“Mehriban xanımın Birinci vitse-prezident kimi ilk müşavirəsi Sumqayıtda məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilmişdi”

977

Yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki ölkəmizdə, eləcə də dünyada yüksək ehtiram sahibi olan Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdəndir. Onun vətənə xidmət fəlsəfəsinin təməlində doğma xalqına sonsuz sevgi, Ulu Öndər Heydər Əliyev ideyalarına sarsılmaz inam və Prezident İlham Əliyevin müstəqil siyasətinə yüksək sədaqət hissləri dayanır.

İctimai-siyasi mühitə qədəm qoyduğu gündən həyatının mənasını vətənə, xalqa və insanlara xidmətdə görən, sərhəd tanımayan humanistlik, xeyirxahlıq, insanpərvərlik Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı fərqləndirən özünəməxsus xüsusiyyətləridir.

Mehriban xanımın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır və həmçinin ölkənin birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu təsdiq edir.

Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. UNESKO və ISESCO-nun xoşməramlı səfirinin ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, yuxarıda adları çəkilən iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, Mehriban xanımın dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır.

Mehriban Əliyeva uzun müddətdir ölkənin ictimai və siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınır. Onun fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Mehriban xanım ölkə xaricində Azərbaycanı ən yaxşı təbliğ edən insanlardan biridir. İctimai və siyasi fəaliyyətinin coğrafiyası kifayət qədər genişdir və ölkəmizə böyük siyasi və mənəvi dividendlər gətirir.

Mehriban xanım Əliyeva deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər diqqətindən kənarda qalsın. Həmçinin bir sıra xarici ölkələrdə məktəb, xəstəxana, katolik və pravoslav kilsələri, sinaqoqların tikintisi, bərpasında köməyini əsirgəməyib. Mehriban xanım Şərqlə Qərbin qeyri-rəsmi elçisidir.

Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları sayəsində on minlərlə insan azadlığa qovuşub.

Bütün bunları nəzərə alan Prezident İlham Əliyev Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, xalqın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanı “Heydər Əliyev” ordeni ilə təltif edib. Ölkənin ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunması da Mehriban xanımın Ümummilli Liderin ideyalarını Azərbaycanda layiqincə yaşatmasına, ölkənin qüdrətlənməsi, inkişafı, haqq səsinin dünyada eşidilməsi üçün müxtəlif layihələri gerçəkləşdirməsinə görə verilən yüksək qiymət idi.

2017-ci ilin fevral ayında isə Prezident İlham Əliyev böyük etimad göstərərək Mehriban xanımın Birinci vitse-prezident təyin olunması ilə bağlı sərəncam imzaladı. Ölkə ictimaiyyəti isə dövlət başçısının bu qərarını alqışladı. Çünki xeyirxahlığı, nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə yanaşı Mehriban Əliyevanın ölkənin ən böyük siyasi təşkilatının – Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi fəaliyyəti də onun ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyinatına tarixi haqq qazandırdı. Doğrudan da Ümummilli Lider Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə layiqli töhfələrini verən Mehriban xanımın dövlətin ali idarəetmə sistemində ikinci yüksək vəzifəni daşımasına çoxdan siyasi və mənəvi haqqı çatırdı.

Dövlət başçısının sərəncamından bir neçə gün sonra Rusiya Federasiyasının “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışarkən Mehriban xanım qeyd etdi ki, Prezidentin etimadını, ən başlıcası isə ona inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıdır: “Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində həm Prezidentin xanımı, həm də onun silahdaşı olmağım da, yəqin ki, öz rolunu oynayıb… Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam”.

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərə xüsusi dinamika verdi və gələcək inkişaf, müasirləşmə strategiyasının bundan sonra da uğur qazanmasına əhəmiyyətli təkan oldu və beləliklə, 2017-ci ilin fevralından Mehriban xanım Əliyevanın həyatında yeni dövr başladı.

Bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara, daha möhtəşəm nailiyyətlərə imza atan Mehriban xanım Azərbaycan xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti ilə bir daha təsdiq etdi ki, dövlət başçısının ən sadiq silahdaşıdır.

Ölkə əhalisinin ən həssas təbəqəsi olan doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Bu qəbildən olan insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilir, qəsəbələr salınır, yeni iş yerləri yaradılır və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunur. Əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirən Mehriban xanımın Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bir daha təsdiqlədi ki, o, xeyirxah missiyasını uğurla davam etdirir.

Bütün imkan və bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub. Qarşıya qoyulan növbəti prioritet vəzifə isə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsidir.

Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir.

Şəhid analarına göstərdiyi nəvaziş, Aprel döyüşlərində yaralanmış vətənin igid oğlanlarının müalicəsini öz üzərinə götürməsi və kimsəsizlərə sahib çıxması onun hər bir problemə həssas reaksiya verdiyini təsdiqləyən faktlardır. Göründüyü kimi, onun bütün təşəbbüslərinin, gerçəkləşdirdiyi layihələrin mərkəzində insan amili dayanır.

Azərbaycanın bir xoşbəxtliyi də ondadır ki, ölkə Prezidentinin belə ömür-gün yoldaşı, silahdaşı, xalqının xeyirxahı, qayğıkeşi var. Elə bir sahə yoxdur ki, onun diqqətindən kənarda qalsın. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq həqiqətən də müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib.

Həm dövlət başçısının, həm də ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldan, əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanan Mehriban Əliyeva tarixdə iz qoymuş vətənpərvər, maarifpərvər qadınlarımızın nümunəvi fəaliyyətini bu gün yeni keyfiyyətdə, həm də ləyaqətlə davam etdirir. Siyasi karyerası, ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə, ustalıqla gəlir və hər kəs inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcəkdir.

“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər