Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 mənzil Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a verilən məlumata görə, mənzillərdən 9 ədədi şəhid ailələrinin, 6 ədədi isə Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin sosial müdafiə sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması, habelə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına imkan verdiyini bildirib. Nazir müavini eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası sahəsində görülən işləri diqqətə çatdırıb.
Hazırda Qarabağ müharibəsi əlilləri əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər. Şəhid ailələrinə də Prezidentin aylıq təqaüdü, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinət, həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin uşaqlarına aylıq sosial müavinət ödənilir. Cari ilin ötən dövründə Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncamlarla qeyd edilən sosial ödənişlərin – pensiya və sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin də növbəti dəfə artırılması təmin edilib. Bu tədbir, eləcə də hazırda daha bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillərin təqdim olunması həmin kateqoriyalardan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yüksək diqqət və qayğının cari ildə də uğurla davam etdirildiyini göstərir.
Sonda yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan işlərdən razılıq hisslərini ifadə ediblər.