Heydər Əliyevin anadan olmasının 90 illiyi Sumayıtda yad edildi

746

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, ümumşəhər tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatları Muxtar Babayev, Hacı Salayev, Musa Qasımlı, Leyla Abdullayeva, hüquq mühafizə orqanlarının, müəssisələrin, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Teatr zalında toplaşmış sumqayıtlılar qarşısında ömrünü bütünlüklə xalqa həsr etmiş insanın həyatı haqqında əsər canlanmışdır. Onun kompozisiyası yaxın keçmişimizə bir daha nəzər salmağa, bizi bu günə gətirib çıxarmış çətin, kəşməkəşli yolu dərk etməyə imkan vermişdir. Tədbirin iştirakçıları səhnələşdirilmiş tamaşaya böyük maraqla baxmışlar. Tamaşada ölkənin ən yeni tarixinin hadisə və faktları xronoloji ardıcıllıqla verilmişdir. Tamaşaçılar zəngin həyat yolunu, ölkəyə rəhbərlik mərhələlərini, Siyasi Bürodakı iş dövrünü, milli azərbaycançılıq ideyasını yaratmış böyük vətənpərvərin titanik fəaliyyətini əks etdirən səhnələrlə qarşılaşmışlar.
Hər bir səhnədə fenomenal şəxsiyyət, müdrik siyasətçi, uzaqgörən rəhbər, sadəcə gözəl insan Heydər Əliyevin misilsiz xidmətləri əks etdirilmişdir. Səhnədə quraşdırılmış monitorlarda respublikaya rəhbərliyinin ilk dövründə mövcud imkanlardan istifadə etmək bacarığından, Azərbaycanın hərtərəfli inkişafı və gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmaq bacarığından bəhs edən sənədli kadrlar nümayiş etdirilmişdir. Dahi Heydər Əliyevin Moskvadakı fəaliyyətini, onun 20 Yanvar faciəsinə reaksiyasını, Azərbaycan respublikası Ali Sovetinin sədri olduğu və sonrakı dövrü işıqlandıran bioqrafik səhifələr təqdim edilmişdir.
Heydər Əliyevin xarizması erməni ideoloqları üçün maneə olmuşdur. Dahi lider siyasi hakimiyyətdən gedən kimi erməni millətçilərinin və Qorbaçov qaragüruhunun dərhal Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi sahəsində fəal işə başladıqlarını əks etdirən səhnə tamaşaçılara bunu xatırladırdı.
Gələcək həyat yoldaşı, gözəl şəxsiyyət Zərifə xanımla təsirli görüş səhnələri, ailə içində, asudə vaxtda Heydər Əliyevin qəlbinin bütün dərinliyi ilə əks etdirən parlaq kadrlar mühüm ştrix təşkil etmişdir.
Köməkçi ifadə vasitələri – mahnılar və şeirlər, “Xilaskar” pyesindən parçalar tamaşanı daha da rövnəqləndirmişdir. Heydər Əliyevin ən çox sevdiyi ifadələrdən biri – “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri kompozisiyada ulu öndərin siyasət xəttinin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinə verilən yüksək qiymət kimi səslənmişdir. Məhz bunun sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir, beynəlxalq aləmdə onun öz sözü və nüfuzu vardır.

Ətrabə Rzayeva, AzərTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər