişaf etdirməli, daha da gözəlləşdirməli, turizm mərkəzinə çevirməli və dünyada tanıtmalıyıq.
Eyruz Məmmədov,
Respublikanın əməkdar jurnalisti
“Unikal” qəzeti 15 avqust 2020.