Rus şairinin Kremlə atdığı “bomba” və... Sumqayıtın yolları

2200

Görkəmli rus şairi Y.Yevtuşenko bugünkü Sumqayıtı və onun yeni, göz oxşayan yollarını görsəydi, yəqin ki SSRİ rəhbərlərinə nifrəti daha da artardı…

“Dövlət, adam ol!”, “Vətəndaşlar, eşidin məni”, “Ana və neytron bombası” və s. kimi şeirləri ilə Sovet sisteminə, onun rəhbərlərinə, dünyanın ədalətsizliyinə, haqsızlıqlarına qarşı çıxan məşhur rus şairi Yevgeni Yevtuşenko ötən əsrin 80-ci illərinin əvvəllərində SSRİ-nin 1 №-li qəzeti olan “Pravda”da (azərbaycanca – “Həqiqət”) dərc etdirdiyi “Doroqi” (“Yollar”) adlı publisistik poeması ilə Kremlə sanki bomba atmışdı. Əsərin törətdiyi “partlayış” Kremli möhkəm titrədib-silkələmiş, əks-sədası bütün ölkəyə yayılmışdı. Bu, gözlənilməz bir “partlayış” idi. Heç zaman ipə-sapa yatmayan, cəsarətli şeirləri ilə milyonlarla oxucunun sevimlisinə çevrilmiş Y.Yevtuşenko Sovetlərin əsas, baş qəzetində SSRİ-nin çox yerlərdə bərbad vəziyyətdə olan, çala-çuxur, yamaqlı-yırtıqlı yollarına təhqiredici müqayisə verərək, onları… əxlaqsız, namussuz qadınlara bənzətmişdi.

Kremli silkələyən, onun liderlərini dəhşətə gətirən isə həm də poemanın hansısa bir əyalət qəzetində deyil, “Lenin partiyası”nın əsas tribunası olan “Pravda”da dərc edilməsi idi. Kreml “bossları”nda daha çox hiddət doğuran o idi ki, az-az hallarda, həm də yalnız Kommunist partiyasını, Sovet “qardaşlığını” tərənnüm edən, SSRİ-nin böyük Qələbəsi, hansısa bayramlarla bağlı kişik, qısa şeirlər verən “Pravda” birdən-birə “nə əsaslasa” özünün bütöv bir səhifəsini sosialist sisteminə meydan oxuyan “Doroqi” poemasına ayırmışdı. Repressiya illəri olsaydı, şübhəsiz ki, həm qəzetin baş redaktoru, həm də poemanın müəllifi “əlli-ayaqlı” gedəcəkdilər – ya güllələnməli olacaq, ya da ömürlük Sibirə sürgün ediləcəkdilər…

Yolverilməz “ÇP” ilə bağlı Kremldə təcili olaraq keçirilən “Politbüro” yığıncağında Andrey Qromıko kimi kişi (o, uzun illər SSRİ-nin Xarici işlər naziri olmuşdu, böyük beynəlxalq nüfuza malik idi) və daha bir-iki obyektiv, sözünü cəsarətlə deyə bilən dəyanətli Büro üzvü olmasaydı (elələri də istisna deyildi), onların hər ikisinin aqibəti çox acınacaqlı olacaqdı. Onsuz da Y.Yevtuşenkonun bioqrafiyasında “qara ləkələr” az deyildi. O, hələ 15 yaşında ikən dəcəlliyinə görə məktəbdən qovulmuş, M.Qorki adına Dünya Ədəbiyyatı İnstistutunda “özünü yaxşı aparmadığına” görə həmin nüfuzlu ali məktəbdən xaric edilmişdi. Sonrakı illərdə özünün kəskin, mübariz şeirləri, “sistem”lə barışmaz mövqeyi ilə dissident həyatı yaşayırdı (təsadüfi deyil ki, 1991-ci ildə SSRİ dağılan kimi Rusiyaya “əlvida” deyərək, həmişəlik olaraq Amerikaya, Oklaxoma ştatına köçmüşdü), lakin xalq onu çox sevdiyindən hakimiyyət ona dəyib-toxuna bilmirdi. Bu, həmin Y.Yevtuşenko idi ki, onun 70-dən artıq kitabı çıxmış, şeirlərinə 80-ə qədər mahnı yazılmışdı.

…”Politbüro”da onun nüfuzlu, sözükeçən üzvü A.Qromıkonun fikirləri ilə razılaşmalı olmuşdular. O, cəsarətlə bildirmişdi ki, poemadakı fikirlər nə qədər kəskin olsa da, acı həqiqət budur: SSRİ-də nəinki ucqar vilayətlərdə, kənd və qəsəbələrdə, hətta böyük şəhərlərdə belə yollar çox bərbad vəziyyətdədir. Yəni, tənqidə görə cəzalandırmaq yox, tədbir görmək, ölkənin yollarını qaydaya salmaq lazımdır. Axı, nəinki A.Qromıkoya, həm də SSRİ-nin bütün “başbilənlərinə” yaxşı məlum idi ki, paytaxt Moskvadan fərqli olaraq İttifaqın digər şəhərlərində, əksər regionlarda yollar yararsız olduğundan çoxlu avtomobil qəzaları baş verir, il ərzində 25 mindən çox adam yollarda həlak olurdu. Bu, danılmaz, acı bir fakt idi. Hətta bununla bağlı yerlərdən SSRİ rəhbərliyinə minlərlə şikayət məktubları daxil olurdu. Ölkə yollarının acınacaqlı vəziyyəti hamıya məlum idi. Və Y.Yevtuşenkonun həyəcanlı haray qopartması, bu problemə diqqət yönəltməsi təsadüfi deyildi, şairin mövzu qıtlığından irəli gəlmirdi. Bu, onun şair-vətəndaş qəlbinin etirazı, “vulkan püskürtüsü” idi.

Yəni şair də, Baş redaktor da əslində tam haqlı idilər. Lakin bununla belə “dərs” olması üçün qəzetin Baş redaktoru, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik Viktor Afanasyevə partiya töhməti verilmiş, Y.Yevtuşenkoya isə SSRİ Yazıçılar İttifaqı tərəfindən “ciddi xəbərdarlıq” edilmişdi.

Lakin bu, düzlük, həqiqət tərəfdarı, son dərəcə prinsipial olan redaktora “dərs” olmamışdı. Bir-neçə ildən sonra – 1989-cu ildə o, yenidən “səhvə” yol vermişdi – italyan qəzetlərindən birinin “B.Yeltsin alkoqolizmi” barədə verdiyi tənqidi məqaləni “Pravda”da dərc etdirmişdi. Yeltsin eyforiyası dövrü olduğundan ona inanan pərəstişkarlarının orda-burda redaksiyaya qarşı kütləvi etirazları başlamışdı. Vəziyyəti belə görən V.Afanasyev özü istefa verməli olmuş, 21 il çalışdığı “Pravda”dan birdəfəlik ayrılmışdı. Məsələ onda idi ki, o zaman rus xalqı İtaliya mətbuatının yazdığının real fakt – Yeltsinin həqiqətən “alkaş” olduğunu bilmirdi…

SSRİ Dövlət mükafatı laureatı olan, L.Brejnev, K.Çernenko, Y.Andropov və M.Qorbaçovla işləmiş V.Afanasyev sonralar Sovet mətbuatı və SSRİ rəhbərləri, “yuxarılardakı” müşahidələri ilə bağlı “Dördüncü hakimiyyət və dörd Baş katib” adlı çox maraqlı bir kitab yazmışdı.

Bu faktı misal gətirməklə qeyd etməyi lazım bildim ki, hətta Y.Yevtuşenko kimi məşhur bir şair də heç bir “poetikası olmayan” yollara poetik nəzər yetirərək, onların hər bir ölkə üçün nə dərəcədə əhəmiyyətli, vacib olduğunu diqqətə çatdırmağa çalışmışdı.

Zakir Fərəcov “ənənəni” niyə pozdu?

…Və ya 40 ildən sonra Sumqayıtın yolları…

Y.Yevtuşenko SSRİ-də bu cür yollar görmək istəyirmiş…

Deyirlər ki, abad kənd tüstüsündən bilinər. Yəni ki, daha çox bacasından tüstü qalxırsa, deməli, kəndin camaatının güzəranı yaxşıdır, ruzusu var ki, evlərdə ocaq yanır, qazan asılır. Abad şəhər isə yollarından bilinər. Yolu bərbad olan şəhərin özü necə ola bilər ki?.. Təkrar etməyə nə lüzum ki, yol da mədəniyyət göstəricisidir, abadlıqdır, təkcə gediş-gəliş rahatlığı yox, həm də könül rahatlığıdır (könül oxşayan olanda).
…Üç il əvvəl Sumqayıta yeni İcra başçısı təyin olunandan bir qədər sonra binaların, şəhərdaxili yolların və məhəllələrin təmirinin ucqar 17-ci mikrorayondan başlanması bəziləri üçün anlaşılmaz olmuşdu – niyə məhz həmin mikrorayondan? Axı, əvvəllər şəhərə yeni təyin olunan rəhbərlər təmir-bərpa işlərini adətən öz “rezidensiyalarına” yaxın ərazilərdən, mərkəzdən başlayırdılar (əgər başlayırdılarsa…). Ucqar mikrorayonlara isə çox vaxt “əl çatmırdı”. Ancaq bu dəfə şəhərin yeni rəhbəri Zakir Fərəcov “ənənəni pozmuşdu“. Çünki o, Sumqayıtın yetirməsi kimi şəhərin mikrorayonlarındakı real, xoşagəlməz vəziyyəti çox yaxşı bilirdi. Ona görə də o, özünün abadlaşdırma proqramı üzrə işləri çox düzgün olaraq ucqar ərazilərdən başlamağı lazım bilmişdi. Belə ki, binalar, həyətlər, istilik sistemləri, yollar da daxil olmaqla bütün təmir-bərpa işləri ilkin olaraq mərkəzdə yox, mikrorayonlarda, cənubdan şimala doğru aparılmalıydı. Və məhəllə-məhəllə, ev-ev aparılan təmir-bərpa işləri getdikcə böyük vüsət aldı…

Bir müddət sonra şəhərin cənub ərazilərinə yolu düşən “şimallı” sakinlər mikrorayonlardakı bina və həyətlərin yüksək keyfiyyətli təmirini, geniş asfaltlanma işlərini görəndə, düzü, bəlkə də fikirləşirdilər ki, bu cür fundamental təmir işləri bütün şəhər miqyasında aparıla bilməz, “sadəcə” buna şəhərin gücü çatmaz, potensialı kifayət etməz. Ancaq az bir vaxtdan sonra hamı “şimala doğru” hərəkatının reallığına inanmalı oldu. Şəhərin İcra başçısının şəhərdə apardığı geniş miqyaslı işləri yüksək dəyərləndirərək, onu dəstəkləyən ölkə prezidentinin Sumqayıta və onun əmək adamlarına diqqət və qayğısının təzahürü olaraq şəhərin tərəqqisi üçün kifayət qədər maliyyə vəsaiti ayıraraq, onun inkişafına geniş imkanlar yaratması şəhərin abadlaşması sahəsində yeni, böyük uğurların möhkəm təməlini qoydu. Qısa bir müddətdə öz gözəlliyi, unikallığı ilə hamını heyran qoyan Dənizkənarı bulvarın, yeni Şahmat və Musiqi məktəblərinin, Heydər Əliyev Mərkəzinin və s.-in istifadəyə verilməsi şəhər əhalisinin sabaha olan inamını, nikbinliyini daha da artırdı, doğma şəhərin yeniləşməsinə, daha da gözəl, müasir olmasına görə qürur hissini, ona olan sevgini daha da gücləndirdi.

Bütün şəhər sakinlərinin ən çox, gündəlik istifadə etdikləri nəqliyyat və şəhərdaxili yollara diqqətin daha da artırılması isə xüsusi rəğbət və razılıq doğurdu. Şəhərin əsas giriş yolunun, Sumqayıtdan Coratı keçməklə Novxanıya gedən ensiz, narahat yolun genişləndirilərək, yenidən qurulması təkcə sumqayıtlıların deyil, şəhərin qonaqlarının da rahat gediş-gəlişinə imkan yaratdı. Sumqayıtın avtobus parkının son üç ildə ən yeni, müasir və rahat avtobuslarla kifayət qədər genişləndirilməsi də şəhər sakinlərinin ürəyincə olmuşdur. Şəhər və məhəllədaxili yolların yüksək keyfiyyətlə təmirinin bu gün də davam etdirilməsi tezliklə Sumqayıtın Avropa standartlı bir şəhərə çevriləcəyinə tam inam yaradır.

Və mən yaxşı, rahat yolların adamda sevinc qarışıq necə xoş əhval doğurduğunu bir müddət əvvəl bütün aydınlığı ilə duydum. Belə ki yolların cənub hissədən başlanan “təmir epopeyası” mənim də yaşadığım şimal əraziyə – 1-ci məhəlləyə çatanda dərindən nəfəs alıb, “şükr!” dedim, sevindim. Axı, şair Y.Yevtuşenkonun bəyənmədiyi sovet dövründən miras qalmış bizim küçənin də unudulmuş əyri-üyrü, çala-çuxur, sınıq-salxaq yolları 40 ildən sonra ilk dəfə idi ki təmir edilirdi. Həm də bu, “cənub-şimal” yol proqramının yekun mərhələsi kimi xüsusilə sevindirici idi. Odur ki, bizim üçün təzə, müasir və həqiqətən davamlı olan asfalt yol çəkən işçiləri hər gün hörmətlə salamlayır, onlara işlərində uğurlar arzulayırdım.

Çox yaxşı ki, indi məhəlləmizin dörd bir tərəfindəki yollar şəhərimizin digər məhəllə və mikrorayonlarındakı yollar kimi geniş, düz və hamar, el arasında dedyildiyi tək “şüşə kimidir”. Həm də əvvəllər dağıldığına görə ayaq qoymaq üçün salamat yer axtardığımız köhnə səkilərdən də indi əsər-əlamət qalmayıb. Rahat yollarla gedib-gəlmək nə xoş olurmuş!.. Allah yollarımızı sahmana salanların yollarını daim açıq və uğurlu etsin.

O da xoşdur ki, yolların bərpası və yenidən inşası bütün yol infrastrukturu nəzərə alınmaqla aparılıb. İndi yollarımızla yanaşı yenilənmiş səkilərimizə də hər yerdə zövqlə işlənmiş işıq dirəklərindən nur saçılır. Müasir dizaynla qurulmuş dayanacaqlar sərnişinlərin yağışdan-qardan, sərt Abşeron küləyindən qorunmasına, işıqlı yerüstü piyada keçidləri isə onların təhlükəsizliyə xidmət edir.

…Heç şübhə yoxdur ki, hələ sovet vaxtlarından pis və yaxşı yolların nə demək olduğunu bəlkə də hamıdan yaxşı bilən körkəmli şair Yevgeni Yevtuşenkonun yolu Sumqayıta düşsəydi, şəhərimizin az qala işıq kimi parıldayan yolları onun diqqətindən qaçmazdı, üzü sevincdən işıqlanar və deyərdi: “Hə, bax, bu başqa məsələ!”.

 Rəhman ORXAN
P.S.  Təbii ki, şəhərimizdə hələ hardasa öz təmirini, yenilənməsini gözləyən yollar, həyətlər də var. Ancaq narahat olmağa dəyməz. Hər şey şəhər rəhbərliyinin nəzarətindədir. Çox keçməz ki o yerlər də qəlb oxşayar, fərəh doğurar! Onda bütün sumqayıtlılar  “Canlanır hər qarış çöl Sumqayıtda…” mahnısını yenidən, həm də xorla, daha böyük iftixar hissi ilə oxuyacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər