Oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan SDU-nun rektoru, professor Elxan Hüseynov universitetin müəllim heyətini əlamətdar gün münasibətilə təbrik etdi və kollektivə möhkəm cansağlığı, müqəddəs, şərəfli peşələrində uğurlar arzuladı. Sumqayıt Dövlət Universitetinin təhsildə qazandığı uğurların məhz universitetdə çalışan müəllimlərin sayəsində ərsəyə gəldiyini bildirən rektor qeyd etdi ki, müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki, məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, yüksək mənəvi-əxlaqi dəyərlərə malik insanlar yetişir. Məhz belə insanlar cəmiyyəti inkişaf etdirir, onu irəli aparır. Bu gün həyatımızın bütün sahələrində sürətlə inkişaf edən müstəqil ölkəmizin daha da güclənməsində mühüm rol oynayan, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır.
Professor Elxan Hüseynov Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etdi. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürü olduğunu vurğuladı.Təhsil uğurlarında müəllimlərin əhəmiyyətli rolunu önə çəkən rektor onların çətin əməyinin hər cür alqışa və mükafata layiq olduğunu diqqətə çatdırdı.
Sonra universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə fərqlənən bir qrup müəllim universitet rəhbərliyi tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif olundular.