Bu gün Sumqayıtda Şəhər Bələdiyyələrinin Milli Assosiasiya üzvlərinin ümumi yığıncağı keçirilib.
Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov tədbirdə bələdiyyələrin inkişafındakı mövcud vəziyyəti qiymətləndirib. O deyib ki, özünüidarəetmə orqanlarının maliyyə-iqtisadi vəziyyətinin zəifliyi, vətəndaşların sosial sifarişlərindən irəli gələn iri layihələri reallaşdıra bilməməsi, bələdiyyələrdə kadr potensialından düzgün istifadə olunmaması problemləri hələ də qalır və bu istiqamətlər üzrə tədbirlər davam etdirilməlidir. E.Eyvazov belə tədbirlərin aidiyyəti dövlət orqanlarının daim diqqət mərkəzində olduğunu qeyd edib.
O, fiziki şəxslərin torpaq vergisindən bələdiyyə büdcələrinə daxil olan vəsaitin ötən illə müqayisədə 8,1%, mədən vergisi üzrə isə bələdiyyə büdcələrinə daxil olan vəsaitin 26,1 %, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergiləri üzrə bələdiyyə büdcələrinə daxil olan vəsaitin isə 20,0% artdığını qeyd edib. E.Eyvazov bu nəticənin də 3 bələdiyyənin – Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin, Zaqatala rayonunun Əliabad bələdiyyəsinin və Samux rayonunun Sərkər bələdiyyəsinin payına düşdüyünü vurğulayıb.
O, işin təşkilində Bakıxanov bələdiyyəsini nümunə göstərərək, Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan 2 müxtəlif profilli Məhdud Məsuliyyətli Cəmiyyətin – “Bakıxanov bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti, Xidmət” MMC və bu günlərdə fəaliyyətə başlayan “Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC-nin qəsəbə sakinlərinə xidmət göstərdiyini bildirib.
2018-ci ildə Bakıxanov bələdiyyəsi sosial-iqtisadi yönümlü daha bir layihəni həyata keçirməyi planlaşdırır. Qəsəbə sakinlərini daha ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə bələdiyyə müəssisəsi Abşeron rayonunun Məmmədli bələdiyyəsinin ərazisində 3 ha torpaq sahəsini uzunmüddətli icarəyə götürüb. Həmin torpaq sahəsində əhalinin daha çox tələbatı olan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və satışını təşkil etmək məqsədilə yeni müəssisənin yaradılmasına başlayıb.
“Bu nümunə kifayət edir ki, bələdiyyə sədrləri ciddi düşünsünlər və bu istiqamətdə əməli fəaliyyətə başlasınlar”, – deyə E. Eyvazov vurğulayıb.