Sumqayıt, 24 noyabr (AzərTAc). Sumqayıtın yaşıl libası günbəgün yenilənir, ərazisi genişlənir. Ölkəmizin başçısı İlham Əliyevin elan etdiyi Ekologiya ilində şəhərin yaşıllaşdırılması prioritet məsələ olmuşdur. Sumqayıtın kompleks yaşıllaşdırılması proqramının əsasını təşkil edən tədbirləri əlaqələndirmək və səmərəli həyata keçirmək üçün şəhər icra hakimiyyətində işçi qrup yaradılmışdır. Bu məqsədlə keçirilən müşavirədə yaşıllaşdırma, yaşıl təsərrüfatın pasportlaşdırılması ilə bağlı aktual məsələlər, landşaft layihələri müzakirə edilmişdir. Mövsüm xarakterli tədbirləri həyata keçirmək üçün konkret tapşırıqlar verilmişdir. Plana uyğun olaraq, ilin sonunadək 26 mindən çox ting, 4 minədək kol əkmək, yeni yaşıllıqları sulamaq üçün əlavə 1500 metr su kəməri çəkmək nəzərdə tutulmuşdur. Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev AzərTAc-ın müxbirinə demişdir: “Şəhərimizin bir sakininə orta hesabla 26 kvadratmetr yaşıllıq düşür. Bu rəqəmin respublika üzrə ən yaxşı göstərici olmasına baxmayaraq, statistikanı daha da yaxşılaşdırmaq niyyətindəyik. Proqram, həmçinin landşaft arxitekturasını və şəhərin ekoloji durumunu yaxşılaşdırmağa yönəlmiş orijinal və maraqlı layihələr həyata keçirməyi nəzərdə tutur”. Şəhəri abadlaşdırmağın ən səmərəli atributlarından biri yaşıllıqlardır. Respublikanın ikinci iri sənaye mərkəzi olan Sumqayıt üçün yaşıllaşdırmanın əhəmiyyəti çox böyükdür. Vaqif Əliyevin doğru qeyd etdiyi kimi, şəhərin temperatur rejiminin əsas tənzimləyicisi olan yaşıllıqlar havanın tərkibinə və təmizliyinə müsbət təsir göstərir, landşaftı cəlbedici edir, insanların əhvalına, onların psixologiyasına pozitiv təsir göstərir. Son yeddi ildə Sumqayıtda 15 park salınmışdır. Nəsimi adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının yenidən qurulması işləri sürətlə davam etdirilir. Sumqayıtda güllüklərin, ağacların və qazonların salınmasından tutmuş ağaclara xidmətin təşkilinədək yaşıllaşdırma tədbirlərinin əhatəsi genişdir. Şəhər üçün mühüm əhəmiyyət daşıyan bu məsələnin həllində ARDNŞ-in “Azərkimya” İstehsalat Birliyinin kollektivi yaxından iştirak edir. Kimyaçıların səyləri ilə Bakı–Quba yolunun 28 kilometr sahəsində yaşıl zolaq salınmış, 22 mindən çox ting
və kol əkilmişdir. Hər həftə burada aqrotexniki işlər görülür.
Sumqayıtda kompleks yaşıllaşdırma proqramı həyata keçirilir
•
969
Sumqayıt son 3-4il ərzidə inaılmaz dərəcədə inkişafa nail olub.Doğrudur Sumqayıtın inkişafı həmişə sistematikliyi ilə seçilir.Amma bu son ildə şəhərimiz özünün təmizliyi,yaşıllığı və yeni iş yerlərinin açılması ilə seçilir.Şəhərimizin qoaqları da bu haqda mənimlə eyni fikiri bölüşürlər.Bu səbəbdən Sumqayıt İcra Hakimiyyətinə və bütün əməyi olanlara təşəkkür edirəm.Biz gənclər də həmçinin geri qalmayaraq əlimizdə gələni etməyə çalışırıq,axı bu bizim şəhərimizdir.